"OpenAI" şirkətinin rəhbəri Sem Altman bildirib ki, süni intellektin sürətli inkişafı və tətbiqi "qlobal əmək bazarı apokalipsisi"nə (kütləvi işsizliyə) səbəb olmayacaq.
Oxu.Az xəbər verir ki, o, bu fikirləri Avstraliyanın Sidney şəhərində keçirilən "Commonwealth Bank of Australia" konfransına videobağlantı vasitəsilə qatılarkən səsləndirib.
S.Altman qeyd edib ki, əvvəlki gözləntilərinin əksinə olaraq, süni intellekt hələlik ofis işlərində başlanğıc səviyyəli vəzifələrdə düşündüyü qədər böyük ixtisarlara yol açmayıb. Onun sözlərinə görə, süni intellekt bir çox sahələrdə daha aktiv rol oynasa da, iş prosesində "insani faktor" hələ də əvəzolunmaz olaraq qalır.
Şirkət rəhbəri maraqlı bir nümunə də gətirib. O, "Slack" mesajlarına və elektron poçtlara cavab vermək üçün şəxsən süni intellektdən istifadə etməyə çalışdığını, lakin daha sonra yenidən bu işi özü görməyə qərar verdiyini etiraf edib. S.Altman buna səbəb kimi iş mühitində canlı insan ünsiyyətinin vacibliyini göstərib.
O, sonda bir daha vurğulayıb ki, bəzi analitik şirkətlərin proqnozlaşdırdığı kimi yaxın gələcəkdə kütləvi işsizlik apokalipsisi gözlənilmir.