Media da bunu nəzərə alaraq belə xəbərlərə yer verir
Məişət mövzularına oxucuların tələbatı çoxdur
Buna bütün dünyada “3-cü səhifə xəbərləri” deyirlər
Media da bunu nəzərə alaraq belə xəbərlərə yer verir
Media da bunu nəzərə alaraq belə xəbərlərə yer verir
(... əvvəli ötən sayımızda)
Son zamanlar medianın gündəmini məişət problemləri zəbt edir. Belə xəbərlər siyasət, sosial problemlər və ölkədə baş verən digər vacib hadisələrlə bağlı məlumatlardan daha çox oxunur. Bu isə cəmiyyətdə müəyyən fikir ayrılıqlarına yol açır. Bir çoxları bunu medianın işinin bir tərkib hissəsi kimi görsə də, digər qrup hesab edir ki, medianı bu lazımsız məsələlərə doğru yönəldib, gərəksiz gündəm yaratmaq düzgün deyil.
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə məişət xəbərlərinin mediada yayımlanmasında problem görmədiyini deyib: "Dünyanın hər yerində belədir: bulvar xəbərləri və "sarı media” daha çox oxunur. Hər yerdə həmişə tabloidlər ciddi qəzetlərdən qat-qat artıq satılıb. İnsanların əsas instinktləri var, həmin instinktlərin diktəsi dairəsinə düşən xəbərlərə kütlə daha artıq maraq göstərir. Əsas instinktlərdən biri nədir? Yaşamaq, sağ qalmaq instinkti. Ona görə, ölüb-öldürmək, intihar, kriminal xəbərləri insanları daha çox cəlb edir. Çünki altşüurumuz orada özü üçün potensial təhlükə hiss edir. Digər əsas instinkt nədir? Nəsil artırmaq! Ona görə də, intim qalmaqallar qəbilindən olan xəbərlərə daha tez yönəlirik. Alt şüurumuzun mexanizmləri belə işləyir ki, bəlkə bu istiqamətdə biz də öz genlərimizi yaymaq üçün şans tapa bilərik. Yəni insan - bioloji mexanizmlər əsasında fəaliyyət göstərən canlıdır, bu mexanizmlərin öz qanunauyğunluqları var. Həmin mexanizmlər kütləni avtomatik olaraq, tabloid mövzularına yönəldir”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da son zamanlar məişət mövzularının mediamızda həqiqətən çox tirajlanması faktı ilə razılaşır:
"Bildiyiniz kimi, buna bütün dünyada "3-cü səhifə xəbərləri” deyirlər. Adından da göründüyü kimi, məişət mövzuları əsasən manşet xəbəri deyil. Lakin informasiya texnologiyalarının inkişafı və məlumatın sürətli yayılması artıq belə mövzuları gündəm edə bilir. Mən düşünmürəm ki, mətbuat bu məlumatları işıqlandırmaqla reklam edir, əksinə, bunun mənfi tərəflərini göstərir, iyrəncliyi üzə çıxarır. Nəyisə gizlətməklə həll etmək mümkün deyil. Biz sovetlər dönəmində senzuralı mətbuatda bu tipli məlumatları görməyə bilərdik. Lakin bu gün cəmiyyətlərdə hansısa hadisəni KİV-lər işıqlandırmasa belə, sosial şəbəkələr vasitəsilə tirajlana bilir. Mətbuatın burada rolu isə dəqiqləşdirilmiş və daha loyal şəkildə hadisəni təqdim etmək, yayıla biləcək yanlış məlumatların, dezinformasiyaların qarşısını almaqdır. Mətbuat eyni zamanda məişət mövzusunda sosial çarxların, maarifləndirici mövzuların yayılmasında da maraqlı olmalıdır. Bunun üçün müvafiq dövlət qurumları, vətəndaş cəmiyyətləri funksiyasını həyata keçirən QHT-lərlə əməkdaşlıqlar edilməlidir. Bir media qurumunun rəhbəri kimi biz bunu əlimizdən gəldiyi qədər etməyə çalışırıq. Lakin bu kimi halların qarşısını almaqda mətbuat acizdir, mümkün deyil. Ona görə də məişət mövzularını işıqlandıran yerli KİV-ləri buna görə qınamaq olmaz. Cəmiyyətimizdəki hər bir aydın, ziyalı insanımızın üzərinə düşən bu halların üstünü ört-basdır etmək yox, çıxış yolu tapmaqdır”.
