Soydaşımıza atəş açan qız...

Rusiya hüquq-mühafizə orqanları hadisəni xuliqanlıq adı altında pərdələmək istəyir

Həmyerlimiz, Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanovun güllələnməsi azərbaycanlılar da daxil olmaqla, əməkçi miqrantlara qarşı kampaniyanın daha da gücləndirildiyini göstərir. Məlum Biryuleva hadisələri, Orxan Zeynalovun cinayəti, əksərən azərbaycanlıların çalışdığı bazarların bağlanması fonunda miqrantlarla bağlı quruma başçılıq edən bir şəxsə silahlı hücum sadə, sıradan bir hadisə ola bilməz.

Amma Rusiya tərəfi bu hadisəyə təsadüf donu geyindirməyə çalışır.

Rusiya telekanalları hadisəyə geniş yer ayırıb, şübhəli şəxs qismində saxlanılan qızın ifadəsini, qızın yaşadığı evin sahibəsinin dediklərini efirə verib. Efirə verilən süjetlərin məzmunundan da görünür ki, Rusiya tərəfi bu hadisəni təsadüf, heç bir halda əvvəlcədən düşünülməmiş bir hərəkət kimi qələmə vermək istəyir.

Həmyerlimizə atəş açan qız uzaq Tambov vilayətindən paytaxta gəlib, tanışının evində qalır, bir dostunun tapançasını elə-belə - baxmaq üçün əlinə alıb, həmin vaxt sərxoş imiş, necə olubsa, əlində tapança küçəyə çıxıb və sırf təsadüfən qarşısına Mais Qurbanov çıxıb və qız sərxoş vəziyyətdə tapançadan atəş açıb. Ən maraqlısı budur ki, fakt üzrə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Daha sonra isə qız başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb. Atəş açan gənc qızın ifadə verərkən məsum görkəm alması da diqqətdən yayınmır.

Son zamanlar azərbaycanlılara qarşı törədilən əməlləri nəzərə alsaq, bu hadisəyə təsadüf kimi baxmaq nə dərəcədə düzgün olar?

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında məlum hadisənin sırf sui-qəsdə cəhd olduğunu dedi:

