“Prezidentin uğurlu kadr islahatlarının davamına inanıram”

Cümşüd Nuriyev: “Yaxın altı ay ərzində hökumətin müəyyən kadr dəyişikliyi etməsi gözləniləndir”

"Azərbaycan prezidenti İlham Əliyevin hərbi, sosial müdafiə və aqrar sahədə həyata keçirdiyi kadr dəyişikliyi təqdirəlayiqdir. Bu sahələrə potensiallı insanların gətirilməsi ölkəmizin inkişafına çox müsbət töhfə verə bilər”.

Bu sözləri "Şərq”ə siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev dövlət başçısı İlham Əliyevin gerçəkləşdirdiyi kadr islahatlarından danışarkən deyib. Siyasi təhlilçinin sözlərinə görə, bu islahatlar Azərbaycan prezidentinin üçüncü dönəm seçkisinin ilk uğuru idi: "Uğurların davamlı olacağına inanıram. İndiki iqtidar kreativ hökumət olmalıdır. Bu istiqamətdə ciddi işlər aparılır. Azərbaycanda nazirliklərin yaradılması və birləşdirilməsi ilə bağlı bir sıra yeniliklər edilir. Məsələn, Sənaye və Energetika nazirlikləri parçalandı və İqtisadiyyat Nazirliyi ilə birləşdi. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Xəzər Dəniz Gəmiçiliyi (XDG) Dəniz Donanması (DD) ilə birləşdirilərək bir qurum yaradıldı. Hesab edirəm ki, bu proseslər davam edəcək. Dövlətin Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birləşdirilməsi gözlənilir. Çünki təkrarçılıq var. İki qurumun bir əldə cəmlənməsi daha yaxşıdır”.

C.Nuriyev ƏƏSMN-in başına peşəkar bir şəxsin gətirildiyini söyləyib: "Bunu etiraf etmək lazımdır ki, indiyə kimi həmin vəzifədə xalqın deyil, öz mənafeyini güdənlər oturmuşdular. Həmin kadrlar artıq tutduqları vəzifədən uzaqlaşdırıldılar. Belə də olmalıydı. O tərkiblə ölkə inkişaf edə bilməzdi. İnkişaf üçün yeni adamlar yeni simalar lazımdır”.

Siyasi şərhçinin qənaətincə, yaxın altı ay ərzində hökumətin müəyyən kadr dəyişikliyi etməsi gözləniləndir: "Bu heyyət daha çox indiki siyasi kursa sədaqət hökumətidir. Yeni hökumət lazımdır. Həmin iqtidarın içərisində xaricıdə təhsil almış gənclər təmsil olunmalıdırlar. Hətta indi də belə insanlar qabağa çəkilir. Bu tendensiya davam etdirilməlidir. Azərbaycan qloballaşan dünyaya inteqrasiya edir. Bu prosesləri dərindən bilən adamlar vəzifələrə gətirilməlidir. Belə olacağına heç bir şübhəm yoxdur”.

C.Nuriyev vurğulayıb ki, indiki hökumət uğurlu sayıla bilər: "Yeni dəyişikliklər olmasa, uğuru davam etdirmək olmayacaq”.

Politoloq hesab edir ki, növbəti kadr dəyişikliyinə ehtiyac duyulur: "Hökumətin iqtisadi siyasətini həyata keçirmək üçün mütləq yeni nəfəs lazımdır. İqtisadiyyat və Sənaye Nazirliyi var. Amma onlarda formalaşmış siyasət yoxdur. Kənd Təsərrüfatı Nazirliyinə yenidən baxış həyata keçirilməlidir. Mədəniyyət sahəsində müəyyən dəyişikliklər olmalıdır. Sözügedən sahədə Azərbaycan köhnə baqajla irəliləyir. Bu sahəyə baxılmalıdır. Ədliyyə Nazirliyinin bir sıra səlahiyyətlərini ASAN xidmət həyata keçirməlidir. Yaxın perspektivdə bu xidmətin tərkibinə yeni sahələr artırılmalıdır. Azərbaycanın daha çox qeyri-neft sahəsinə baxılmalıdır. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün yeni aqrar konsepsiya qəbul olunmalıdır. Azərbaycanın yeni iqtisadi siyasət konsepsiyası gündəmə gəlməlidir. Ölkədə tarif şurasının fəaliyyəti çox zəifdir. Buna ciddi reaksiyalar verilmir. Daxili bazarlarda monitorinq siyasəti yox səviyyədədir. Ölkəyə təhlükəli ərzaq məhsulları gətirilir. Dövlət Statistika Komitəsi sovet dönəmindəki kimi yalnız şikayətlər əsasında araşdırmalar aparır. Belə olmalı deyil. Burada da yaradıcı insanlar olmalıdır.

Siyasi elmlər doktoru onu da əlavə edib ki, vəzifəsindən uzaqlaşdırılan nazirlərin təcrübəsindən faydalanmaq Azərbaycana yeni fəsadlar gətirə bilər: "Səfər Əbiyev gedəndən yeni nazir onun atdığı yanlış addımları düzəltməklə məşğuldur. Sabiq nazir ordunu elə bərbad vəziyyətə salıb ki, bu durumdan "yaxa qurtarmaq” üçün ciddi işləmək lazımdır. Məlumdur ki, bizdə Müdafiə, Kənd Təsərrüfatı və Əmək və əhalinin sosial müdafiəsi nazirliyində klan sistemi formalaşmışdı. Hər kəs özünə uyğun adamları yığıb saxlamışdı. Peşəkarlar kənarlaşdırılmışdı. Həmin strukturda potensialı olmayan heyət toplaşmışdı. Yeni nazirlər də həmin komanda ilə işləmək istəmir. Onlar öz işlərini qurmaqdan ötəri komandaya peşəkarları cəlb etməlidir. Ona görə də indiki nazirlərin kadr islahatlarını dəstəkləyirəm. Həmin sahələr artıq qan verən yaraya çevrilib. Həmin yaraların profilaktikası mümkünsüzdür. Yalnız ciddi əməliyyatlar aparılmalıdır. Kütləvi kadr islahatları düzgün addımdır. Bu baxımdan sabiq nazirlərin praktikasından faydalanmağa ehtiyac yoxdur. Dünya praktikasında normal işləyənlər və özü istefa verib gedənlərin təcrübəsindən istifadə edirlər. Azərbaycanda isə heç idarə müdirinin özü istefa vermir. Oturduqları kürsüyə hər şeyi dəyişməyi sevirlər. Onlardan faydalanmağa dəyməz”.