Nazirliklərin birləşdirilməsi dəstək qazandı

Çünki sosial təminat məsələlərinin vahid mərkəzdən idarə olunması mövcud problemlərin daha tez aradan qaldırılmasına imkan yaradar

Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi təklif olunub. Təklifi deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev gündəmə gətirib. F.Mustafa qeyd edib ki, ümumiyyətlə, hökumətdə paralel strukturlar və nazirliklər ləğv edilərək birləşdirilməlidir. O hesab edir ki, bu yolla həm idarəetmənin effektivliyini təmin etmək, həm də bürokratiyanı aradan qaldırmaq olar.

Eyni zamanda birləşmə büdcə qənaətinə də gətirib çıxaracaq. Deputat Q.Həsənquliyev də həmkarının təklifini dəstəkləyərək bildirib ki, belə islahatlar aparmaqla əlavə xərcləri azaltmaq olar. Qeyd edək ki, Prezidentin sərəncamı ilə oktyabrın 22-də Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyinat alandan sonra DSMF-də sədr postu boşalıb və bu gün də boş qalır. Hazırda sədrin vəzifəsini S.Müslümovun keçmiş müavinləri icra edirlər. Məlumat üçün onu da bildirək ki, bir sıra ölkələrdə DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sözügedən qurumların birləşdirilməsi təklifinə münasibət bildirən

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri çərçivəsində struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. İqtisadçının sözlərinə görə, struktur islahatları çərçivəsində Sosial Müdafiə Fondu departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilə bilər: "Təbii ki, belə bir qərarın verilməsi yaxşı olardı. Çünki sosial təminat məsələlərinin vahid mərkəzdən idarə olunması mövcud problemlərin daha tez aradan qaldırılmasına imkan yaradar”.

İqtisadçı-ekspert Nazim Məmmədov da Dövlət Sosial Müdafiə Fondunun bu şəkildə saxlanılmasını məqsədəuyğun saymır: "Özünü maliyyələşdirməli olan pensiya fondu hər il dövlət büdcəsindən transfertleri artırır. Məsələn, 2006-cı illə müqayisədə 2013-cü ildə bu istiqamətə büdcədən transferlərin 5 dəfə artması onu göstərir ki, bu sahə ciddi reform olunmalıdır. Fondun Əmək və Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsinə müsbət baxardım və tövsiyə edərdim”.

N.Məmmədov fondun tamamilə ləğv edilməsinə də fikir bildirib: "Dövlət Sosial Müdafiə Fondu illər ərzində dövlət büdcəsindən dotasiyalar almaqla, transfertlər etməklə idarə olunub. Eləcə də 2014-cü il dövlət büdcəsində də artıq proqnozlaşdırılıb ki, 1 milyard 142 milyon manat transfer alsın. Fond öz funksiyasını praktiki olaraq yerinə yetirə bilmir. Artırılan təqaüdlər isə cənab prezidentin təşəbbüsü ilə dövlət büdcəsi hesabına artırılır. Buradan belə nəticəyə gəlmək olar ki, belə bir fondun və böyük bir təşkilatın hər bir rayonda şöbələrinin saxlanılması, buna dövlət vəsaitinin xərclənməsinə ehtiyac yoxdur. Bu baxımdan fondun funksiyası başqa bir quruma verilməlidir. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Maliyyə Nazirliyi də ola bilər”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, DSMF-nin nazirliyə birləşdirilməsi yalnız büdcə vəsaitinə qənaət edilməsi baxımdan deyil, həmçinin bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasına və eləcə də sosial siyasətdə menecmentin əlaqələndirilməsinə də səbəb ola bilər: "Bununla pensiya siyasəti hökumətin sosial siyasətinin daha sıx elementinə çevrilər. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Səlim Müslümovun rəhbərlik etdiyini və bu sahədə ixtisaslaşdığını nəzərə aldıqda fondun nazirliyə birləşdirilməsi institutsional islahat olmaqla yanaşı, çevik idarəetməyə də imkan yarada bilər”.

Qurumların birləşdirilməsinə müsbət yanaşan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda dövlət strukturlarının sayının azaldılmasına ehtiyac olduğunu deyib. Deputatın fikrincə, ölkə prezidentinin sərəncamı ilə bir müddət əvvəl yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də buna xidmət edəcək: "Hazırda fəaliyyət göstərən dövlət təşkilatlarının səlahiyyətlərinin bir qisminin bu quruma veriləcəyi gözlənilir. Düşünürəm ki, belə birləşdirmə labüddür. Amma hansısa qurum birləşdirilərkən öncə qiymətləndirmə işləri aparılmalı, buna nə qədər ehtiyac olduğu aydınlaşdırılmalıdır. Yəni, kortəbii şəkildə hansısa qurumun işinə xitam vermək düzgün olmaz”.