"Azərbaycan neftinin bahalaşma ehtimalı var, o şərtlə ki..."




"Neftin qiyməti artsa, paralel olaraq idarəetmə islahatları da getməlidir ki, iqtisadiyyat üçün daha ciddi effekt versin”.

Bunu Sherg.az-a Azərbaycan neftinin 66 dollara çatacağı ilə bağlı iddialara münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, ayrıca qiymət müəyyənləşdirilmədiyinə görə ""AzəriLight” markalı neftin qiymətinin artması üçün dünyada neftin qiyməti qalxmalıdır:

"Azərbaycan neftinin qiyməti dünyada "Brent” markalı neftin qiymətinə uyğun müəyyənləşdirir. London birjasına uyğun müəyyən olunan "Brent” markalı neftdən bir qədər keyfiyyətli neft olduğuna görə, təqribən 1 dollar civarında baha satılır. Hələlik dünyada gedən proseslər neftin kəskin bahalaşması ehtimalını aşağı salır. Çünki Amerikada istehsal artır, neft buruqları çoxalır. Keçən ilin eyni dövrü ilə müqayisədə artıq buruqların sayında 60 faizə yaxın artım var. Gündəlik hasilatın isə təxminən 400 min barel artdığını görürük. Amerikada, Kanadada gedən proseslər OPEK-in qiymətləri qaldırmaq cəhdlərinin effektini aşağı salır. Amma hər halda bu ehtimal var. Ola bilər ki, dünyada hər hansı proseslər baş versin. 
Məsələn, böyük müharibələr və ya münaqişələr baş versə, artım ola bilər. Nümunə olaraq, Amerikanın Suriyanı bombalaması neftin qiymətini 1,5 dollar qaldırdı. Təbii ki, belə hadisələrdən dünya sığortalanmayıb. Neftin qalxması imkanı da var. Amma iqtisadi səbəblərə, hasilata görə deyil, siyasi təlatümlərə görə bu artım baş verə bilər. Doğrudan da, Azərbaycan nefti 60 dollar civarında olsa, bu ölkəmizin gəlirlərinə müsbət təsir göstərəcək və ən azından iqtisadi sabitliyin yaranmasına kömək ola bilər. Çünki təqribən bizin neft 55 dollara satılır, əgər 10 dolar artıb, 65 dollar olsa bu gündəlik təqribən 5 milyon əlavə gəlir deməkdir. Bununla aya 150 milyon dollar əlavə gəlir, ildə isə 2 milyard dollara yaxın əlavə vəsait deməkdir. Bu təbii ki, büdcəmizin cəmi 9,5 milyard dollar olduğunu nəzərə alsaq, Azərbaycan kimi kiçik ölkə üçün kifayət qədər böyük artımdır. Amma Azərbaycanda əsas problem neftin qiymətləri deyil, iqtisadiyyatda yaranmış problem, idarəetmədə islahatların labüdlüyünü ortalığa çıxarır. Yəni neftin qiyməti qalxsa, gəlirlərimiz artsa lap yaxşı, amma iqtisadiyyatı həm də optimal idarəetmə modelinə keçidlə daha da yaxşılaşdırmaq olar”.

Ayyət Əhməd