Əhsən, bu vətəndaşlıq mövqeyinə...

İnsanlar oğrunu yaxalayıb, polisə təslim etdi



Toplumda oğurluq edən, ictimai asayişi pozan insanlara qarşı həmişə ictimai qınaq olub. Lakin vətəndaşların həmin adama müdaxilə etməsi, onu tutub polisə verməsi halları ilə çox nadir hallarda qarşılaşırıq. İnsanların bir-birinə qarşı laqeyd münasibəti o səviyyədədir ki, küçədə kiminsə boğazına bıçaq dirəyən görəndə ona kömək etmək əvəzinə kənardan tamaşa edir, bu da azmış kimi telefonla çəkib, "paylaşır”. Ancaq son oğurluq hadisəsi bu istiqamətdə "ölmüş” ümidlərimizi yenidən "canlandırdı”.

Belə ki, Bakıda qadının boyunbağısını oğurlayan şəxs iş başında yaxalanıb. Həm də polisin müdaxiləsi olmadan, məhz vətəndaşlar tərəfindən. "Nəsimi” metrosunun qarşısında yanında uşaq olan bir qadının boynundan boyunbağını alıb qaçan oğru yaxınlıqdakı insanlar tərəfindən təqib olunaraq yaxalanıb və polisə təslim edilib.

Daxili İşlər Nazirliyinin veteran əməkdaşı Eldar Mirzəbəyov isə bu hadisəni vətəndaş-polis münasibətlərinin yüksək səviyyəyə çatması kimi qiymətləndirib: "Təbii ki, bütün bunlar maariflənmənin və bu istiqamətdə keçirilən tədbirlərin göstəricisidir. Azərbaycanda polis və vətəndaş cəmiyyəti institutunun formalaşdırılması ilə bağlı uzun müddətdir DİN müvafiq tədbirlər həyata keçirib. Əgər bu gün adi vətəndaşlar oğrunu yaxalamaqda canfəşanlıq edirsə, küçədə şahidi olduğu hadisəyə biganə qalmadan polisi məlumatlandırırsa, deməli, Azərbaycanda polis-vətəndaş münasibətləri yüksək səviyyədədir. Təsadüfi deyil ki, son illər daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan qaldırılması, bu sahədə mövcud olan problemlərin həllidir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmasda və cəmiyyətin içində olması, onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, məqsədyönlü və sistemli şəkildə əhali arasında maarifləndirmə tədbirləri keçirməsidir. Son olayı isə doğrudan da polisin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, qanun keşikçiləri ilə vətəndaşlar arasında münasibətlərin daha da yaxşılaşdırılması məqsədilə keçirilən tədbirlərin nəticəsi kimi görürəm. Zaman-zaman baş verən cinayətlərin böyük əksəriyyəti məhz ictimaiyyətin yaxından köməyi ilə açılır. Tam əminliklə demək olar ki, daxili işlər orqanlarının son illər ərzində cinayətkarlıqla mübarizədə və ictimai asayişin təmini sahələrində əldə etdiyi bütün uğurlarda onların yaxından iştirakı, fəal dəstəyi şübhəsiz ki, həlledici rol oynayıb”.

Vətəndaşların bu addımına ürəkdən sevindiyi deyən veteran polis bildirib ki, insanların bu cür hadisələrə laqeyd qalması onların şəxsi xarakterləri ilə də bağlı olur: "Biri doğrudan da şüurlu adam olur, başa düşür ki, bu cür hadisələrə müdaxilə etmək onun ən azı vətəndaşlıq borcudur. Digəri həddindən artıq insansevər və ürəyiyumşaq olduğu üçün həmin hadisəyə müdaxilə edir, köməyə ehtiyacı olana əl uzadır. Eləsi də olur ki, həddindən artıq "qansız” olur. "Əşi, nəyimə lazımdır, kiməsə görə başımı ağrıdıram” - deyib keçir. Öz-özünə düşünür ki, yolda kiməsə kömək edəndə şahid kimi onu istintaqa cəlb edəcəklər, bir saat vaxtı gedəcək. Ancaq biz də maarifləndirici tədbirlərlə insanları başa salmağa çalışırıq ki, bir saat vaxtın gedəcək deyə, insanları taleyin ümidinə buraxmaq doğru deyil. Həyatda təhlükədən, qarətdən heç kəs sığortalanmayıb. Həm də bir şeyi unutmayaq, "əl-tumaq Əlidən qalıb”.