Millət vəkilləri özlərinə “gün ağlayır”

Bahar Muradova deputatlar üçün 3 otaqlı ofis, nəqliyyat vasitələri istədi

Milli Məclisin sədr müavini Bahar Muradova deputat həmkarlarının və özünün fəaliyyəti ilə bağlı narahatlıq keçirir. Belə ki, B.Muradovanın qənaətincə, millət vəkillərinin seçildiyi dairədə effektiv fəaliyyət göstərməsi üçün şərait yoxdur. Vitse-spiker bununla bağlı ölkə rəhbərliyinə dünən parlamentin iclasında müraciət də ünvanlayıb.

Xanım millət vəkili deyib ki, Milli Məclisin özünün balansında ofislər olmalıdır: "İcra orqanlarının deputatları xidməti telefonla təmin etməsi lazımdır. Bəziləri deyə bilər ki, millət vəkilləri tutduğu vəzifəyə görə imkanları var. Onlar özləri bunu həll edə bilərlər. Amma bu belə deyil. Təklif edirəm ki, icra hakimiyyəti orqanları vasitəsi ilə razılaşdırılmış mülkiyyət olsun. Hər bir deputat üçün dairələrdə 2-3 otaqlı ofis tikilsin. Hökumətdən bu istiqamətdə bizə kömək edilsin. Qarşıdakı illərdə biz bunu həyata keçirə bilərik. Ən azı 2015-ci il çağırış deputatların regionlarda işləməsi üçün belə şərait yaradıla bilər. Eyni zamanda ofislərdə personalın saxlanması, dəftərxana işləri və s. var. Bütün bunları millət vəkilinə ayrılmış bir müavinət çərçivəsində həll etmək mümkün deyil. Bu müavinətin artırılması söhbət mövzusu deyil. Sadəcə, müavinətin necə xərclənməsinin hesabatlılığını təmin edək. Bu edilmir və bu xərcin necə xərclənməsi bəlli deyil. Kimlərsə bunu nəqliyyat və başqa sahələr üçün istifadə edir. Millət vəkilinin maşını yoxdur. Varsa, o, sürücü tutmalıdır. Bizə xidmət edən sürücülərin sosial hüquqları pozulur. Sosial ödəmələr həyata keçirilmir, bu insanın gələcək pensiya məsələsi, sığortası həyata keçirilmir. Bütün bunlar problemdir. Bu problemi həll etmək lazımdır. Bizim qərargahların şəxsi və ya digər qurumlara aid olması bizim yerlərdə nüfuza da ziyan vurur. Gənclər mərkəzində olan deputat ofisini sabah digər yerə köçürülür. Bütün nömrələr üzrə telefon danışığı ödənilir, deputatın otağının telefonu ödənilmir. Bəzən deputatın köməkçisi əşyaları qoltuğunda küçələrdə gəzir. Bu neçə il ərzində seçicilərin problemi, Azərbaycanla bağlı beynəlxalq miqyasda işlər görürüksə özümüzün problemimizi həll edə bilmərik?”. B.Muradova bildirib ki, deputatların köməkçiləri sadəcə maaş alırlar: "Onların da nəqliyyat problemi var. Bəzən köməkçimizin kəndlə Bakı arasında xərclərini özü edir və ya bizim köməkliyimizlə edir. Bunun isə heç bir hüquqi əsası yoxdur. Ölkə rəhbərliyinə, Maliyyə Nazirliyinə müraciəti ünvanlayaraq qarşıdakı illərdə problemi həll etməyi xahiş edirəm”.

Millət vəkili Elmira Axundova B.Muradovanın deputatların köməkçilərinin maaşları barədə dediklərini təsdiqləyib: "Biz hər zaman həkim və müəllimlərin maaşından danışırıq. Amma Milli Məclisin əməkdaşlarının əmək haqqından danışmırıq, bundan utanırıq. Eləcə də bu dediklərim deputat köməkçilərinə də aiddir. Onları işə götürərkən diqqətlə araşdırırıq və işə götürürük. Çoxu universiteti əla bitirmiş, bir neçə xarici dil bilən, hətta professor elmi dərəcəsi olan şəxsdir. Bahar xanımın dediklərinə qoşularaq və irəli gedərək deyirəm ki, deputat köməkçilərinə xüsusi status verilməlidir. Biz onlara 550 manat maaş veririk. Dövlət də hər bir köməkçiyə 30-40 min manat pul xərcləyir. Onları əla kadr kimi yetişdirir, xarici ölkələrə göndərir. Amma deputat gələn seçkidə seçilməyəndə bu köməkçilər işsiz qalırlar. Heç olmasa, onları parlamentə işə götürsünlər. Mən təklif edirəm ki, həmin bu 5 ildə onlara dövlət qulluqçusu statusu verilsin. Xahiş edirəm ki, deputat köməkçilərinin və Milli Məclis əməkdaşlarının maaşına heç olmasa gələn il baxaq”. Millət vəkil Fazil Mustafa da vitse-spikerin dediklərini alqışlayıb. O qeyd edib ki, yerlərdə deputat ofislərinin olmaması problemlər yaradır: "Bir çox hallarda biz seçicilərimizi Milli Məclisin qəbul otağına çağırırıq. Bu isə uzun yol qət edilməsi deməkdir”. Deputat həmçinin sürücülər məsələsinə də toxunub: "İndii mən özüm avtomobilimi idarə edirəm. Amma həmkarlarımın sürücüləri var. Onlara heç pensiya da yazılmır. Maraqlıdır, onların gələcəyi necə olacaq? Düşünürəm ki, sürücülərin də hüquqlarını müdafiə etməliyik”.