"Report”.az informasiya agentliyinin baş redaktoru Murad Əliyev də qeyd edib ki, cəmiyyətin sosial problemləri son zamanlar daha çox mətbuatın gündəmini zəbt edir:
"Hesab edirəm ki, bu faktın özünü problem kimi görmək düzgün deyil - mətbuatın elə əsas missiyalarından da biri odur ki, cəmiyyətin sosial problemlərini qabartsın, onların həll olunmasında öz təhfəsini versin. Cəmiyyətin sosial problemlərinin mühüm hissəsi isə məişətdə baş verir. Bunlar da artıq mətbuatdan gizlin qalmır. "Evin içərisi qapalı sandıqdır” deyimi artıq müasir qloballaşan dünyada öz aktuallığını itirir. Burada jurnalistikanın peşəkarlığı ön plana keçməlidir. Yəni ki, təsdiqlənməmiş, qarşı tərəfin mövqeyini öyrənməmiş yayılan xəbərlərin böyük fəsadları ola bilər. Təəssüf ki, bəzi media nümayəndələri İP yığmaq naminə bəzi incəliklərə fikir vermirlər. Bu isə öz növbəsində hər hansı problemin həll olunması əvəzinə onun miqyasının daha da böyüməsinə gətirib çıxara bilər”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu da məişət mövzularının daha çox aktual olduğunu deyib:
"Azərbaycan mediası inkişaf ərəfəsində müxtəlif dövrləri geridə qoyub. Bu zaman ərzində inkişaf edib, yeni keyfiyyət göstəriciləri qazanıb, media və jurnalist adına yaraşmayan bəzi tendensiyalardan xilas olub. Mən düşünürəm ki, artıq Azərbaycan mediasının Azərbaycanın informasiya gündəmini düzgün müəyyən etmək bacarığı olmalıdır. Bu bacarıq strateji olmalı, milli maraqlarımıza söykənməli, Azərbaycan həqiqətlərinin ifadə olunmasını, qlobal informasiya məkanının Azərbaycan informasiya məkanına axıtdığı çoxsaylı dezinformasiyaların filtrdən keçirilməsini təşkil etməlidir.
Xaricdən olan bir çox mərkəzlər var ki, onlar Azərbaycanın informasiya gündəliyinin, siyasi gündəliyinin məişət mövzularından ibarət olmasını arzu edirlər. Gerçək gündəmin, maarifləndirici gündəmin, düşündürən gündəmin olmasında maraqlı deyillər. Çox təəssüf ki, bəzi hallarda bizim media populistcəsinə bu axına uyur. Artıq elə bir dövrdəyik ki, bunun özü istər media mənsubları tərəfindən, istərsə də Azərbaycanın informasiya istehlakçıları tərəfindən dərk edilir. Sizin saytın bu mövzunu gündəmə gətirməsi də bunun bir isbatıdır. Bu bizə onu diktə edir ki, biz problemi görürük, yəni diaqnoz müəyyənləşdirilib və onu müalicə etməliyik.
Bu çox yaxşı mərhələdir və bu diktə medianın özündən sifariş kimi gəlirsə, bu, ikiqat təzahürdür. Bir müddət sonra mediamız bu mərhələni arxada qoyacaq”.
Millət vəkilinin sözlərinə görə, bəzi telekanallar və xəbər agentlikləri populist gündəmi cəmiyyətin sifarişi kimi təqdim etməyə çalışırlar.