- Bir kriminalist kimi deyirəm ki, bu, sırf kriminal xarakterli hadisədir və insan həyatına sui-qəsdə cəhddir. Fakt üzrə məhz bu maddə ilə cinayət işi açılmalı və istintaq hərəkətləri aparılmalı idi. Amma biz görürük ki, Rusiya hüquq-mühafizə orqanları hadisəni xuliqanlıq adı altında pərdələmək istəyir. Xuliqanlıqla bağlı burada heç nə yoxdur. Xuliqanlıq o zaman olur ki, kimsə birisinə sataşır, onu təhdid edir, yaxud fiziki zor tətbiq etməyə çalışır və ya tətbiq edir, iki-üç və ya bir neçə nəfər arasında qarşılıqlı mübahisə, dava düşür, bir-birilə dalaşırlar, mübahisə zəminində kimsə kiməsə xəsarət yetirir və s. Burada qarşılıqlı mübahisə, dava olmayıb. M.Qurbanov evinə gəlirmiş, ifadəsinə görə, binanın girəcəyində onu 4 nəfər gözləyirmiş. Həmçinin atəş açan bu qız da. Qız atəş açıb, M.Qurbanovu yaralayıb. Tamamilə mümkündür ki, həmin 4 nəfər də qızın tanıdıqları imiş. İzləyirmişlər ki, görək, vura biləcək, ya yox. Bu da bir ehtimaldır. Ehtimal olunur ki, həmin şəxslər gözləyirmiş, qız atəş aça bilməsə, tapşırığı yerinə yetirməsə, özləri bunu etsinlər. Ya da hadisələrin gedişatından xəbərləri olsun. Necə olur ki, Tambov vilayətindən gələn gənc xanım sərxoş vəziyyətdə həmyerlimizin rastına çıxır?! Bilirsiz, münasibətlərin gərgin olduğu hazırkı dönəmdə heç kim bu nağıllara inanmaz. Sadəcə, Rusiyanın hələ də Azərbaycana təzyiqlərdən əl çəkmədiyi aşkardır. M.Qurbanov sıradan bir insan deyil. Rusiya Miqrantlar Federasiyasının vitse-prezidentidir. Ümumiyyətlə, hazırkı dönəmdə soydaşlarımıza qarşı baş vermiş bütün hadisələrə biz xüsusən diqqətlə, incəliklə və şübhəli yanaşmalıyıq. Çünki Rusiyanın Azərbaycana siyasi təzyiq göstərmək istəyindən də məlumatlıyıq, soydaşlarımıza qarşı irqi ayrı-seçkilik, rus şovinistlərinin apardığı çirkin kampaniya da açıq-aşkardır. Böyük ehtimalla M.Qurbanovun güllələnməsi azərbaycanlılara növbəti basqıdır. Təzyiq kampaniyasının bir hissəsidir. Ümumilikdə, bütün bunlar Azərbaycana münasibətdən irəli gəlir. Və bir mərkəzdən idarə olunur. Son aylara qədər bu tip hadisələr baş vermirdi. Son 1-2 ayda isə soydaşlarımıza qarşı təzyiq aydın şəkildə özünü göstərir. Bir soydaşımız, özü də gənc oğlandı, tələbədi, guya rus qızlarına sataşdığına görə, məhkəmə 9 il azadlıqdan məhrumetmə cəzası verdi. Halbuki, prokuror 6 il iş istəmişdi. Bu, ümumiyyətlə, məhkəmələr tarixində indiyədək görünməmiş bir haldır ki, hakim prokurorun istədiyindən çox cəza versin. Adətən, prokuror dövlət ittihamçısı qismində həmişə çox cəza tələb edir. Vəkil, təbii ki, müdafiə etdiyi şəxsə az cəzanın verilməli olduğunu isbatlamağa çalışır, hakim isə hər zaman prokurorun istədiyi cəzadan aşağı cəza verir. Heç olmasa, bir il olsa da, aşağı cəza kəsir. Görün, Rusiya hökuməti azərbaycanlılara basqını, təzyiqi nə dərəcədə kəskinləşdirməkdə israrlıdır ki, hakim hətta prokurorun istədiyindən də ağır cəza kəsir. Halbuki, bu hadisədə böyük bir cinayət, qəbahət də işlənməyib. Rus mentalitetinə, Moskva mühitinə də az-çox bələdik, tələbəlik illərimiz orada keçib. Moskvada oğlanla-qız münasibətləri açıq səviyyədədir. Kim bilmir ki, oğlanlarla münasibət qurmaq rus qızları üçün çox asan bir məsələdir. Onlar bu münasibətlərə heç vaxt ciddi yanaşmırlar. İndi isə birdən-birə, qızın valideyni şikayət etməyə başlayır, azərbaycanlı tələbə gəncin, guya, qızla istəyinə zidd yaxın münasibətdə olduğunu deyir. Oğlan da üzündən görünür ki, alicənab, ziyalı bir ailədəndir. Gənc oğlanın qızla münasibəti nə vaxtdan Rusiyada görünməmiş bir haldır ki, ona bu cür cinayət donu geyindirirlər?!

İ.Altay qeyd etdi ki, Azərbaycana qarşı başladılmış bu kampaniyaya qarşı ictimaiyyət mütləq təpki göstərməlidir:

- Bu hadisələrə Azərbaycana və azərbaycanlılara qarşı məqsədyönlü sıxışdırma siyasətinin bir halqası kimi baxılmalıdır. Azərbaycan tərəfi adekvat addımlar atmalıdır. Dövlət səviyyəsində lazımi işlər görülür. Azərbaycan ictimaiyyəti görür ki, dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi ilə bağlı məsələlərdə geri çəkilmir və hətta Rusiya kimi nəhəng bir dövlətə də "qırmızı xətti” keçməyə icazə vermir. Bunlar xarici siyasət məsələləridir və mən çox da dərinə getmək istəmirəm. İctimaiyyət olaraq bizim üzərimizə düşən vəzifələr də var. Məsələn, mən Polşaya səfər etmişəm, Polşanın keçmiş prezidenti Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması faktını araşdırmışam və burada Rusiya dövlətinin əli olduğuna dair sübutlar ortaya çıxıb. Mən kriminalistəm, bildiyim, bacardığım bir işi görürəm. Demək istəyirəm ki, hər kəsin bacardığı bir iş var. Mədəniyyət adamları, incəsənət adamları, ziyalılar, Rusiya ilə hansısa formada təması olan adamlar ictimai dirənişi təşkil etməlidirlər. Biz Rusiyaya göstərməliyik ki, onun təzyiqlərindən çəkinmirik və bizim də təzyiq vasitələrimiz var. İstəsək, onlardan istifadə edə bilərik. Çünki bu cür milli və dövlət mənafeli məsələlərdə seyrçi qalmaq olmaz. Rusiya miqrantlara qarşı bu siyasətini davam etdirəcəksə, dərin mübahisələrə, konfliktlərə səbəb olacaq. Bu gün Rusiyanın qarşısında dayanmalıyıq ki, sabah zərərçəkmiş durumuna düşməyək.