“AMEA-da işə yaramayan ştatlar ixtisar olunmalıdır”

Firudin Cəlilov: “Oradakı işçilərin əksəriyyəti ortalığa heç nə çıxara bilmir”



Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclis üzvü İsa Həbibbəyli mətbuata açıqlamasında Elmlər Akademiyasında bir sıra ixtisarlar olacağını bildirib. Onun sözlərinə görə, uyğunsuz, işə yaramayan ştatların ixtisarı nəzərdə tutulub. Elmlər Akademiyasında institutların ləğv olunması ilə bağlı xəbəri təkzib edən Həbibbəyli İnstitutlarının bağlanması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.

Bununla yanaşı, İsa Həmidbəyli bildirib ki, AMEA-da islahatlar davam edir, artıq yeni əsasnamə hazırlanır. "Əsasnamə sonuncu dəfə 2003-cü ildə yazıldığından bugünkü reallıqlara cavab vermir. Yeni nizamnamənin qəbul olunması üçün komissiya işləyir və ilin sonuna qədər layihə təsdiq olunacaq”. İ. Həbibbəyli qeyd edib ki, ola bilsin ki, AMEA tərkibindəki institutların adları və strukturları dəyişdirilsin. "Bu istiqamətə uyğun proseslər gedir. Akademiyada yeni şöbələr yaradılır. Struktur islahatları Akademiyanın bütün institutlarında başlanılıb. Rəyasət Heyətində isə islahatlar başa çatıb”.

Sabiq təhsil naziri, professor Firudin Cəlilov isə hesab edir ki, AMEA-da işçilərinin yarısı işə yaramayanlardan ibarətdir: "Hazırda AMEA-da iki ştat var, işləyənlər və işləməyənlər. Hesab edirəm ki, heç bir iş görməyənlərə boş-boşuna maaş verməkdənsə, gecə-gündüz işləyən, daim axtarışda olan, tədqiqat aparan alimlərin əməkhaqları 2-3 dəfə artırılmalıdır. Bu mənada İsa Həbibbəylinin fikirləri ilə razıyam ki, AMEA-da uyğunsuz, işə yaramayan ştatların ixtisarına doğrudan da çox böyük ehtiyac var. Oradakı işçilərin əksəriyyəti ortalığa heç nə çıxara bilmir”. Vitse-prezidentin institutların adları və struktur dəyişikliyi ilə bağlı fikirlərinə gəldikdə isə F.Cəlilov da AMEA-da ciddi yenidənqurma tədbirlərinin aparılmasına böyük ehtiyac olduğunu qeyd edib. Əsasnamənin dəyişdirilməsinə gəldikdə isə professor mövcud əsasnamə ilə tanış olmadığı üçün konkret fikir bildirməyib: "Həmin əsasnaməni oxumamışam. Vaxtı ilə imtahanlarla bağlı etmək istədiyim yeniliyi AMEA rəhbərliyi qəbul etmədi və Elmi Şurada fikirlərimiz üst-üstə düşmədi. Bu baxımdan da əsasnamədə nə yazıldığından xəbərim olmadı”.