Spiker Sabir Rüstəmxanlıya irad tutdu

“Sabir bəy çıxışınızın əvvəlində tərifləyirsən, sonra tənqidə keçirsən. Bilirəm niyə belə edirsən”

Dünən parlamentdə gələn ilin dövlət büdcəsi ilə bağlı layihə ətrafında müzakirələr davam etdirilib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, ölkənin iqtisadiyyatının inkişafı var. Bu sahədə böyük işlərin görüldüyünü söyləyən deputatın qənaətincə, kənd təsərrüfatına qayğı artırılmalıdır.

"Çünki kənd təsərrüfatı Azərbaycanın əbədi və əzəli gəlir qaynağıdır. Bizdə sahibkarlar əvəzinə sahiblənmək var. Kimlərsə hansı sahəyə "əl” qoyublar deyə, ora başqasının yol tapması qeyri-mümkün olub. Ona görə ki, bizdə rəqabət yoxdur, rəqiblərin yolu bazara gəlməmiş bağlanır. Bazar iqtisadiyyatı yox, "bazarkom iqtisadiyyatı” var”.

S.Rüstəmxanlı deyib ki, Azərbaycanda siyasi dözümsüzlük yox, iqtisadi dözümlülük var. Azərbaycandan gedənlər iş yerləri tapa bilmir. Hər sahənin öz inhisarı, öz ağası var və ora girmək mümkün deyil. İqtisadiyyat meyvə ağacıdır, o hər zaman bar verir və buna imkan yaradılmalıdır. Demək olar ki, orta sahibkarlığın inkişafına şərait yoxdur. Burada iş qura bilməyənlər, iş tapmayanlar gedirlər xaricə, orada danışırlar ki, Azərbaycanda şərait yoxdur. Biz bunun qarşısını almalıyıq. Əsasən də monopoliya aradan götürülməlidir”.

Spiker Oqtay Əsədov reqlamentdən artıq danışdığı üçün S.Rüstəmxanlının mikrafonunu söndürüb. Bununla parlament sədri millət vəkilinə iradlarını da bildirib: "Sabir bəy, çıxışınızın əvvəlində görülən işləri tərifləyirsən, sonra tənqidə keçirsən. Çıxışın ziddiyyətlidir. Bilirəm niyə belə edirsən”.

S.Rüstəmxanlı isə O.Əsədovun iradlarına cavab verib: "Özünüz də gözəl bilirsiniz ki, mən nədən danışıram. Hər hansı adam kiçik müəssisəni qeydiyyata almaq üçün özü boyda kağız təqdim etməlidir. Onlar vergidən kənarda işlər görə bilmirlər. Bu sahədə normal şərait yaradılmalıdır. Xarici tələbələrin Azərbaycanda oxuması üçün fond yaradılmalıdır. 1 milyon manat lazımdır ki, 500 tələbə burada oxusun. Bunu Maliyyə Nazirliyi nəzərə alsa, yaxşı olar”.

Xocalı faciəsində hər iki valideynini itirmiş 25 nəfər gəncin məsələsi yenidən qaldırıldı

Deputat Fuad Muradov Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlara köməklik olunmasını təklif edib: "Ötən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideynlərini itirən 25 nəfərin məsələsinə baxılsın. Bu çox böyük məsələ deyil. Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün cənab prezidentin sərəncamı ilə yeni binalar, məktəblər tikilir. Bu 25 nəfərə xüsusi yanaşma olsa, həm də bu bir az fərqlənər”. Millət vəkili təhsillə bağlı həyata keçirilən islahatların dəstək qazandığını söyləyib: "Biz buna öz töhfəmizi verməliyik. Söhbət təkcə məktəblərdən, məktəbəqədər müəssisələrdən deyil, ali təhsil müəssisələrindən də gedir. Düşünürəm ki, bu istiqamətdə islahatlar vacibdir. Universitetlərin özəlləşdirilməsi məsələsi də aktuallaşıb. Əgər universitetlər daha çox müstəqillik istəyirsə, onlar müstəqil maliyyə siyasəti həyata keçirməlidirlər. Bununla bağlı dövlət öz addımlarını ata bilər. Həmçinin ali məktəblərin yataqxanalar problemi mövcuddur. Xahiş edirəm ki, buna xüsusi diqqət ayrılsın. Hətta bizim regionlarda olan ali məktəblərin yataqxanası olmadığı üçün bir çox gənclər çalışırlar ki, Bakıya gəlib burada oxusunlar. Burada da eyni problemlə üzləşirlər”.

