Dünən ölkə üzrə Aşura mərasimləri keçirilib, Kərbəla şəhidlərinin xatirəsi yad edilir, təziyələr saxlanılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ölkə müsəlmanları İmam Hüseyn (ə) təziyə saxlamaqla yanaşı, ehtiyacı olanlar üçün təşkil edilmiş qanvermə aksiyalarında da fəal iştirak ediblər. Qanvermə aksiyaları Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunub.
Həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində də qanvermə aksiyaları keçirilib.
Dünən QMİ sədri, Şeyxülislam hacı Allahşükür Paşazadə də "Təzəpir” məscidində qan verib. QMİ sədri jurnalistlərə bildirib ki, Sovet dövründə çətinliklər olsa da, İmam Hüseyn eşqini bu günə qədər gətirib çıxara bilmişik. Müstəqillikdən sonrakı dövrlərdə isə Aşura günlərində İmam Hüseyn təziyələri daha fəal, daha qanunauyğun şəkildə keçirilir: "Bütün müsəlmanlara başsağlığı verirəm. Allah bizim şəhidlərimizə Kərbəla şəhidlərimizlə birgə rəhmət eləsin. Allah bizə Qarabağ torpaqlarının tezliklə azad olunmasını nəsib eləsin”.
QMİ sədri vurğulayıb ki, Aşura günü zəncirin vurulması islama uyğun deyil, insan özünə əziyyət verməməlidir:
- Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya, İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər”.
Qeyd edək ki, artıq neçə ildir ki, QMİ Aşura mərasimlərinin dinimizin ehkamlarına və İmam Hüseynin şəhidlik məktəbinin ucalığına uyğun keçirilməsini təbliğ edir, zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq əvəzinə ehtiyacı olan xəstələrə qanvermə aksiyasında iştirak etməklə savab qazanmağa dəvət edir.