“Xruşşovka”lar sökülməyəcək

Ancaq qəzalı binalar sökülüb, sakinlər razı salınmalıdır



Bakıda panel beşmərtəbəli binaların ("xruşşovka”lar) gələcəyi məsələsi öz həllini tapmalıdır. Bu barədə deputat Elmira Axundova Milli Məclisdə 2014-cü il büdcə zərfinin müzakirəsi zamanı bildirib. Millət vəkili deyib ki, "xruşşovkalar” köhnəlib: "Moskvada və ümumilikdə Rusiyada belə yaşayış binalarının sökülməsi ilə bağlı qərar qəbul edilib. Düzdür, məsələ xeyli vəsait tələb edir, lakin gələcəkdə mütləq həll olunmalıdır”.

Qeyd edək ki, beşmərtəbəli binaların istismar müddətinin 25 il olduğu və artıq ölkə ərazisində yerləşən belə binaların istismar müddətinin bitdiyi deyilir. Artıq bir çox postsovet məkanında beşmərtəbəli binalar sökülərək yeniləri ilə əvəzlənib. Amma bir həftə əvvəl jurnalistlərə açıqlama verən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bu məsələnin Bakının Regional İnkişaf Planında nəzərdə tutulmadığını bildirmişdi. Məsələnin reallaşdırılmasının hələlik tez olduğunu söyləyən D.Dövlətxanov qeyd etmişdi ki, bizdə iqlim şəraitinə, əhalinin binalara olan diqqətinə görə "xruşşovka” binaların vəziyyəti heç də pis deyil, ona görə də bu cür binaların ləğvinə hələ ki ehtiyac yoxdur: "Belə binaların istismar müddəti yüksəkdir və bizim hesablamalarımıza görə, 100 ildir. Amma planlaşma baxımından hansısa investor həmin binaları sökərək yerində yeni yaşayış binası tikməyi təklif edərsə, biz bunu dəstəkləyərik”.

"Xruşşovka” tipli binaların ucdantutma sökülmə təklifinə münasibət bildirən Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, iqtisadçı-ekspert Sahib Məmmədov deyir ki, daşınmaz əmlakın bölgələşdirmə və yerdəyişmə prosesindən hər zaman əhali narazı qalır. Çünki kompensasiya ədalətli aparılmır: "Hüququ bir kənara qoyuram, ədalətli kompensasiyada şəxsləri məmnun etmək əsas şərtdir. Yəni hansısa adamın daşınmaz əmlakını əlindən alanda əvəzində ona elə ödəniş edilməlidir ki, evi əlindən alınan şəxs heç bir narazılıq etməsin, əksinə, evin dəyərindən çox pul aldığı üçün sevinsin. Amma təəssüflər olsun ki, bizdə belə deyil. Nə qədər ki, super təmirli evlərlə uçuq-sökük daxmaların kvadratına eyni sistemlə məbləğ biçirlər, bu məsələnin həlli uzanacaq. Əgər söküntü işləri belə aparılacaqsa, təbii ki, bunun tərəfdarı deyiləm. Yox əgər "xruşşovka”ları söküb yerində təzə binalar tikərək əhalini də bura yerləşdirəcəklərsə, o halda buna razılıq vermək olar”.

Ekspertin sözlərinə görə, yaxın 10 ildə sözügedən binaların qəzalı vəziyyətdə olması barədə texniki komissiyanın rəyi olmalıdır. Beşmərtəbəli binalar yalnız ondan sonra sökülə bilər: "Əgər 1950-60-cı illərdə tikilmiş "xruşşovka” adlanan fundamentsiz beşmərtəbəli binaların "ömrü” hələ tükənməyibsə, yəni vəziyyətləri normaldırsa, belə binalara hələlik toxunulmaya bilər. Ancaq qəzalı binaları sökərək sakinləri müvəqqəti olaraq başqa bölgələrdə yerləşdirməklə dövlət hesabına yenidən tikmək olar. Çünki qəzalı binaların zəlzələ və digər təbii fəlakətlər nəticəsində uçmaq təhlükəsi var. Ona görə də bu cür riskləri azaltmaq üçün yeni binaların tikilməsi zəruridir. Belə bir təcrübə də var, qəzalı binanın yaxınlığında insanlar üçün kompleks şəkildə müvəqqəti yaşayış yeri tikilir. Yeni bina hazır olduqdan sonra sakinlər öz yerlərinə qaytarılır və müvəqqəti tikililər sökülür. Yenə deyirəm, əgər bina yaşayış üçün qənaətbəxşdirsə, yaxud da təmir oluna biləcək vəziyyətdədirsə, bu halda binaların dərhal sökülməsinə ehtiyac yoxdur. Əsaslı təmirlərlə belə binaların sökülməsini sonrakı dövrlərə saxlamaq olar”.

Amma paytaxt Bakıda bütün beşmərtəbələrin mərhələ-mərhələ sökülməsi tərəfdarı olan mütəxəssislər də var. Məsələn, Müstəqil Memarlıq Assosiasiyasının rəhbəri Zemfira Verdiyeva istismar müddəti başa çatmış binaların sökülməsini vacib sayır: "Xruşşovka”lar heç bir standartlara cavab vermir. Nəzərə almaq lazımdır ki, paytaxtda məskunlaşmış əhalinin yarısı beşmərtəbələrdə yaşayır. Bu səbəbdən də sakinlərin yeni mənzillərlə təmin olunandan sonra köhnə binaların müasir tipli göydələnlərə əvəz olunması yaxşı olardı”.