"Suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik"
Dünyada iqlim dəyişikliklərinin sürətlənməsi və su ehtiyatlarının azalması qlobal miqyasda ciddi narahatlıq doğurur. Göllərin və çayların quruması, yağıntıların qeyri-sabit xarakter alması bir çox ölkəni su qıtlığı riski ilə üz-üzə qoyub. Cənub qonşumuz İranla yanaşı, qardaş Türkiyə də bu təhlükəni açıq şəkildə hiss etməyə başlayıb. Xüsusilə milyonlarla insanın yaşadığı İstanbulda quraqlığın davam etməsi və su anbarlarında doluluq səviyyəsinin kritik həddə — 17 faizə enməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. İstanbulun su anbarları həyəcan siqnalı verir.
Mütəxəssislər artan əhali, şüursuz su istehlakı, urbanizasiya, nasaz kranlar, üstü örtülərək bağlanan dərələr və qlobal istiləşmə kimi bir çox səbəblərin
İstanbulun su təhlükəsizliyini təhdid etdiyini bildirir və problemin artıq gələcək deyil, bu günün reallığı olduğunu vurğulayırlar.
İstanbulda İSKİ-nin məlumatlarına görə, İstanbulun əvvəlki illərlə müqayisədə kifayət qədər yağıntı almamasının səbəbi, artan əhali ilə yanaşı təbii qaz istifadəsinə bağlı istilik adaları ilə izah olunur.Mütəxəssislər bildirirlər ki, yağış buludları şəhərin üzərinə gəldikdə istilik adaları səbəbindən dağılır. Həmçinin şəhərdə xırda görünən bir çox amilin quraqlığı təşviq etdiyi vurğulanır.
Nasaz krantlar, lavaboda normadan artıq su sərfi, avtomobil yuyulması kimi hallar illik orta hesabla böyük su itkilərinə səbəb olur.
Dəniz suyunun təmizlənməsi və gümüş yodid ilə buludların toxumlanaraq yağışın artırılması prioritet həll yolları arasında göstərilir.
İstanbul Ətraf Mühit Şurasının baş katibi Zafer Murat Çetintaş şəhərin su problemi ilə bağlı dəyərləndirmə aparıb:“İstanbulda anbarların 100 faiz dolu olması cəmi 5-6 ay kifayət edir. İstanbulda su problemi heç vaxt bitməyib, amma bunun həll yolları da var”.
Çetintaş qeyd edib ki, keçmişdə İstanbulda 123 dərə var idi, lakin onların bir hissəsi bağlanaraq yox edilib:“Yağış sularının 70 faizi adətən dənizlərə axır, halbuki əvvəl anbarlara gedirdi. İstanbulda təxminən 4,5 milyon bina var. İş yerlərini və sənaye zonalarını da əlavə etdikdə bu rəqəm daha da artır.”
Su qıtlığının İstanbul üçün mənfi gələcək vəd etdiyini bildirən Çetintaş sözlərini belə davam etdirib:“Dünyada 125 şəhərdə dəniz suyu təmizlənərək istifadə olunur. İstanbulda dəniz suyunun təmizlənməsi üçün ən uyğun yerlər Papuçdere və Kazandere anbarlarıdır. Burada qurulacaq dəniz suyu təmizləmə qurğusu ilə İstanbulun su problemi həll oluna bilər. Çünki Qara dənizin duzluluq dərəcəsi mində beşdir və bu, onun asan təmizlənməsinə imkan verir. Bu, bizim ən əsas həll yollarımızdan biri olmalıdır. İSKİ "krand bizdən" kampaniyasına başlayaraq nasaz kranların təmirini təmin edən layihə həyata keçirməlidir. Tualetlərdə sifon çəkilərkən daha az su istifadə etmək üçün çənlərin içinə iki litrlik su şüşəsi qoyulmalıdır.”
Qonşu ölkələrdəki su qıtlığı fonunda Azərbaycanda da su ehtiyatları o qədər də böyük deyil. Ölkənin su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdən gələn çay sularından asılıdır. Hesablamalara görə ümumi ehtiyatlar 32 milyard kub metr təşkil etsə də, real rəqəmlər 12-13 milyard kub metr həddindədir. Bu ehtiyatların əsas hissəsi Kür və Araz çaylarının hövzəsində cəmlənib. Kiçik çaylarımız da mövcuddur, lakin onların təsiri məhduddur. Həm yerüstü, həm də yeraltı su ehtiyatlarımız zamanla azalıb
Azərbaycanda adambaşına düşən su ehtiyatları 1000-1200 kub metr arasında dəyişir ki, bu da kifayət qədər aşağı göstəricidir.
Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır:
“Eyni proseslər qonşu ölkələrdə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir. Müvafiq qurumların hesablamarına görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik. Eyni zamanda, getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər”.
Ekoloq qeyd edib ki, su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar. Azərbaycanda da tədricən bu istiqamətdə işlər görülməsinə başlanılıb: "Hazırda Azərbaycanda milli su strategiyası işlənilməkdədir. Bir mütəxəssis kimi həmin strategiyadan gözləntilərim böyükdür. İnanıram ki, milli su strategiyası yaxın onilliklər ərzində Azərbaycanda su sektorunda baş verəcək dəyişikliklərə yol açacaq".