Media mənsublarının fikri haçalandı

Ciddi mətbuat cılız məişət mövzularından uzaqlaşmalıdır
Jalə Mütəllimova: “Ölkədə medianın məişət və şou səviyyəsinə enməsinin ziyanını təkcə media çəkməyəcək”


Anar İmanov:
"Yazmaq və ictimai qınaq yaratmaq vacibdir”

Naibə Qurbanova:
"Media başbilənləri əmisinə qoşulub qaçan qızın
xəbərlərinin əl-əl gəzdiyini görüncə, bu məzmunlu xəbərlərə üstünlük vermək məcburiyyətində qalır”

Elşad Məmmədli:
"Ölkədə baş verən siyasi-ictimai hadisələr, sosial problemlər də mətbuatda kifayət qədər işıqlandırılır”

İlham Quliyev:
"Mürəkkəb bir situasiyadır. Heç kim KİV-ə
bu tipli xəbərləri yazmayın deyə bilməz”



Son zamanlarda medianın gündəmini məişət problemləri zəbt edir. Belə xəbərlər siyasət, sosial problemlər və ölkədə baş verən digər vacib hadisələrlə bağlı məlumatlardan daha çox oxunur. Bu isə cəmiyyətdə müəyyən fikir ayrılıqlarına yol açır. Bir çoxları bunu medianın işinin bir tərkib hissəsi kimi görsə də, digər qrup hesab edir ki, medianı bu lazımsız məsələlərə doğru yönəldib, gərəksiz gündəm yaratmaq düzgün deyil.

Bu məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Jurnalist Jalə Mütəllimova da o fikirdədir ki, medianın gündəmini ayrı-ayrı insanların məişət problemləri zəbt edib. Konkret ailələr az qala bir aya qədər bir yox, bütün media orqanlarının və deməli, ölkənin də gündəmini tutur: "Bu tələbatdır, yoxsa medianın işgüzarlıq səviyyəsinin aşağı olması desəniz, həm tələbatdır, həm də medianın artıq məişət səviyyəsinə endirildiyinin göstəricisi deyərdim. Bunun ən təhlükəli tərəfi isə artıq insanların da bu xəbərlərə alışmasıdır. 

Məhdud sayda mövcud olan adamlar var, amma çoxluq olmadıqları üçün peşə və etika normaları çərçivəsində gördükləri iş onlara qazandırmır, uduzurlar. Bu təkcə cəmiyyət üçün yox, media və ölkə üçün zərərli tendensiyadır. Baxın, bir Qarabağ müharibəsi əlilinin durumu, bir sosial problem, hətta bir icra başçısı haqqında çox ciddi ittiham belə davamlı gündəm olmur. Bir, uzağı iki gün danışıla bilir bu mövzu ətrafında. Ona görə yox ki, media bunu bacarmır, ona görə ki, kimsə bəlli kriteriyalardan çıxa bilmir. Bu situasiyada media da enməli olur aşağı, məişət səviyyəsinə. Və kimlərinsə sevgi əlaqələri, intihar səbəbləri, zorlama olayları gündəmdə qalır”.

Həmkarımız hesab edir ki, bu mənzərənin özündən belə nəticə çıxarmaq lazımdır. O mənada ki, media böyük qüvvədir. İstənilən problemin üzərinə öndən media, sonra isə dövlət getsə, bəlkə də üst-üstə bu qədər yüklü məmur və jurnalist ordumuz olmaz: "Onu da deyim ki, xoş olmasa belə xəbər yüklü olduğuna görə məişət səviyyəli xəbərləri də tirajlamaq məcburiyyətindədir media. Amma və lakin bu tip xəbərlər əsla manşet deyil, olmamalıdır. Bu gün həm də müəyyən maliyyə problemləri, reklam bazarına girə bilmək üçün İP qazanmaq məcburiyyətindədir media. Onu məişət səviyyəsinə enməyə məcbur qoyan səbəblərdən biri də budur. Ölkədə medianın məişət və şou səviyyəsinə enməsinin ziyanını isə təkcə media çəkməyəcək. Təsəvvür edək, önümüzdə böyük ayna var. Özümüzü görməli olduğumuz, o ayna çatlayıb, yerə tökülməsi an məsələsidir və bu faciədən kimin nə qədər salamat çıxacağı bəlli deyil”.

