Onların adı anonim saxlanmalıdır

Aşura günü qanında virus aşkarlanan şəxslər nəzarətə götürülməlidir


Azərbaycanda Aşura günü qan verən 4437 nəfərdən 210-nun qanında təhlükəli infeksiya aşkarlanıb. Bu səbəbdən də həmin 210 nəfərdən toplanan 105 litrə yaxın təhlükəli qan yandırılıb. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirib ki, Aşura günü hər bir vətəndaşdan alınan qan 3 saat ərzində Mərkəzi Qan Bankında olan soyuducuda saxlanılaraq 4 infeksiyaya görə - Hepatit B, Hepatit C, HİV və Sifilis infeksiyasına qarşı yoxlanılır.

Qanda HİV infeksiyasının çox nadir hallarda aşkarlandığını deyən P.Hacıyeva qeyd edib ki, digər 3 infeksiya mütəmadi olaraq tapılır. P.Hacıyeva Aşura günündə aparılan yoxlama nəticəsində qanında virus aşkarlanan vətəndaşlara müraciət edib və bildirib ki, Qan Bankında bütün məlumatlar anonim saxlanılır: "Lakin Aşura günündə qan verən insanlar şəxsiyyət vəsiqələri ilə yaxınlaşıb qanları haqqında məlumat ala bilərlər. Yaxşı olardı ki, 210 nəfər özləri haqqında məlumatı alsın, öncədən infeksiyaya qarşı tədbirlər görsünlər. Bəlkə də onların çoxu bilmir ki, qanlarında hansısa infeksiya var. Bədəndə infeksiya qaldıqca, bu, gələcəkdə daha ciddi problemlər yarada bilər.

Tibb eksperti, professor Adil Qeybulla da "Şərq”ə açıqlamasında deyib ki, bu cür aksiyalarda qanında infeksiya aşkarlanan şəxslər nəzarətə götürülmə və onların anonimliyi saxlanılmalıdır. Onun sözlərinə görə, qanvermə aksiyaları, cərrahiyyə əməliyyatları, yaxud da sadə müayinələr zamanı insanların qanında infeksiya aşkarlanmasına "naxodka” deyirlər. Bu cür tapıntılar zamanı isə mütləq aidiyyəti orqana məlumat verilməlidir. Əgər hansısa şəxsin qanında aşkarlanan virus QİÇS-dirsə, o zaman mütləq QİÇS Mərkəzinə məlumat verilir. Həmin xəstə yenidən yoxlamadan keçirilir və lazımi müdaxilələr aparılır.

A.Qeybulla bildirib ki, qanında infeksiya aşkarlanan xəstələrin hüquqları mütləq şəkildə qorunmalı və onların adları anonim saxlanılmalıdır: "Əslində xəstələrin bu cür yoxlamalardan qaçmasının bir səbəbi də onlara qarşı cəmiyyətin münasibətidir. Çünki qanında infeksiya aşkarlanan insanların ictimailəşdirilməsi sonda onların cəmiyyətdən təcrid olunması ilə nəticələnir. Bizim cəmiyyətdə bu cür xəstələrə münasibət və onun həlli yolları düzgün qurulmadığı üçün insanlar xəstəliklərini gizlətməyə meyllidirlər. Bu isə problemin daha da böyüməsinə rəvac verir”.

Ekspertin sözlərinə görə, Aşura günündə aparılan yoxlama nəticəsində qanında virus aşkarlanan şəxslər nəzarətə götürülməli və onlara tövsiyyə xarakterli anonim zənglər olunmalıdır.Təbii ki, bu məsələlərin konfidensiallığı və xəstələrin hüquqları qorunmaq şərti ilə. Qanında hepatit virusları aşkarlanan şəxslər hipetoloq müalicəsindən mütləq keçməlidir: "Qanda aşkarlanan hepatit, yaxud da digər viruslar heç də şəxsiyyət göstəricisi deyil. Epidemiya daşıyıcısı olan insanlara qarşı dözümlü yanaşmaq və onları cəmiyyətin bərabərhüquqlu üzvü kimi qəbul etmək və onlara qarşı daha qayğılı davranmaq lazımdır. Bunun üçün isə mütləq cəmiyyətin qan xəstələrinə yanaşması dəyişməlidir.