Müəllimlərin işə qəbulu qaydaları dəyişir - Təhsil Nazirliyi




Müəllimlərin işə qəbulu ilə bağlı bu il dəyişikliklər ediləcək. Yeni qaydalar artıq hazırlanıb və müzakirəyə təqdim olunub. Müzakirə nəticəsində daxil olan təkliflər, əlavə və dəyişikliklər də nəzərə alınacaq və layihə təsdiq üçün rəhbərliyə təqdim olunacaq" .

Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib. O qeyd edib ki, edilən yeniliklər müəllimlərin xeyrinə olan və işini yüngülləşdirən dəyişikliklərdir. Prosesin daha da optimallaşdırılması gözlənilir. Amma texniki dəyişikliklərlə yanaşı, funksional, məqsədli dəyişikliklər də olacaq.

Hər il olduğu kimi bu il də müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu yay aylarında başlayacaq. Dəqiq tarix məlum deyil.

E. Bağırov deyib ki, ümumiyyətlə, respublikada olan müəllimlərin böyük əksəriyyətini ibtidai sinif müəllimləri təşkil edir. Və buna görə işdən azad olunmadan yaranan vakansiyalar da daha çox ibtidai sinif müəllimliyi üzrədir. Eyni zamanda şəhər məktəblərində şagird sayı çox olduğu üçün siniflərin sayının artırılması müşahidə olunur. Buna görə təbii ki, ibtidai sinif müəllimlərinə ehtiyac daha çoxdur. Bir də rus bölməsi üzrə müəllimlərə ehtiyac daha çoxdur. Məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə müəllimlərin də çatışmadığını deyirlər. Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri müsabiqə yolu ilə təyin olunmur. Onlar yerli təhsil idarəetmə orqanı ilə səfərbərlik və aidiyyəti hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən təyin edilir.
Bu il işə qəbul imtahanına əvvəlki illərdən daha çox sayda vakansiya çıxarılacaq. 2015-ci ildə 3500, 2016-cı ildə isə 3600-ə yaxın vakant yer var idisə, bu il vakant yerlərin sayı bu rəqəmlərdən çox olacaq.