Beynəlxalq Bankın baş direktoru: "Kreditlər girovsuz verildi" - MƏHKƏMƏDƏN




Milli Məclisinin sabiq deputatı, Beynəlxalq Bankdan kredit alıb qaytarmamaqda təqsirləndirilən Dünyamin Xəlilov və Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Əsgər Məmmədov bildirib ki, əvvəllər Beynəlxalq Bankda çalışıb: "Bankda əvvəlcə departament rəisi, sonra idarə heyətinin sədr müavini işləmişəm. Öz ərizəmlə işdən çıxmışam. Dünyamın Xəlilova kreditlərin ayrılması barədə məlumatım olmayıb. Emin Mustafayev kreditlərin ayrılmasına nəzarət edib".

Şahid Fuad İslamov bildirib ki, Beynəlxalq Bankda baş direktor vəzifəsində işləyir: "Dünyamin Xəlilov və Şakir Musayevi tanıyıram. 2009-2010-cu illərdə kredit komitəsinin üzvü olmuşam. Kredit alan şirkətlərin sənədlərinə imza etmişəm. Bizə sənədlər verilirdi, həmin sənədlərə uyğun olaraq kreditlərin ayrılması təhlil olunurdu. Mən birbaşa rəhbərlikdən tapşırıq almamışam. O vaxtı kredit komitəsinin sədri Emin Mustafayev və sonra Akif müəllim olub.1 Komitənin 7 üzvü olub. Tək mən imza etməsəydim, digər 6 nəfər imza etsəydi, kredit qeyd olunan şirkətə ayrılacaqdı. Kreditlərin verilməsini bizdən başqa İdarə Heyəti, məbləğ böyük olduqda isə Müşahidə Şurası yoxlayırdı. Kreditlərin verilməsinin arxasında layihələr dururdu. Amma sənədləşmə işlərində layihələr olub. Həmin layihələrə uyğun kreditlər verilib. Bəzi kreditlər verilərkən girovu olmayıb. Kredit Komitəsinin sədri bizə deyirdi ki, tapşırıq gəlib və buna imza atılmalıdır. Deyilənə görə, göstəriş rəhbərlik tərəfindən verilirdi. Verilən hər bir kredit hansısa layihələrə əsaslanırdı".
Digər şahid Viktoriya Xəlilova bildirib ki, Dünyamin Xəlilova aid bir neçə təşkilatda baş mühasib olub. "Müstəntiq pulların köçürülməsini soruşub. Bildirmişəm ki, vergi və digər podratçı şirkətlərə pulların köçürülməsində iştirak etmişəm. Tapşırığı da Dünyamin Xəlilovdan almışam".
Proses aprelin 13-də davam edəcək.
Qeyd edək ki, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.