J.Mütəllimovanın sözlərinə görə, media problemləri ilə məşğul olanlar mediaya işləməyə şərait yaratmalıdırlar. Şərait təkcə mövcud maliyyə problemlərini çözmək deyil: "Azərbaycanı gerçəkdən sevən, işinin peşəkarı olan, ədaləti və vicdanı zədəsiz daha çox adama meydan vermək lazımdır”.
Milli.az informasiya portalının baş redaktoru Anar İmanov isə deyib ki, bəli, bəzən hansısa məsələ gündəmi "zəbt edir” və günlərlə media bu haqda yazır. Amma o buna qarşı olmadığını deyib: "Digər yanaşma budur ki, bəzi həmkarlarım deyir ki, bu məsələlər bu qədər ictimailəşdirilməməlidir. Buna isə mən qarşıyam. Bəli, bu cür həssas informasiyalara müəyyən etik çərçivələrdə yanaşmaq lazımdır, amma tam olaraq yazmamaq olmaz. Yazmaq və ictimai qınaq yaratmaq vacibdir. Bu məsələlər şişirdilmədən, pafossuz şəkildə cəmiyyətə çatdırılmalıdır. Bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır və günahkarlar cəzalarını çəkməlidir. Son olaylarla bağlı düşünürəm ki, ən azı ömürlük həbs verilməlidir. Məsələn, 7 yaşlı uşağın çəkiclə atası tərəfindən öldürülməsi. Bəli, bu ata deyə bilər ki, uşaq mənim deyil, amma bu məqam heç nə anlamayan balacanı öldürməyə əsas vermir! Digər bu cümlə - "Ona görə onu öldürdüm ki, yoldaşımın bu uşaqdan daha çox xoşu gəlirdi” . Son cümləni şərh etmək üçün hansısa sözləri tapa bilmirəm...”
Gəncədə baş verən hadisənin Azərbaycan üçün çox ağır məsələ olduğunu qeyd edən baş redaktor hesab edir ki, sadəcə, insanlığın bitdiyi yerdir.
Bu cür informasiyaların mənfi hadisələri daha da qabartması ilə bağlı iddialara gəldikdə isə A.İmanov deyib ki, bu, çox vacib bir məqamdır: "Çünki elə insanlar var ki, əsəbləri zəifdir. Bəli, bu məsələləri də nəzərə almaq lazımdır. İfratçılıq heç bir halda düzgün deyil. Amma bu o demək deyil ki, bu cür məsələlərdən yazılmamalıdır. Yazılmalıdır və günahkarlar cəzalarını almalıdır. Bəlkə o birilərinə də bu müəyyən dərs ola bilər”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova isə deyib ki, media heç də mövzu qıtlığı səbəbindən məişət xəbərlərini gündəmə gətirmir: "Əslində indi mövzu qıtlığı yoxdur. İqtisadiyyatdan siyasətə, beynəlxalq vəziyyətədək kifayət qədər mövzu var. Amma bunu təqdim edib ortaya çıxaracaq media, araşdıracaq, analiz edəcək jurnalistlər çox azdır.
Belə olan halda gündəmi məişət mövzularının zəbt etməsi təbiidir. Heç bir media qurumu dünyanın qaynar nöqtəsi Suriyaya müxbir göndərməkdə maraqlı deyil. Çətindir. Əvvəla, buna maliyyə lazımdı, sonra ora göndəriləcək peşəkar müxbir, daha sonra o materiala oxucu tapılmalıdır. Nəyinə gərək?
Ondansa oturub evindən qaçan gəlin obrazı uydurmaqla olub- olmayanı yazır, sosial media isə bu cür materiallar üçün münbit "bazardır”.
İkinci məqam keyfiyyətli yazı olduğu təqdirdə ona oxucu tapılması məsələsidir. Məlum məsələdir ki, hər bir cəmiyyətin mənəvi, mədəni zövqünü və informasiya qəbul etmək səriştəsini də elə informasiya istehsal edən mərkəzlər müəyyənləşdirir. Media başbilənləri əmisinə qoşulub qaçan qızın xəbərlərinin əl-əl gəzdiyini görüncə, bu məzmunlu xəbərlərə üstünlük vermək məcburiyyətində qalır. Təəssüf ki, reytinq, İP xəstəliyi ciddi saytları da o cür xəbərlərin əsiri edib. Cəmiyyətin maraqları kiçilib, məişət səviyyəsinə enib. Media da məhsulunu satmaq üçün bu maraqlardan çıxış etməyə məcburdur”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin sözlərinə görə, indi başı çıxan da, çıxmayan da istənilən məsələ ilə bağlı medianı haqlı-haqsız günahlandırmağa sanki adət edib. Hansı ki, media əslində cəmiyyətin güzgüsüdür və saytlarda, qəzetlərdə məhz elə medianı suçlamaq istəyən cəmiyyətin üzvlərinin hərəkətləri, davranışları işıqlanır: "Deməli, problem güzgüdə deyil, insanlardır. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə odur ki, ölkədə baş verən siyasi-ictimai hadisələr, sosial problemlər də mətbuatda kifayət qədər işıqlandırılır. Yenə də cəmiyyətin günahıdır ki, minlərlə yazının, xəbərin içərisindən hansısa bir əxlaqsız hadisə ilə bağlı yayılan xəbəri özü üçün prioritet seçir, onu müzakirəyə çıxarır. Hadisə baş veribsə, işıqlandırılmalıdır. Amma təbii ki, media həm də etik çərçivələri qorumalı, bəzi məsələləri üstüörtülü yazmalı, azyaşlıların şəklini göstərməməli, adları şərti olaraq yazmalıdır və s. Lakin bu heç kimə əsas vermir ki, medianı hansısa xəbəri tirajlamaqda suçlasınlar. Media məhz elə cəmiyyətin güzgüsüdür, insanlar bunu unudurlar”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin fikrincə, bu cür xəbərlərə dünyanın istənilən ölkəsində tələbat var. İnsanlar belə xəbərləri oxumağa meyilli olurlar: "Tələbat olduğundan media da yazmaqda maraqlı olur. Digər tərəfdən bu məsələlər həm də oxucunun intellektual səviyyəsindən asılıdır. Bəzi insanlar siyasətlə maraqlanmırlar, amma məişət mövzuları onlar üçün maraqlıdır. Belələri siyasi xəbərlərə etinasız yanaşır, amma hardasa məişət mövzusunda nəsə görəndə onu oxuyurlar. Beləliklə də, belə xəbərlərin oxunma sayı çoxalır. Digər tərəfdən, nəzərə almalıyıq ki, Şərq insanında belə xəbərlərə maraq həmişə olub. Yəni biz Qərb insanı kimi soyuqqanlı ola bilmirik. Bu, məişət səviyyəsindəki xəbərlərə münasibətdə də özünü göstərir. Bunun qarşısının alınması yolları barədə konkret nəsə təklif etmək çox çətindir. Mürəkkəb bir situasiyadır. Heç kim KİV-ə bu tipli xəbərləri yazmayın deyə bilməz. İnzibati yolla məhdudlaşdırma da işlək mexanizm deyil və çox vaxt lazımi effekti vermir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb