Azərbaycan məhsulları qonşu, yaxın ölkələrdə tanınır

“Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"


Dünya ölkələri siyasi quruluşlarından və iqtisadi vəziyyətindən asılı olmayaraq ayrı-ayrılıqda lazımi inkişaf səviyyəsinə çata bilməzlər. Sivilizasiyanın inkişaf təcrübəsinə nəzər salsaq görərik ki, yalnız ölkələrin bir-biri ilə əlaqələr qurması onların iqtisadi, sosial və mədəni səviyyələrinin yüksəlməsinə səbəb olur. Bunun üçün də ölkələr iqtisadi sahədə qarşılıqlı əməkdaşlıq edirlər.

Xarici ticarət ölkələr arasında idxal və ixrac əməliyyatlarının məcmusundan ibarətdir. Beynəlxalq ticarət həm də istehsalçılara daha bacarıqlı olduqları sahələrdə ixtisaslaşmağa və mübadilə nəticəsində daha çox əmtəə və xidmətlər əldə etməyə imkan verir.
Ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliyinin artırılması, iqtisadi strukturunun diversifikasiya olunması ilə bağlı dövlət tərəfindən göstərilən yardımlar bu istiqamətdə atılan mühüm addımlardır.

İxrac potensialından səmərəli istifadə...

Lider ölkələrin iqtisadi dayanaqlığını təmin edən amillərdən biri də ixrac potensialından səmərəli istifadə edilməsilə bağlıdır. Bunun üçün keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalı vacib şərtdir. Xüsusən, hazırkı iqtisadi geriləmələrin baş verdiyi bir məqamda bu strategiyanın düzgün müəyyən edilməsi ilə ölkəyə valyuta axınını təmin etmək əsas şərtlərdən hesab olunur. Sirr deyil ki, hazırda dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycana valyuta axınının azalmasına səbəb olub. Heç şübhəsiz ki, belə bir şəraitdə ölkəyə valyuta axınını artırmaq üçün keyfiyyətli və rəqabətədavamlı yerli məhsulların ixracına ehtiyac yaranır. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişfını şərtləndirir. Elə bu səbəbdən də Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələsində qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirməkdən ibarətdir.
Məhz bu məqsədlə respublikada qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Azərbaycan məhsullarının dünya bazarlarına çıxışının yeganə yolu yerli məhsulların rəqabətqabiliyyətli olmasıdır.

Dünya bazarına çıxış üçün hüquqi bazanın vacibliyi

Azərbaycanın milli məhsullarının beynəlxalq bazara çıxarılmasına nail olmaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hələ 2008-ci ildən Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq nəticəsində Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan keyfiyyət infrastrukturu ilə bağlı qanunvericilik aktları hazırlanmış, etalon laboratoriyaları yaradılmışdır. Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin bu təşkilatın tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə "Texniki tənzimləmə haqqında”, "Standartlaşdırma haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri hazırlanmış, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun qəbul edilib. Məhz bu sənədlərin qəbulu Azərbaycan Respublikasında istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını genişləndirir.

Keyfiyyət infrastrukturu

Onu da qeyd edək ki, məhsulun rəqabətqabiliyyətliliyi bir neçə faktorla təyin olunur ki, həmin faktorların ən başlıcası keyfiyyət amilidir. Bu baxımdan Azərbaycan keyfiyyət infrastrukturu sisteminin - həyata keçirilən sınaq və kalibrləmə prosedurlarının, metroloji tutuşdurmaların, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın nəticələrinin beynəlxalq səviyyədə tanınması ixrac siyasətinin tərkib hissəsi hesab olunur. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu daha da təkmilləşdirilib.

İxrac imkanlarından istifadənin yolu...

