"Bankların vəziyyəti çox pisdir, kredit fəaliyyətləri də dayanıb"



"Yalnız "Bank VTB" (Azərbaycan) ASC-nin və "NİKOYL İKB" ASC-nin deyil, digər banklar da filiallarını bağlayırlar”.

Bunu Sherg.az-a "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialına verilmiş icazələrin ləğv edilməsinə münasibət bildirərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, bankların bağlanma səbəbləri vəziyyətin ağır olması, problemli kreditlər həddən artıq çox olmasıdır:

"Əhali əmanətlərini banklardan çıxarır. Bankların vəziyyəti çox pisdir və kredit fəaliyyətləri də demək olar, dayanıb. Bankların birləşməsi əslində yaxşı olardı. Məsələn, "NİKOYL” və "bank VTB” hər ikisi Rusiyanın Azərbaycanda fəaliyyət göstərən banklarıdır və onlar birləşsə, daha yaxşı olardı. Lakin Azərbaycan şəraitində nə bu, nə də digər bankların birləşməsini gözləmirəm. Çünki bu bankların fəaliyyəti qeyri-şəffafdır. Birləşmə o deməkdir ki, məsələn, bir bankın aktivləri 100 milyondur, digəri isə 900 milyondur. Birləşəndə ilk baxışdan banklarda pay nisbəti həmin aktivlərə görə müəyyən olunmalıdır. Daha böyük bankın payı da daha yüksək olmalıdır. Amma bütün məlumatlar düz verilməlidir. Yəni, ola bilər ki, bank 900 milyon aktiv olduğunu bildirsin, amma reallıqda o qədər pulu yoxdur. O pullar çoxdan yeyilib, xərclənib, batırılıb və s. Bu zaman banklar arasında etibarın mövcud olması mümkün deyil. Banklar biri o birinə sənəd verdikdə, hər hansı problemin həlli vacib olduqda ortada etibar olmadığına görə, gərginləşmə yarana bilər. Buna görə, banklarımıza əsas ziyanı vuran elə bank sahibləri özləridir. Onlar öz banklarından hər şeyi oğurlayıblar. Buna görə birləşmə də mümkün deyil”.

Qeyd edək ki, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını bildirib.

Ayyət Əhməd