Bağçalarda yer yoxdur

Analar uşaqlarını sığınacaqlara əmanət edir



Respublikada uşaq bağçası çatışmazlığı bir neçə ilin problemi olsa da, məsələ heç cür müsbət həllini tapa bilmir. Uşaq bağçaları uşaqları qəbul etmir, valideynlər uşaqlarını qoymağa bağça tapa bilmirlər... Arqumentləri də var - yer yoxdur. Qruplar dolub. Huquqi baxımdan qanunidir. Nazirlər Kabineti 2012-ci ilin oktyabrında "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib və orada 1-2 və 2-3 yaşlı qruplarda 15, 3-6 yaş qruplarında isə 20 uşağın olması nəzərdə tutulur. Uşaq bağçalarının müdirləri də bunu əsas gətirərək "artıq” uşaqları qapıdan qaytarır. Bəs hara getsin bu "artıq” uşaqlar? Nə etsin, nəylə məşğul olsun?.. Bu suallar valideynlərin kabusuna çevrilib. Uşağını həvalə etməyə bağça tapa bilməyən valideynlərin sayı "n” qədərdi. Sırf bu səbəbdən işləyə bilməyən valideynlər var.

Qeyd edək ki, uşaq bağçaları ilə bağlı yaranmış problem millət vəkillərinin də diqqətindədir. Ölkədəki uşaq bağçalarına etiraz edən millət vəkili Aydın Mirzəzadə "valideynlər uşaqlarını qoymaq üçün bağça tapa bilmirlər”- deyə Məclisdə məsələ qaldırıb. Parlament üzvü təklif edib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca dövlət proqramı hazırlasın və ölkədə mövcud olan bağça çatışmazlığı problemi aradan qaldırılsın. O, uşaq bağçalarının sayının artırılması ilə bağlı təkliflər səsləndirib: "Azərbaycanda bağçaların sayı çox azdır. Təhsil Nazirliyi məsələ ilə əlaqədər lazımi tədbirlər görməlidir”.

Artıq 2 ilə yaxındır ki, uşaq bağçalarının rəsmi olaraq icra hakimiyyətlərinin sərəncamında olduğunu vurğulayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevanın sözlərinə görə, Bakı şəhəri üzrə bu məsələ isə birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamındadır.

Bağçaların azlığı ilə bağlı millət vəkili ilə həmfikir olan Birlik rəhbərinin sözlərinə görə, zamanında büdcə təşkilatlarının tabeliyində olan bağçalar özəlləşdirildikdən sonra həmin bağçalara uşaq qəbulu valideynlər üçün çox böyük problemlər yaratdı. Təşkilat olaraq, biz bu məsələni dəfələrlə qaldırmışıq ki, uşaq bağçaları niyə azdır? Necə olur ki, həmin bağçalarda hansısa "iş”lər həyata keçiriləndə yer tapılır, kasıb ailələrin uşaqları üçün yer tapılmır?

2 aydan artıqdır ki, BŞİH-nə göndərdiyi məktuba cavab ala bilmədiyini qeyd edən Birlik rəhbərinin sözlərinə görə, AYB-nin nəzdindəki müvəqqəti sığınacaqda nə qədər uşaq var ki, onlar bağçaya getməlidir. Ancaq valideynlər hansı qapını döyübsə, "yer yoxdur” cavabını alıb: "Təsəvvür edin ki, nisbətdə götürdükdə bizə valideyni olan uşaqlar daha çox gəlir. Ayda bizə 10-larla müraciət olur. Valideynlər müraciət edib deyir ki, uşağı qoymağa yer tapa bilmirik. Uşaq bağçası qəbul etmir. Biz də məcbur olub, o uşaqları sığınacağa qəbul edirik. Qəbul etməmək mümkün deyil. Biz küçə uşaqları problemi ilə mübarizə apardığımız bir halda, uşaqların baxımsızlıq ucbatından küçəyə qayıtmasına necə razı olaq?! Bu uşaqların valideynləri var. Amma sığınacaqda qalırlar. Uşağını sığınacağa gətirənlər arasında tənha analar var, işləyirlər, uşağı tapşırmağa heç kimləri yoxdur, bağçalar da qəbul etmir. Ana qalır çarəsiz və bizə müraciət edir. Gecə növbəsində çalışan analar var, uşağı bilmirlər hara, kimə həvalə etsinlər. Halbuki uşaq bağçaları ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqlarını, çoxuşaqlı ailələrdən olan uşaqları, qəyyumluqda olan uşaqları qəbul etməlidir. Hacıbala Abutalıbov deyir ki, bir qrupda 20-dən artıq uşağın olması qadağandı. Hacıbala Abutalıbov standartları nəzərdə tutub deyir. Amma uşaqlar harasa getməlidir. Standartı əsas gətirib uşağı küçədə qoymaq olmaz. Vəziyyətdən çıxış yolu alternativ variantların tapılmasıdır. Bu da uşaqlar üçün xüsusi mərkəzlərin - qayğı mərkəzlərinin yaradılmasıdır. Belə mərkəzlər olarsa, valideynlər övladlarını ora aparar, uşaqlar da nəzarətsiz qalmaz. Axı övladını standartları olan bağçalara qoymağa hər valideynin gücü çatmır. Belə bağçalar çox az və bahalıdır”.

Problemin bu qədər qabardılmasına rəğmən hələ də açıq qalma səbəblərinə gəldikdə isə K.Ağayeva bildirib: "Dövlət istəməz ki, kiçik vətəndaşları küçələrdə qalsın, yaxud dayə adını belə daşımayan qeyri-peşəkarların nəzarətində qalıb, zorakılığa məruz qalsın. Ümid edirəm ki, bu məsələ belə qalmayacaq və yaxın zamanlarda məsələ ilə bağlı müvafiq addımlar atılacaq.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehoğlu da uşaq bağçalarının tabeliyində olduğunu qeyd edib: "Hələlik nazirliyin fəaliyyət planında uşaq bağçaları ilə bağlı hansısa bir proqram yoxdur. Ancaq təbii ki, uşaq bağçalarına olan ehtiyacın aradan qaldırılması bizi də narahat edir. Odur ki, dövlət strategiyası ilə bağlı qərarda bu məsələni nazirlik diqqətə alacaq və çox güman ki, gələcək fəaliyyət planında öz əksini tapacaq”.