Gəlirlərimiz artmayacaq, amma...

Dünya bazarında neftin qiymətinin 50 dollar olması iqtisadiyyatımız üçün məqbuldur


"Neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir”. Bunu Türkiyədə səfərdə olan Energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib:

"Biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Bu gün vəziyyət yaxşıdır. Yeni ildən etibarən neftin qiyməti stabilləşib. Azərbaycan üçün mühüm olan odur ki, dünya bazarında neftin qiyməti 50-60 dollar ətrafında formalaşsın. Qiymət bundan aşağı enərsə, Azərbaycan zərərlə üzləşir. Hesab edirəm ki, neftin 50-60 dollar civarında olması Azərbaycanı tam qane edir”. 

N.Əliyevə görə, bəzi ölkələr üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirlər: "Biz neftin qiymətinin daha artmasından çox onun stabil qalması barəsində düşünməliyik. Bunun üçün tutarlı tədbirlərin görülməsinə ehtiyac var”. 

Nazirin açıqlaması ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Vüqar Bayramov da deyib ki, dünya bazarında neftin qiymətinin 50 dollar civarında olması Azərbaycan üçün məqbul hesab edilir: 

"Azərbaycan iqtisadiyyatı dünya bazarında neftin qiymətinin 50 dollar olmasına adaptasiya olunub. Adətən yüksək qiymətlərdən sonra anidən baş verən ucuzlaşma prosesində müəyyən problemlər yaranır. Ancaq daha sonra adaptasiya olunur. Büdcənin konsolidasiyası baş verdi və xərclərin azaldılması avtomotik olaraq gəlirlərə olan tələbi də azaltdı. Nəticədə iqtisadiyyat 50 dollarlıq qiymətə uyğunlaşdı. Ona görə də dünya bazarında neftin qiymətinin 50-60 dollar arasında qalması iqtisadiyyatımız üçün indiki məqamda məqbul hesab oluna bilər. Əlbəttə, bu o demək deyil ki, gəlirlərimiz əvvəlki kimi artacaq. 120 dolların gətirdiyi gəlirlə 50 dolların gəliri arasında fərq böyükdür. Gəlirlərimiz azaldıqca, xərcləmələr də ona uyğun həyata keçirilir”. Ekspert bildirib ki, Azərbaycan üçün psixoloji hədd neftin qiymətinin 40 dollardan aşağı düşməsidir: "Bunun reallaşması iqtisadiyyatımıza neqativ təsirlər vura bilər. Neftin 40 dollardan aşağı düşməsi büdcədə nəzərdə tutulan rəqəmdən aşağı olacaq ki, bu da bir sıra sahələrdə problemlərə yol açacaq. Həmçinin, 40 dollar tədiyyə balansında kəsirin genişlənməsinə gətirib çıxarar. Amma qiymətin 50 dollardan yuxarı olması narahatlıq doğuran çətinlikləri yaratmayacaq”.

İsmayıl