Keyfiyyət infrastrukturunda dövlətlər arasında etibar qazanmaq da siyasi iqtisadi yolun əsas amillərindən sayıla bilər. Keyfiyyət infrastrukturu sahəsində beynəlxalq təşkilatlarda üzvlük və əməkdaşlıq ölkəmizin xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacib şərtlərdən sayıla bilər. Bu kimi məqamlarda, beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranmış olur. Qısa zaman kəsiyində bu istiqamətdə əldə edilən uğurlardan biri Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunub. Laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin edilib. Yeri gəlmişkən, Hazırda Dövlət Akkreditasiya Xidməti Avropa Əməkdaşlığı Təşkilatına (EA-European cooperation for Accreditation) assosiativ üzv olunması istiqamatində ciddi iş aparılır. Eyni zamanda, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), BMT-nin UNIDO, UNECE, UNDAF ixtisaslaşdırılmış qurumları, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatı (ILAC), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq Azərbaycan məhsullarının dünya bazarına çıxışını təmin edir.
Son dövrlər Azərbaycanda makroiqtisadi stabilliyin mühüm elementi olan valyuta gəlirlərinin davamlılığının təmin edilməsi məqsədilə ixrac gəlirlərinin neftdən asılılığını azaldacaq iqtisadi siyasət tədbirlərinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Ölkənin qeyri-neft ixracının genişləndirilməsinə xidmət edəcək bu tədbirlərin ən əhəmiyyətlilərindən biri heç şübhəsiz ki, ixracı dəstəkləyəcək ayrıca bankın yaradılması ola bilər.

Dünya bazarında "Made in Azerbayjan” brendinin tanınması

Bu gün "Made in Azerbayjan” brendini tanıtmaq məqsədi ilə bir çox ciddi layihələrə imza atılır.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 oktyabr 2016-cı il tarixli fərmanı ilə xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, eləcə də "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı qaydalar təsdiqlənib. Burada "Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan qeyri-neft məhsullarının keyfiyyət və qiymət sarıdan rəqabətqabiliyyətli olması qarşıda əsas məqsəd kimi dayanır. Məlumat üçün bildirək ki, Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən "Gulfood 2017” sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycanın "Azprotein” şirkəti ilə BƏƏ-nin "General Tradeing Company” şirkəti arasında Dubaya ət ixracına aid müqavilə imzalanıb. Eyni zamanda, Azərbaycanın "Asicm” şirkəti Küveytə meyvə-tərəvəz, "AHEC” şirkəti Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq ixracına dair təkliflər alıb, "Astara tea” və "Kercom” isə Dubaya çay və bal ixracına dair ərəb şirkətləri ilə danışıqlar aparılır. Ölkə başçısının tapşırığına əsasən, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, təbliği sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Belarus Respublikasının paytaxtı Minsk şəhərində "Azərbaycan Ticarət Evi” MMC yaradılıb. Belarusiyada yaradılan "Azərbaycan Ticarət evi” 20 fevral 2017-ci il tarixində Minsk Şəhər İcraiyyə Komitəsi tərəfindən qeydiyyata alınıb.
Ölkənin ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək verilməsi məqəsədilə (www.export.az) portalı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılıb.
Prezident İlham Əliyev tərəfindən həmçinin böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub.
Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi də məhz bu məqsədi daşıyır. Məhz sözügedən strategiyada keyfiyyət infrastrukturu sahələrinin inkişafına yeni yanaşma Azərbaycan məhsullarının dünya bazarlarına çıxışı üçün etibarlı təminat yaradır.
Azərbaycanın qeyri-neft məhsullarının ixrac potensialından danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, ixracat potensialının artırılmasıprioritet məsələdir: "İxracat potensialında düzgün qərarlar vermək və rəqabətə davam gətirə biləcək məhsulların bazara çıxarılması çox önəmlidir. Təəssüf ki, biz hələki texnoloji məhsulların istehsalı sahəsində bazara çıxmaq imkanlarına malik deyilik. Bundan sonra istehsal etsək də, bu məhsulun bazara çıxarılması, tanıtılması, özünə müştəri tapması zamana bağlı məsələdir. Hələlik bizim əlimizdə olan kənd təsərrüfatı və aqrar sahədir ki, burada Azərbaycan məhsulları qonşu, yaxın ölkələrdə tanınır, keyfiyyətindən xəbərdardılar. Potensial olaraq qısa zaman kəsiyində kənd təsərrüfatı sahəsində istehsalı artırıb ixrac imkanlarını təmin etmək mümkündür. Əsas bazarımız da Rusiya bazarıdır. Ötən ilin kənd təsərrüfatı məhsullarının ixracında təxminən 80 faizdən bir az da yuxarı Rusiya bazarı mühüm rol oynayır. Böyük bazardı. 145 milyonluq bazarda Azərbaycan kənd təsərrüfatı məhsullarının payı heç bir faiz təşkil etmir. Bu çox kiçik rəqəmdir. Ancaq bunu intensiv olaraq artırmaq olar. Bu da ölkəyə əlavə valyuta gətirəcək. Fikrimcə, kənd təsərrüfatı sahəsinə daha çox diqqət yetirilməli, fermerlərin qısa zaman kəsiyində bazara çıxış imkanlarını, logistik imkanları təmin etmək vacibdi. Dövlət tərəfindən imkanlar yaratmaqla onlara uzunmüddətli və kiçik faizli kreditlərin verilməsi, bazar tanıtımında yardımçı olması bu sahədə potensialın ortaya çıxmasında çox mühüm rol oynaya bilər. İkinci sahə kimi biz çalışmalıyıq ki, yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarını obrazlı desək, bağçadan, sahədən, bazara deyil, yarımfabrikat halına salaraq bazarlara çıxarmaq daha sərfəlidir. Gəlir baxımından da bu daha sərfəli sayıla bilər. Çünki hesablamalar da göstərir ki, aqrar sənaye sahələri inkişaf etdikcə, sırf kənd təsərrüfatı sahəsi deyil, emal olunmuş məhsul, yarımfabrikat kimi bazara çıxarmaq gəlirin iki dəfə çox əldə olunması deməkdi. Çalışmalıyıq ki, kənd təsərrüfatı məhsullarının artıq emal olunmuş formada, yarımfabrikat şəkildə bazarda rəqabətə girməsi istiqamətində ciddi addımlar ataq. Bu gün Azərbaycanda bu sahədə müəyyən işlər görülüb, konserv zavodları tikilib. Bu sahəni bir qədər də genişləndirmək və inkişaf etdirmək üçün əlimizdə olan maksimum imkanlardan istifadə etmək daha sərfəli olar. Burada keyfiyyət, rəqabətədavamlı olmaq məsələsinə daha çox diqqət yetirmək lazımdı. Bu gün aqrar sənaye inkişaf etdikcə, kənd təsərrüfatı məhsullarını emal olunmuş məhsul kimi dünya bazarına çıxarmaq mümkündü. Çalışmalıyıq ki, kənd təsərrüfatı məhsullarının artıq emal olunmuş formada bazara çıxarmaqla iki dəfə valyuta əldə edə bilərik. Azərbaycanda konserv zavodları tikilib. Amma bunlar kifayət etmir. Rəqabətə davam gətirmək üçün keyfiyyət və qiymətdə öndə olmalıyıq ki, bazarları tuta bilək. Çünki bu gün sahədə çox böyük rəqabət var və rəqiblərimiz də yaxın ölkələrdi - Türkiyə, Gürcüstan, Rusiyadı. Əsas rəqiblərimiz də eyni ölkələrdi, maraqlısı odur ki, bazarımız da əsasən bu ölkələrdən ibarətdi. Ona görə də həm bu ölkələrin təcrübəsini öyrənmək və eyni zamanda onların səhvlərini təkrar etməməklə, daha ucuz və keyfiyyətli məhsulların dünya bazara çıxarılmasına nail olmaq lazımdı. İxrac siyasətində bu, başlıca prioritet olmalıdır. Başqa sahələrin inkişafı həm bizdən zaman alar, həm də böyük investisiya tələb edir. Eyni zamanda başqa sahələrin inkişafı elmi bazanın da yaradılmasını tələb edir ki, bu gün bu, əlavə zaman itkisidir. Qarşımıza məqsəd qoysaq ki, sabah biz texnoloji məhsulları bazara çıxaraq, bu, böyük zaman istəyəcək. Bu sahənin inkişafı ən azı 10 il bizdən zaman və bu sahədə təhsil bazası tələb edəcək. Bir az da bədii şəkildə desək, göydə ulduz tutmaq eşqi ilə yaşamaqdansa, əlimizdə olan real imkanları daha düzgün dəyərləndirməklə kənd təsərrüfatı və aqrar sahənin imkanlarından səmərəli isifadə etməklə daha çox gəlir əldə etmək mümkündü”.

Tahirə Məmmədqızı

Yazı Standartlaşdırma,
Metrologiya və Patent üzrə
Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.