Paytaxtda tıxacların qarşısı alına bilər, amma...




"Azərbaycanda, xüsusilə, paytaxtda son illər keçirilən böyük idman tədbirləri, beynəlxalq layihələr zamanı hərəkəti təmin etmək üçün bəzi yolları nizamlamaq üçün bağlayırlar, tuturlar və nəticədə tıxaclar əmələ gəlir”.

Bunu Sherg.az-a paytaxtda tıxacların yaranma səbəblərini şərh edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

Onun sözlərinə görə, tıxaclarda sürücülər bəzən bir-birlərinə daha da mane törədirlər:

"Çünki hamı istəyir ki, ilk növbəlikdə keçsin bu da tıxacın bir qədər də artmasına səbəb olur. Əgər yol ayırıcı doludursa, sürücü bura daxil olmamalıdır. Sürücülər var ki. yol ayırıcı tutulub, işıqforun yaşıl işığı yanır, sürücü yol ayırıcına daxil olur. Bu zaman yol ayırıcını keçməyə vaxtı çatmır. Bu avtomobillərin çəpinə və ya müxtəlif maili bucaq altında bir - birinə mane yaratması tıxacı artırır. Ona görə sürücülər özləri özlərinə mane törədirlər. Bundan əlavə bəzi yolları bağlayarkən də alternativ yollar göstərilmədiyindən sürücülər haradan istifadə etmək lazım olduğunu bilmir. Yol ayırıcılarında, müxtəlif hissələrdə çevik nizamlamalar qurulmalıdır. Bütün bunlar həyata keçirilsə, paytaxtda  tıxacların qarşısı müəyyən qədər alına bilər. Amma nəqliyyat vasitələri şəbəkəyə uyğun olaraq həddindən artıq çoxdursa, bütün bu problemlər mövcud olacaq".

Aysel Aslan