Ana gəzməyə gedir, uşaq isə diri-diri YANIR - Valideyn səriştəsizliyi

Kəmalə Ağazadə: "Başlıca problem valideyn məsuliyyətsizliyinin artmasıdır”


"Hazırda uşaq hüquqları pozulması məsələsində başlıca problem valideyn məsuliyyətsizliyinin artmasıdır”.

Bunu Sherg.az-a Azərbaycanda uşaq hüquqlarının təmin olunmasından danışarkən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. 

O bildirib ki, uşaq hüquqlarının təmin olunmasına əsasən həssas qruplardan olan ailələrdə rast gəlinir:

"Çünki bu gün boşanmalar artıb, tək analar, qeyri-rəsmi nigahlardan dünyaya gələn uşaqlar da çoxalıb. Onların elə dünyaya gəlmək səbəbləri də valideyn məsuliyyətsizliyidir. Heç bir ailə modelinin olmamağı, mentallığın və mənəvi dəyərlərin gündən-günə aşağı düşməsi bu gün valideyn məsuliyyətsizliyi səbəbindən uşaqların ortada qalmasına gətirib çıxarıb. Qanunvericilik var, amma həmin valideynlər hüquqlarını, vəzifələrini bilirlərmi? Bax, problem budur. Bu gün uşağa baxıb, yazığı gəlib çox insan pul verəcək. Bu məqsədlə bəziləri uşaqların əməyindən istifadə edir, onları diləndirməklə yaxşı vəsait əldə edirlər. Bu da, əsasən roman tayfalarından olan qaraçı ailələrin ənənələridir. Amma biz ənənələr üzərində qurulmuş dövlət deyilik, qanunvericiliyə riayət etməliyik. Azərbaycan Uşaqlar Birliyinin nəzdində Uşaq Sığınacağı Renteqrasiyası artıq 7 ildir fəaliyyət göstərir. Bu müddət ərzində bura düşən uşaqların 95 faizi valideyn məsuliyyətsizliyi, valideyn biganəliyi səbəbindən ortalıqda qalanlardır”.

Uşaq əməyinin istismarı ilə yanaşı uşaqlara qarşı zorakılıq hallarının da artdığını qeyd edən K, Ağazadənin sözlərinə görə bəzən uşaqlar özləri polislərə müraciət edir:

"Məsələn, məktəblilərin "dispetçer" kimi işləməsi, hətta diləndirilməsi faktları kifayət qədər çoxdur. Bizim sığınacaqda elə uşaq var ki, özü polisə müraciət edib, "mən artıq dilənməkdən yorulmuşam, məni aparın, uşaq evinə” deyib. Sənədləri olmadığı üçün onun sənədləri düzələnə qədər bizim sığınacaqda qalıb. İnanın ki, onların valideynlərini axtarıb, tapanda, burada elə haray-həşir salırlar ki, biz etməmişik, biz göndərməmişik, xəbərimiz yoxdur, uşaq guya özü gedib dilənməyə. Yenə də məsuliyyət valideynlərin üzərinə düşür, çünki uşaq diqqətdən kənar qalmamalıdır. Uşağın şüurunda dilənmək deyə bir şey yoxdur. Bu şüura illər boyu yeridilən bir şeydir. Bu günlərdə balaca bir uşağın itkin düşməsi məsələsi bütün mediada işıqlandırıldı. Məlum oldu ki, uşağın internetdən asılılığı var və uşaq gecəsini gündüzünü internet klubda keçirir. Bunun günahı yenə valideyn məsuliyyətsizliyindədir. Uşaq əgər bu gün internet oyunlarından asılı vəziyyətdə qalıbsa, bunun səbəbi valideynin zamanında uşağa lazımi diqqət ayırmamağıdır. Zamanında uşağın təhsilinə fikir verilsə, valideynlər onların dərsləri ilə maraqlansa, bu cür hallar, asılılıqlar yaranmaz. Valideynlər tanıyıram ki, uşağının oxuduğu məktəbin illərlə qapısını belə tanımır, müəllimlərinin adını bilmir. Bu halda biz həmin uşaqdan nə gözləyə bilərik ki? Sabah o uşaq cəmiyyət üçün necə yaralı olacaq?”

Birlik sədri onu da əlavə edib ki, kriminal hadisələrə diqqət yetirdikdə uşaqların cinayətlərdə, oğurluqlarda, soyğunçuluqda adı hallanmasını müşahidə edərik: 

"Bu uşaqların valideyn məsuliyyətsizliyindən kənarda qalmasının bir daha sübutudur. Bu səbəbdən daha çox qanunlarla bağlı əhali arasında, xüsusilə, həssas qruplardan olan ailələr arasında məlumatlandırmanı daha da artırmaq lazımdır. Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsi bir statistika yayıb. Belə ki, uşaqlara qarşı zorakılıq qrupuna aid olan 4 min 114 ailə aşkarlanıb. Bunlar sadəcə müraciət daxil olan ailələrdir. İşıqlandırılmamış başqa ailələri nəzərə alsaq, onda bu say daha da artır. Bütün bu ailələr arasında maarifləndirmə işləri aparılmalıdır. Hər gün uşaq sığınacağına müraciətlər olur. Ən çox insanlar öz hüquqlarını bilməlidir. Sözsüz ki, valideyn hüquqlarını nə qədər çox bilərsə, uşağını da müdafiə edib, daha diqqətli davranar”.

Qeyd edək ki, bu gecə Biləsuvar rayonunun Zəhmətabad kəndində 4 yaşlı Abbasova Yağmur Mahir qızının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub. Lent.az xəbər verir ki, hadisə vaxtı azyaşlı qız evdə 13 yaşlı dayısı ilə birgə olub. Onun anası Jalə Abbasova nənəsi Aynurə ilə harasa qonaq gedibmiş. Bildirilir ki, Jalə Abbasova bir müddət əvvəl Mahir adlı şəxslə ailə qurub və çox keçmədən körpə qızı ilə anasının evinə qayıdıb. O, burada anası və kiçik qardaşı ilə birgə yaşamağa başlayıb. Dünən o, anası Aynurə ilə qonaqlığa gedib. Uşaq isə evdə yeniyetmə dayısı ilə qalıb. Gecə saat 01 radələrində evin yandığını görən yeniyetmə oğlan çətinliklə otağı tərk edərək həyətə düşə bilib. O, qonşuları çağırıb. Lakin artıq gec olub. 4 yaşlı Yağmur evdə tamamilə yanaraq ölüb. Körpənin anası və nənəsi yanğın söndürülərkən özlərini çatdıra biliblər.

Aysel Aslan