Deputatdan həyəcan təbili: "Tarixi abidələr yaxın

vaxtlarda məhv olacaq”

Millət vəkili Eldar Quliyev təmsil etdiyi bölgədəki tarixi mədəniyyət abidələrinin dağılmasından narahatlıq keçirdiyini vurğulayıb: "Mənim seçildiyim rayonu əhatə edən Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illər böyük sosial obyektlərin tikilməsi, təmir, asfalt yolların çəkilməsi üçün böyük işlər görülüb, yeni qəsəbələr salınıb. Mən buna görə maliyyə, mədəniyyət və turizm, səhiyyə, nəqliyyat və təhsil nazirliklərinə öz təşəkkürümü bildirirəm. Bu qəsəbələrdə tarixi abidələr mövcuddur. Amma bunlarda təmir və bərpa işləri aparılmadığı üçün onlar yaxın vaxtlarda məhv olacaq. Qəsəbələrdə mədəniyyət evləri uzun müddətdir ki, bağlıdır, istifadəsi mümkünsüzdür. Bunların bir çoxu üçün maliyyə ayrılsa da, hələ də təmir olunmayıb. Ona görə də Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm ki, bu mədəniyyət evlərinin təmiri məsələsini də gündəliyə salsınlar”. Deputat həmçinin bildirib ki, 7 saylı xəstəxananın təmirinə sevinib: "Səhiyyə naziri Oqtay Şirəliyevlə söhbət zamanı 7 nömrəli xəstəxananın təmiri xəbərini aldım. Bu bizi çox sevindirdi. Mən nazirə təşəkkürümü bildirirəm. Başqa bir məsələ isə odur ki, soyuqların düşməsi ilə qəsəbələrdə təbii qazın təzyiqi aşağı düşüb. Xahiş edirəm ki, hökumət nümayəndələri müvafiq qurumlara qazın təzyiqinin artırılması ilə bağlı müəyyən göstərişlər versin”.

"Jek”lərin arayış verməkdən başqa işi yoxdur”

Xanım deputat Sədaqət Vəliyeva büdcənin bütövlükdə qənaətbəxş olduğunu söyləyib. O həmçinin Azərbaycan səhiyyəsinin tənqidi ilə razılaşmadığını söyləyib: "Bəzən elə fikirlər səsləndirilir ki, sanki səhiyyəmiz ən aşağı səviyyədədir. Amma bu belə deyil. Bütün xəstəxanalar demək olar ki, müasir avadanlıqlarla təchiz olunublar”.

Daha bir xanım millət vəkili Kamilə Əliyeva "jek”lər məsələsinə toxunub. O bildirib ki, bu gün mənzil-istismar sahələrinin (MİS) arayış verməkdən başqa işi yoxdur: "Halbuki büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə, mənzil-istismar idarələri bələdiyyələrə verilməli və o pul bələdiyyələrə ayrılmalıdır”.

"Uşaq bağçalarının sayı artırılmalıdır”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə müxtəlif bölgələrdə və paytaxtda uşaq bağçalarının az olduğunu deyib. Deputatın qənaətincə, Təhsil Nazirliyi məsələ ilə bağlı ayrıca dövlət proqramı hazırlamalıdır: "Mən yerlərdən çoxlu sayda müraciətlər alıram. Ona görə yaxşı olardı ki, bununla bağlı müəyyən dövlət proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, mənzil-kommunal təsərrüfatlarının problemlərinin həlli ilə bağlı addımların atılmasına böyük ehtiyac var”. Bununla yanaşı, A.Mirzəzadə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafına ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 150 milyon manat vəsait verilib: "Bu çox gözəl addımdır. Amma çox təəssüf ki, bu vəsaitlərdən bütün sahibkarlar istifadə edə bilmir. Çünki bu vəsait çox azdır. Xahiş edərdim ki, bu vəsait artırılsın və digər sahibkarlar da bu vəsaitdən istifadə edə bilsinlər”.

"İnşaat şirkətləri sosial ayırmalardan qaçmaq məqsədi ilə işçilərinin real sayını və əməkhaqqını gizlədir”

"Ədalət” Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib ki, qeyri-neft sektoru, lokomotiv tikinti, yerli vergilər xətti ilə toplanacağı nəzərdə tutulan 2 milyard 139 milyon manat vəsaitin 70 faizi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuna yatırılan puldan götürülür: "Belə çıxır ki, dövlət pulu bir cibindən digər cibinə qoyur. Bu, heç bir halda iqtisadi proses sayıla bilməz. Eyni ilə büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin layihədə birdən-birə 85 faiz artması da əslində elə dövlətin pulunun bir cibdən digərinə qoyulması deməkdir. Ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla dövlət obyekti tikilib istifadəyə verilir. Araşdırmalar göstərir ki, təkcə özəl şirkətlər hesabına Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Bəs reallıqda bu rəqəm necə olmalıdır? Azərbaycan kimi neft ölkəsi sayılan Rusiya və Qazaxıstanda il ərzində adambaşına 4,9 və 1,3 kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Ölkəmizdə isə heç 0,2 kvadrat metr yaşayış sahəsi istifadəyə verilmir. Deməli, ən azı göstərilən rəqəmlə bu qədər mənzil sahəsinin tikintisi vergi və statistikadan gizlədilir. İ.İsmayılov qeyd edib ki, tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdən biridir: "İnşaat şirkətləri sosial ayırmalardan qaçmaq məqsədi ilə işçilərinin real sayını və əməkhaqqını gizlədir. Bu həm işçilərin hüquqlarının pozulması, həm də vergi baxımından böyük itkidir. Ölkədə əksər tikinti şirkətlərinin himayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil, həm də dövlətin vergi siyasətinə ziddir. Bəs niyə dövlət bu sahədə, yəni "kölgə iqtisadiyyatı”nda qayda-qanun yaratmır. Onlardan yığa bilmədiyi vergi yükünü isə gəlir şəklində əhalinin çiyninə yükləyir. Hesab edirəm ki, "kölgə iqtisadiyyatı”nın üzə çıxarılması yolu ilə vergi yığımını xeyli artırmaq olar”.

Dövlət strukturlarında ciddi islahatların aparılmasının vacibliyini qeyd edən deputat bildirib ki, dövlət idarəetmə strukturlarını yenidən nəzərdən keçirərək, bir çox respublika və rayon səviyyəli qurumları ləğv etməli və yaxud birləşdirməlidir.

Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, hazırda müzakirə olunan büdcədir, amma deputat həmkarları problemlərdən danışırlar: "Əslində burada büdcədən danışmalıyıq”. Müəllimlərin əməkhaqları məsələsinə toxunan deputat deyib ki, 2014-cü ilin büdcəsi həm sosial, həm də iqtisadi yönümlüdür: "Tam əminliklə deyə bilərəm ki, təhsil və elmə ayrılan vəsait həmin sahələrin inkişafı üçün yetərlidir. Sadəcə o vəsait lazımi şəkildə istifadə olunmalıdır. Bu gün təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra müəllimlərin əməkhaqqının artımından danışmaq olar. Amma bu gün bundan danışmaq tezdir. Çünki vəsait yoxdur. "Elm siyasəti haqqında” qanun hazırdır və yaxın günlərdə müzakirəyə çıxarılacaq. Qanunvericilik olmadan elm sahəsində islahatlardan danışmaq nəticə verməyəcək. Orada ciddi dəyişiklik aparmaq üçün qanunvericilik bazası yaradılmalıdır. Bu qanun qəbul edildikdən sonra elm sahəsində ciddi işlər aparılacaq”.

Vitse-spiker deputata etiraz etdi

Bundan sonra iclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2014-cü il üçün büdcə layihəsi müzakirə edilib. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, 1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edən və həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində DSMF-nin gəlirləri artıb: "Bu artım iqtisadiyyatda çalışan işçilərin əmək müqaviləsinin bağlanması hesabına baş verib. Azərbaycanda əlilliyin artması məsələsi də var. Dünya praktikasında ölkə əhalisinin 10 faizinin əlil statusu alması normal hesab olunur. 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artıb”.

DSMF-nin sədr müavini Elman Mehdiyev isə deyib ki, gələn il təmsil etdiyi qurumun gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır.

Müzakirələrə qatılan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ölkədəki maaş sistemindən söz açıb. O deyib ki, dövlət qurumlarının rəhbərlərinin maaşı narahatlıq doğurur: "Prezidentin maaşı 15 min manatdır. Ondan sonra gələn ali dövlət qurumlarının rəhbərləri, heç olmasa, bu məbləğin 3-də 2-sini alsınlar. Hakimiyyət bölgüsündən söhbət gedirsə, əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır”.

Deputatın iradlarına vitse-spiker Ziyafət Əsgərov etiraz edib: "Fazil müəllim, siz dediniz prezidentin maaşı 15 min manatdır. Amma deyim ki, prezidentin maaşı sizin dediyinizdən iki dəfə azdır”.

Müzakirələrdən sonra hökumətə büdcəni yenidən dəyərləndirmək üçün Milli Məclis tərəfindən vaxt verilib. Hökumət millət vəkillərinin təkliflərini incələyəndən sonra parlamentdə gələn ilin büdcə layihəsi səsə qoyulacaq.