“Açıq söz”ün tarixi - Akif Aşırlı yazır
(Əvvəli ötən saylarımızda)
Bu barədə Fərhad Ağazadə çıxış etmiş, qərarların icrası ilə bağlı mövqeyini bildirmişdir” (14 dekabr 1915-ci il, № 61). Maarifin, təhsilin inkişafı, müsəlman tələbələrinin ali məktəblərdə təhsil alması və onların maddi baxımdan təminatı üçün müxtəlif mədəni-kütləvi tədbirlər düzənləyən "Nicat” bir çox ictimai qurumlardan fərqli, diqqətiçəkən proqramlarla çıxış edirdi.
Anadoludan qaçqın düşən soydaşlarımızın və əsir türk hərbiçilərinin nəfinə düzənlənən tədbir də digər cəmiyyətlərin tədbirindən fərqlənirdi. Qəzet 1917-ci ilin yanvarın ilk günü "Bakı xəbərləri” rubrikasında "Nicat” planlaşdırdığı tədbirdən belə bir xəbər dərc edib: "”Nicat” maarif cəmiyyəti idarəsi Bakı qorodnaçalnikinə müraciətlə şənbə günü, yanvarın 4-də Müsəlman Xeyriyyəsi "İsmailiyyə” binasında bir müsamirə tərtib etmək üçün izin istəmişdir. Müsamirədə hasil olan məbləğ müsəlman hərbzədələrin nəfinə gedəcəkdir” (1 yanvar 1917-ci il, № 365).
Beş gündən sonra qəzet yenə bu mövzuya qayıdaraq məlumat verir: "Bu gün "Nicat” maarif cəmiyyəti sədri Behbud ağa Cavanşir cənablarının müdiriyyəti ilə müsamirə tərtib olunacaqdır. Tələbələrin faidəsinə olacaqdır”. Görünür, Bakı şəhər Polis idarəsi hərbin faciələrini yaşayan soydaşlarımızın nəfinə düzənlənən tədbirə icazə vermədiyindən "Nicat” müsamirəni tələbələrin maddi sıxıntılarının aradan qaldırması ilə əlaqələndirib və bununla da tədbirə icazə ala bilib.
"Açıq söz” 8 yanvar 1917-ci il sayında "Bir fincan çay” sərlövhəli xəbərdə "Nicat”ın müsamirə təşkil etdiyini xəbər verir: "”Nicat” maarif cəmiyyəti tərəfindən kasıb tələbələr faidəsinə "Bir fincan çay” gecəsi yanvarın 6-da "İsmailiyyə” binasında kamal müvəffəqiyyətlə keçdi. Böyük salona başdan-başa masalar düzülmüş və tələbələr bu gecənin xidmətkarı kəsilmişdir. Tələbələrdən əlavə, məclisdə gül satmaq surəti ilə xanımlar dəxi iştirak edirdilər. Gecə xanımları tamamilə müsəlman xanımlarından olub, hazırında müsəlmanlardan idi. Arada artistlərdən Sarabski, Mirzəağa Əliyev, Darabski, Atabəyski cənabları məclis əhlinə bədii və ədəbi zövq verirdi. Məclisdə şayan-təqdir intizam görülürdü. Maddi cəhət də gözəl idi”.
"Nicat”ın fəaliyyəti təqdir olmaqla yanaşı bəzən ciddi tənqidlərə məruz qalırdı. "Niş” imzalı müəllif cəmiyyətin Həsən bəy Zərdabiyə qarşı sayğısız davranmasına kəskin münasibət göstərirdi.
H.Zərdabinin Azərbaycanda Milli teatrın, anadilli mətbuatın, ilk xeyriyyə cəmiyyətinin sədri kimi müstəsna xidmətlərini xatırladan müəllif kinayə ilə "Nicat”ın bu böyük şəxsiyyətə qarşı hörmətsizliyini kəskin tənqid edərək yazırdı: "...Yadımdadır ki, Həsən bəy mərhum ölərkən ona müsəlman ürəfası bir matəm qiyaməti qaldırmışdı. Mərhumun xatirəsi üçün yadigar düşünülmüş, təşəbbüslər edilmişdi. Amma indi "Nicat” cəmiyyəti onun rəsmini götürüb Bakı milyonerlərinin rəsmini asıb”. H.Zərdabinin millət yolunda ömrünü fəda etdiyini, əvəzində isə bu böyük insana qarşı belə münasibətin yolverilməzliyini qeyd edən müəllif üzünü H.Zərdabiyə tutub kinayə ilə deyirdi: "Qoca "Əkinçi”, sən neyçün ömrünü "Əkinçi”yə, müəllimliyə, qəzetçiliyə, milli nəğmələrin nəşrinə, xalqın oxumasına, camaatın dərdinə sərf etdin”. (23 noyabr 1915-ci il № 42)
İdeya istiqamətlərinə görə digər dərnəklərdən, ictimai qurumlardan fərqlənən "Xalq yurdu”nun təbliğinə də "Açıq söz” kifayət qədər imkanlar yaradırdı. N.Nərimanov kimi ziyalıların "Xalq yurdu”nda iştirakı bu təşkilata diqqət yönəltməyə əsaslar verirdi. Qəzetin 2 yanvar 1917-ci il sayındakı məlumatda "Xalq yurdu”nun bir neçə şöbəsi, o cümlədən maarif şöbəsinin fəaliyyət göstərəcəyi, tibbi-maarifçilik missiyası daşıyacağı və digər faydalı işlərlə məşğul olacağı bildirilirdi: "Keçənlərdə Bakıda "Xalq yurdu” adında bir cəmiyyət təşkil olunduğu haqqında qəzetəmiz xəbər vermişdi.