"Bu, qətiyyən doğru deyil. Hər bir cəmiyyətin mənəvi, mədəni zövqünü və informasiya qəbul etmək səriştəsini də elə informasiya istehsal edən mərkəzlər müəyyənləşdirir. Azərbaycan xalqının yaxşı bir atalar sözü var: nə tökərsən aşına, o da çıxar qaşığına. Uzun illərdir Azərbaycan mediası hansı zövqə uyğun bir auditoriya tərbiyə edibsə, bu auditoriya da zövqə uyğun informasiya seçəcək. Yenə məsuliyyət medianın maarifləndirici funksiyasının üzərinə çıxır. Bu gün zövqsüz auditoriya varsa, yenə də günahkar biz, media nümayəndələriyik. Ona görə də bunları heç bir şəkildə informasiya istehlakçısının zövqü və tələbi ilə əlaqələndirmək olmaz. Biz bu zövqü və tələbi hansı səviyyədə formalaşdıracağıqsa, elə o şəkildə də davam edəcək. Burada məsuliyyət yenə də medianın üzərindədir. Media cəmiyyətin lokomotiv, intellektual resursudur. Azərbaycan mediası bunu dərk etməlidir”(modern.az).
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə açıqlamasında təəssüflə Azərbaycanda oxucuların intellektual səviyyəsinin yüksək olmadığını deyib:
"Ciddi yazıların, araşdırma məhsulu olan məqalələrin oxucusu bir o qədər də çox deyil. KİV-lər kommersiya şərtləri daxilində fəaliyyət göstərdikləri üçün oxucu auditoriyasının tələbini nəzərə almaq məcburiyyətindədir.
Bir jurnalist, bir ziyalı kimi bunu demək mənimçün çox ağırdır, amma reallıq odur ki, Azərbaycan oxucusu məişət mövzusunda yazılan xəbərlərə daha çox maraq göstərir. Məişət mövzusunda yazılan xəbərlərin medianın gündəmini zəbt etməsi ilk növbədə bu amillə bağlıdır. Əvvəllər mətbuat oxucunu öz arxasınca aparırdı.
Amma indi oxucu mətbuatı öz arxasınca sürüyür. Üç-dörd ciddi qəzet və sayt istisna olmaqla KİV-lərin əksəriyyəti reytinq xatirinə oxucunun zövqünü oxşamağa çalışır. Nəticədə qeyri-ciddi, heç bir ictimai çəkisi olmayan xəbərlər sürətlə KİV-ə ayaq açır. Son illər mətbuatın missiyası çox dəyişib. Azərbaycan mətbuatı əvvəllər olduğu kimi indi maarifləndirmə missiyasını layiqincə yerinə yetirə bilmir. Hazırda KİV-in qarşısında dayanan başlıca vəzifə oxucunu operativ informasiya ilə təmin etməkdir. Qabağa düşmək, xəbər yayımında rəqibi qarşılamaq azarı peşəkar prinsiplərin arxa plana keçməsinə səbəb olub. Sovet oxucusu ilə bu cür rəftar etmək olmazdı”.
S.Verdizadənin sözlərinə görə, sovet dövründə bir hərf səhvinə görə oxucu az qalırdı ki, jurnalistin gözünü çıxarsın, amma indi oxucunu gündə 20 dəfə də aldatsan, dünya vecinə deyil:
Vəziyyət o qədər acınacaqlıdır ki, bəzi KİV-lər Xumar Qədimovanın iti, Nazpərinin pişiyilə bağlı xəbərlərlə oxucunun informasiya tələbatını ödəməyə çalışırlar. Halbuki qeyri-ciddi, ictimai əhəmiyyəti olmayan xəbərlərin dövriyyəyə buraxılmasına ilk növbədə oxucular özləri etiraz etməlidirlər: "Yalnız bu zaman KİV-lər özlərinin xəbər siyasətində əhəmiyyətli dəyişikliklər edə bilərlər. Bilirsiniz, hər gün Azərbaycanın müxtəlif bölgələrində xoşagəlməz hadisələr baş verir. Bu xəbərlərə laqeyd qalmaq, ümumiyyətlə, heç nə yazmamaq doğru deyil. Sadəcə olaraq, bu xəbərləri elə yazmaq lazımdır ki, informasiya baş vermiş iyrənc hadisənin təbliğinə yönəlməsin”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb