"İmtahanların ödənişli müəyyən olunması Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil haqqında qanunda, "Təhsilin İnkişafı haqqında Strateji Yol Xəritəsində” göstərilən "təhsil əlçatan olmalıdır” prinsipinə ciddi təsir edəcək”.
Bunu Sherg.az-a sınaq imtahanları üçün ödənişin 20 manat müəyyənləşməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. Ekspert hesab edir ki, imtahan qiymətlərinin artırılması Azərbaycan təhsilinə ciddi maneə olacaq:
"Təəssüf ki, Azərbaycanda həyata keçirilən bütün imtahanların maksimum ödənişi 3 manatdan artıq olmamışdır. Amma bildiyiniz kimi 2016-cı ilin aprel ayında ölkə prezidentinin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv olunub. Bunun əvəzinə hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yaradılıb. Yaranandan etibarən qərara alındı ki, bu qurumun maliyyələşməsini dövlət özü ödəyəcək. İlk vaxtlardan etibarən DİM informasiyalar yaydı ki, sanki indiyə qədər keçirilən imtahanlar pulsuz imiş, bundan sonra ödənişli olacaq. Onlar qeyd edirdilər ki, bir imtahanın qiyməti quruma 25 manata başa gəlir. Əlbəttə, bu absurd rəqəmdir. 2017-ci ilin fevral ayında Tarif Şurası Dövlət İmtahan Mərkəzinin təkliflərinə əsasən ortaya yeni qiymətlər qoydu. Qiymətlər olduqca yüksək göstərilirdi. 1-ci yüksəklik ondan ibarət idi ki, məsələn, bakalavr iki dəfə imtahan verməlidir. Birinci mərhələ və qabiliyyət imtahanlarının qiymətlərini hesablayanda daha çox pul çıxır.
Magistratura da iki mərhələlidir qiyməti də cəmi 110 manat müəyyən olunub. Rezidentura da yenə iki mərhələ olmaqla ümumilikdə 160 manat ödəniş qəbul edilib. Minimum imtahan qiyməti 110 manatdır. Azərbaycanda minimum əmək haqqı 116 manatdır. Amerikada isə minimum əmək haqqı 2500 manatdır, amma ali məktəblərə qəbul imtahan pulu 35 dollardır. Türkiyədə minimum əmək haqqı 2000 tl-dir, imtahanlarda iştirak isə cəmi 80 tl miqdarındadır. Azərbaycanda isə ortaya çıxan rəqəm fantastikdir. Əslində TQDK iki il ərzində keçirəcəyi imtahanlarla bağlı maliyyə itkisini yaşamır. Çünki bundan sonra iki il ərzində 2017-2018-ci ildə ali məktəblərə qəbul əvvəldən onlarda olan testlərlə həyata keçiriləcək. Test sorğusu təklifləri göndərilməyib. Əgər göndərilsə, belə onlar qeyd edir ki, 1 sınaq kitabçası 25 manata başa gəlir. Axı imtahanda iştirak edən 80 min nəfərin hər birinə ayrılıqda sınaq kitabçası tərtib edilmir. 1 kitabçanı sonradan kopyalayırlar. 1 sınaq kitabçasına maksimum 2 manat xərc çəkilir. Bundan artıq ola bilməz. Yenə faktları demək istəyirəm ki, quruma il ərzində dövlət büdcəsindən 7 milyon manat pul ayrılır. Bunun 5 milyon manatı imtahanların keçirilməsi ilə, qalan 2 milyon isə əməkdaşların maaşı üçün nəzərdə tutulub. İndiki yüksək qiymətlər çox ciddi təsir göstərəcək”.
Xüsusilə magistr pilləsinə qəbul imtahanlarına diqqət çəkən K. Əsədov ötən illərin statistikasını xatırladıb. Onun sözlərinə görə, 2014-2015-2016-cı illərdə magistr imtahanının sənəd qəbulunda ən azı 20 min nəfər iştirak edir:
"Hazırda magistratura və rezidenturaya sənəd qəbulu bitməli idi. Məlumat ondan ibarətdir ki, 10 min nəfər sənədlərini təsdiq etmişdi. Belə çıxır ki, 25 mindən 10 minə düşüb. Müəyyən olunmuş plan yeri isə 7 mindir. Birinci mərhələni 50 faizin keçə bilməyəcəyini nəzərə alsaq, biabırçı nəticə ortaya çıxacaq. Ona görə, dövlət imtahanına sənəd qəbulu vaxtı uzadılıb. Qarşıdan bayramlar gəlir. Devalvasiyaya görə, insanların gəlirləri azalıb. Qəbul imtahanlarının qiymətlərinin baha olması həm magistr, həm ali məktəblərdə çoxlu plan yerlərinin boş qalmasına şərait yaradacaq. Bu da öz növbəsində gələcəkdə ali məktəblərin fəaliyyətinin dayandırılmasına ya da birləşdirilməsinə səbəb olacaq. Çünki heç kim nəticəsi olmayan imtahana pul vermək istəməz. 2016-cı ildə imtahanda iştirak edən 85 min nəfərin 60 min nəfəri keçid balını toplaya bilməmişdir. Onların sərf etdikləri pul boşa getdi, nəzərə alsa ki, bu böyük rəqəm də deyildi. Niyə həmin 60 min nəfər 110 manatı ödəsin? İmtahandan keçə bilməyəcəksə, bu pul itəcək. Nəticədə həmin şəxslər imtahanda iştirak etməyəcək. Amma imtahanda iştirak edən şəxslər də əksəriyyət ödənişli əsaslarla təhsil alacaq”.
Qeyd edək ki, bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanlarında iştirak ödənişli olacaq. Sınaq imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 20 manatdır.
Aysel Aslan