Bu cəmiyyətin idarəsi bir neçə şöbələrə ayrılmışdır, işə başlanılmışdır. Şöbələrdən biri ziyadəsi ilə, əhəmiyyət veriləcək var isə, o da zənnimizcə, maarif şöbəsidir”. Milli məktəblərin açılması, tədrisin doğma dildə aparılması, müəllim kadrlarının hazırlığına yönəlik fəaliyyət göstərən "Xalq yurdu” xalqın həm də tibbi savadlanmasına öz töhfələrini verməyə çalışırdı. "Açıq söz”ün 24 fevral, 5 mart 1917-ci il tarixli saylarında doktor N.Nərimanovun "İsmailiyyə” binasında traxoma və suyun səhhətə təsiri barəsində məruzə oxuyacağı elan olunurdu.
1912-ci ildə təsis olunan "Səfa” Cəmiyyətinin fəaliyyəti, milli məktəblərin yaradılmasında iştirakı, xeyriyyə tədbirləri də "Açıq söz”ün səhifələrində tarixiləşib. "Səfa”nın buraxdığı səhvlər, təşkilati nöqsanları da qəzetdə ciddi tənqid olunur, görülməli işlər sadalanırdı. Cəmiyyətin iclaslarından biri barədə qəzetdə dərc olunan xəbərdə tənqid ruhu, təşkilatdaxili demokratiyanın, açıq müzakirələrin nişanələri var: "Dün "İsmailiyyə” binasında cəmiyyətin iclas-ümumisi vaqi olmuşdur. İclasda qırxdan artıq ziyadə əza iştirak edərək, Məhəmməd Əmin Rəsulzadə sədarətinə, İslam bəy Qəbulov da katibliyinə təyin olunduqdan sonra idarənin ümumi fəaliyyəti, məktəb təsisləri və kassa mühasibatı haqqında olan məruzatı dinləmişdir.
Bu məruzatdan anlaşılmışdır ki, beş illik bir həyata malik olan bu cəmiyyətin idarəsində bulunduğu "Səfa” məktəbini ancaq 15 şagird tamam etmiş ki, bunlardan 5-i ali ibtidai məktəbə girmişdir. İdarə təklif edir ki, ruskiy-tatarskiy tipində olan bu məktəbi şəhər idarəsinə tapşırıb, ümumi başqa bir məktəb, məsələn, müəllimlər kursu və seminariyasına icazə versə, daha müvəffəqiyyətli iş görülmüş olur” (7 fevral 1917-ci il, № 397). "Səfa”nın 5 illik fəaliyyəti dövründə o qədər də səmərəli nəticələrin əldə olunmadığının səbəbləri barəsində də müzakirələr açılır və bu yöndə ilk təşəbbüs yenə də Məhəmməd Əmin Rəsulzadə göstərir.
Müxtəlif cəmiyyətlərin nəzdində fəaliyyət göstərən məktəblərin uğurlu nəticə göstərməməsinin səbəbini rus-tatar məktəblərinin tədris proqramı ilə bağlayan M.Ə.Rəsulzadə göstərir ki, rusca-türkcə ibtidai bilgi verən təhsil müəssisələrindən müsbət heç nə gözləmək lazım deyil. Vaxtilə məktəb təsis etməyin müşkül olduğu zamanda rus-tatar məktəblərinin açılmasını qənimət hesab etmək olardı, indi isə milliyyət əsrində bunlar o qədər də səmərə vermir. M.Ə.Rəsulzadə qeyd edir ki, 1914-cü ildə xüsusi məktəblər haqqında qanuna görə ibtidai məktəblərlə yanaşı, ali və texniki peşə məktəbləri açmağa ixtiyarımız olduğu halda, bunu etməmişik və ağrısını da indi çəkirik. "Səfa” kimi "Nəşri-maarif”in də bu siyasəti həyata keçirdiyini tənqid edən Rəsulzadə yazır: "Arzu olunurdu ki, "Səfa” idarəsi kimi sair cəmiyyətlərimiz dəxi bu xüsusda təfəkkür edərək, məktəblər təsisində milli məktəb siyasətinə riayət edə idilər” (7 fevral 1917-ci il, № 397).
