“İşğal faktı ilə barışmayacağıq”

Müdafiə naziri Türkiyəli səfiri qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşqunu qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfir müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb. Müdafiə naziri Z. Həsənov isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib. Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.