Qadınlar bunu bilməlidir...

Boşanmadan da mütləq aliment ödənməlidir
“Ödəmədikdə isə borclu qalır, 5 il də, 10 il də keçsə, məhkəmə qərarı ilə alimenti ödəyəcək”

Südəmər uşaq olan ailələrdə bəzi hallarda münaqişələr zəminində tərəflər boşanmaq istəsələr də, məhkəmə boşanmanın həyata keçirilməsi üçün 1 il gözləməyi məsləhət görür. Bəs bu ərəfədə uşağı ilə tək yaşayan qadın və ya kişi aliment ala bilərmi? Məlumata görə, artıq boşanmadan da aliment almaq mümkündür. Qanunvericilik qarşı tərəfə boşanmaya qədər alimenti ödəməyi tələb kimi qoyur. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir.

Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi ilə bağlı ictimaiyyətdə hər zaman problemlər yaşanıb, bu gün də yaşanmaqdadır. Məlum məsələdir ki, bəzən rəsmi şəkildə boşandıqdan sonra aliment ödəməli olan şəxs bundan boyun qaçırır. Bəs boşanmadan buna əməl edənlər olacaqmı?

Alimentin cəmiyyətimizdə aktual məsələ olduğunu deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bəzi qadınların belə hallardan məlumatsız olduğunu vurğulayıb. Məhz bu səbəbdən də bu sahədə müəyyən problemlər, xoşagəlməz hallar baş verir.

Birlik sədrinin sözlərinə görə, iqtisadi zorakılıq olan ailələrdə uşaqların təhsili və digər məsələlərdə qadına dəstək verilmir. Sonda isə qadın məcbur qalaraq qarşı tərəfdən aliment tələb edir: "Uzun müddətdir ki, praktikada boşanmadan aliment verilməsi məsələsi var. Tərəflər ayrı yaşayırlar, amma boşanmayıblar. Evdə körpə uşaq və ya hamilə qadın olarkən hələ ki, qanunvericilik boşanmağa imkan vermir, ona görə də alimentin ödənilməsi tələbi qoyulur. Belə hallar hər zaman var. Təəssüf ki, bəzi insanların məlumatı olmur və lazımlı imkanlardan bəhrələnə bilmirlər. Yaxşı ki, məsələ aktuallaşıb və qadınlar məlumatlı olacaqlar. Bildiyimiz kimi, bəzi hallarda alimenti ödəyirlər, amma bəzi hallarda bundan imtina edirlər. Ödəmək istəyən adam onsuz da alimenti ödəyir. Ödəmədikdə isə borclu qalır, 5 il də, 10 il də keçsə, məhkəmə qərarı ilə alimenti ödəyəcək”.

Yeganə Bayramova