1917-ci il oktyabr inqilabından sonra Bakıda və ətraf bölgələrdə siyasi partiyaların, ictimai birliklərin yaradılması prosesi sürətləndi. "Əkinçi”, "Gəncə həmtorpaqlıları”, "Təyyarəçilik”, "Bakı müsəlman artistləri” cəmiyyətlərinin qarşıya qoyduğu məqsədlər fərqli olduğundan fəaliyyət istiqamətlərinə görə bir-birindən seçilir, müəyyən hədəf qruplarına yönəlik təbliğat və təşviqat işləri aparılırdı.
Bölgələr arasında ictimai-siyasi fəallığına görə seçilən Gəncə ilə bağlı yeni cəmiyyətlər də yaradılırdı. Belə cəmiyyətlərdən biri Bakıda yaşayan Gəncə Quberniyası vətəndaşlarının təsis etdikləri "Gəncə həmtorpaqlıları” cəmiyyətidir. Bəzən bu cəmiyyətin adı "Açıq söz”də "Gəncə həmvətənliləri” kimi yazılır.
Əslən Gəncədən olan doktor Bəhram bəy Axundovun rəhbərliyi ilə yaradılan bu dərnək gəncəliləri bir araya gətirmək, onların arasında əlaqə yaratmaq, Gəncənin problemlərinə diqqət yönəltmək idi. Cəmiyyətin iclaslarının əksəri Bəhram bəy Axundovun evində keçirilirdi. Toplantılar barədə müxtəlif mətbu orqanlarda, o cümlədən "Açıq söz”ün səhifələrində elan verilirdi. Toplantılarda müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə də "Açıq söz” oxucuları bilgiləndirirdi. Qəzetin 7 sentyabr 1917-ci il tarixli sayında cəmiyyətin növbəti toplantısı barədə məlumat verilirdi.
Qafqaz cəbhəsindən geri çəkilən hərbçilərin silahlarının təhvil verməsi barədə Zaqafqaziya komissarlığının qərarına məhəl qoymayan rus hərbi eşalon komandirləri Gəncə ətrafında qanlı hadisələr törətdi. 1917-ci ilin sonlarında baş verən, böyük insan itkilərinə səbəb olan hadisələr barədə "Açıq söz” "Gəncə hadisatı” rubrikası altında xeyli sayda materiallar dərc edib, faciənin yaşanma səbəblərinə aydınlıq gətirilib. "Gəncə həmvətənləri cəmiyyəti” də bu hadisələrə laqeyd qalmayıb, vəziyyət barədə aydınlaşma aparılmağını istəyirdi. Bu münasibətlə gəncəlilər yenidən Bəhram bəy Axundovun evində yığışıb Mərkəzi Müsəlman Komitəsi üzvləri ilə müzakirə apardılar. Bu barədə "Açıq söz” 1917-ci il 27 dekabr tarixli sayında məlumat verərək yazırdı: "Yekşənbə günü ayınq 24-də axşam saat 6-da doktor Bəhram bəy Axundovun mənzilində "Gəncə Quberniyası həmvətənləri cəmiyyəti”nin növbəti iclası təmin edilmişdir. İclasda müzakirə olunacaq məsələlərdən birisi də Gəncə və ətrafında vaqe olan hadisələrdir. Bu məsələyə Mərkəzi Müsəlman Komitəsi sədri Əlimərdan bəy Topçubaşovun sədarəti ilə həmvətənlər cəmiyyəti idarəsi üzvləri, məzkur komitə ilə birlikdə müzakirə edib lazım gələn tədabiri əxz etməli idi”.
Zaqafqaziya Mərkəzi Milli Müsəlman komitəsinin üzvü Behbud ağa Cavanşir Ə.Topçubaşovun göstərişi ilə cəmiyyətin yığıncağına qatılıb Gəncədən gələn mötəbər şəxsin baş verən qanlı hadisə ilə bağlı söylədiklərini toplantı iştirakçılarına bildirib, lazım gələn tədbirlərin görüldüyünü qeyd edib.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb