Bu yerlərə nəzarət olmalıdır

Yarımçıq tikililər narkomanların sığınacağına çevrilib


Yarımçıq tikililər əhali üçün problemə çevrilib. Hazırda paytaxtda tikintisi yarımçıq qalmış, uçuq-sökük binalar var. Hətta sovet dönəmindən qalan binalar, evlər var ki, istismar müddətini çoxdan başa vurub, daha o evlərdə, mənzillərdə heç kim yaşamır.

Nəzarətdən kənar qalan belə yerlər çox zaman "bomj”ların, həmçinin yeniyetmə və gənclərin toplaşma məkanına çevrilir. Məsələn, Mingəçevir şəhər sakini Yaşar Abdullayev ARV TV-yə müsahibəsində yarımçıq tikililərin narkoman yuvasına çevrildiyini deyib: "Gecələr qabağımızı kəsirlər, soruşurlar, kimsən? Gənclər belə yerlərdə narkotik maddələrdən istifadə edir. Ərazidəki şprislər də bunu təsdiqləyir. Təhlükə təkcə bununla da bitmir. Güclü külək əsəndə köhnə panellərin uçması, daşların qopub-tökülməsi qorxulu vəziyyət yaradır ki, bu da yaxınlıqdan keçənlər üçün real təhlükədir.
Yarımçıq tikililərə, sahibsiz evlərə nəzarət mexanizmi yoxdurmu?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bu məsələyə yerli icra hakimiyyəti orqanları və polisin nəzarət etməli olduğunu dedi:

- Yarımçıq tikililər, istismar müddəti bitmiş evlər, binalar hansı ərazidədirsə, həmin ərazi üzrə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları cavabdehlik daşıyır. Bəzi binalar da var ki, hansısa təşkilatın balansındadır. Həmin təşkilat əziyyət çəkib aidiyyətli qurumlara müraciət etməlidirlər. Ya həmin binaların tikintisi davam etməlidir, təmir etmək mümkündürsə, təmir olunmalıdır, tikintiyə yararsız haldadırsa, sökülməlidir. Təhlükəli, qəzalı vəziyyətdə olan binaların ətrafına mütləq hasar çəkilməlidir və qəzalı olmasına dair xəbərdarlıq lövhəsi vurulmalıdır. Bildiyim qədər paytaxtda bəzi yarımçıq tikililərlə bağlı artıq qərar verilib, onların ləğvi prosesinə başlanılıb. Bu iş harda qəzalı bina, yarımçıq tikili varsa, orada aparılmalıdır. Əlbəttə, gözdən-könüldən uzaq yerlərdə min cür adam toplaşa bilər, hər cür çirkli işlə də məşğul olarlar. Polis də, sahə müvəkkilləri də belə yerləri daim nəzarət altında saxlamalıdır ki, sakinlərə narahatlıq yaranmasın.

Məlahət Rzayeva