"Ermənistan proqnozlaşdırılması mümkün olmayan dövlətdir. Çünki onun ipi başqasının əlindədir”.
Bunu Sherg.az-a Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd etməsinə münasibət bildirərkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O diqqətə çatdırıb ki, Ermənistan özü qərar qəbul etmək iqtidarında deyil. Onun iqtisadiyyatı, hərbisi başqa dövlət tərəfindən idarə olunursa, o dövlət heç vaxt müstəqil qərar qəbul edə bilməz:
"Buna görə zaman-zaman müəyyən cəhdlər edib, vəziyyəti gərginləşdirir. Bu cəhdlərin də arxasında kimlərin olduğunu çox yaxşı bilirik. Ermənistan həmin dövlətlər, qurumlar tövsiyələr verdikdə təxribatlara əl atır. Hazırda beynəlxalq qurumlar çalışır ki, prezidentlər bir araya gətirilsin. ATƏT-in Minsk qrupu iki ölkənin prezidentlərinin görüşlərini təşkil etmək belə istəyi haqqında bəyanat verir. Hələlik bu görüşün nə vaxt keçiriləcəyi bilinmir. Bu görüş birinci yarım ildə baş tutacaq. Prezidentlər görüşəcək, çünki onlara hesabat lazımdır və bunun üçün iki ölkə prezidentini bir araya gətirəcəklər. Bunun ən yaxşı münbit yolu isə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, toqquşmalar yaratmaqdır. Millət vəkilləri, politoloqların səsləndirdiyi fikir də ondan ibarətdir ki, cəbhədə mütləq mənada toqquşma baş verəcək.
Çünki Ermənistan heç bir halda torpaqları işğaldan azad etmək fikrində deyil. Çünki ona hələlik belə göstəriş gəlməyib. Əgər göstəriş gəlsə idi, biz hansısa işartıları eşidəcəkdik. Digər ciddi amil odur ki, Ermənistanın öz daxilində ayın 2-dən sonra baş tutmuş seçkilərdə Ermənistanın hazırkı güclü müxalif qüvvələri seçkilərin nəticələrini tanımırlar. Onlar deyirlər ki, biz bununla barışmayacağıq. Hansı hadisələrin baş verəcəyini də indidən demək çox çətindir. Ona görə, biz xalqı küçələrə səsləmirik, amma müqavimət imkanlarından da istifadəni kənara qoymuruq. Bu, o deməkdir ki, ötən il Ermənistanda baş verən silahlı insident, ya da silahlı toqquşma və ya cəbhə xəttində toqquşmalar mümkündür. Çünki Ermənistanın indiki hakimiyyətini, formalaşacaq parlamentini gözdən salmağa çalışacaqlar”.
Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycanın yaranmış vəziyyətlə barışmayacağı hər kəsə məlumdur. Azərbaycan sonsuz dözüm nümayiş etdirə bilməz:
"Bunun bir sonu olmalıdır. Ölkə başçısı da yaxın zamanlarda cəbhə bölgəsinə səfərlərini edəcək. Düşünürəm ki, Ermənistana konkret mesajlar veriləcək. Bunların da məqsədi o olacaq ki, Ermənistan ya konkret qərar qəbul etməlidir ya da Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında heç kimi gözləmədən öz qərarlarını qəbul edəcək”.
Qeyd edək ki, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Aysel Aslan