Gülnarə Kərimova prezidentliyə hazırlaşır

“Onun ailəsi haqqında ifşaedici materiallar yayması incə siyasi texnologiyadır”



7Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ətrafında baş verənlər dünya mətbuatının diqqətindən düşmür. Prezidentin qızının sərgüzəştlərinə dair xəbərlər strateji hədəfə tuşlanan taktiki gedişlər kimi yozulur. Avtoritar rejimin hökm sürdüyü Özbəkistanda xüsusi xidmət orqanlarının prezidentin ailə üzvləri barədə kompramatlar toplaması və mediaya sızdırması inandırıcı görünmür. Ona görə də Qərb mədəniyyətinə üstünlük verən G.Kərimovanın atasının yerinə keçməsi ehtimalının hansı səviyyədə olduğunu söyləmək çətindir. Amma məlumdur ki, özbəklər istəsələr də belə İ.Kərimovun yürütdüyü siyasətə qarşı çıxa bilməyəcəklər. Etiraz cəhdləri beşikdəcə boğulacaq.

Ekspertlər hesab edir ki, G.Kərimovanın ətrafında cərəyan edən olaylar ssenari əsasındadır və bu ssenari kənarda - peşəkarlar tərəfindən hazırlanıb. Özbəkistanda baş verənləri dəyərləndirən politoloq Ərəstun Oruclu qeyd edib ki, yaxın gələcəkdə dünyanın ən iyrənc ailə rejimlərindən birinin əsarətində olan Özbəkistana dünyanın ən gözəl prezidenti başçılıq edə bilər: "Gülnarə Kərimovanın ətrafında baş verən qalmaqallar, onun bütün dünyanın diqqət mərkəzində olması, İ.Kərimov başda olmaqla qalan bütün ailə üzvlərinin haqqında ifşaedici materialların sistemli yayılması, öz cinayətkar ailəsinə qarşı "üsyana qalxmış” və müasir gəncliyə "dəstək” olan bu gənc, gözəl xanımdan əzabkeş obrazı yaradılması kimi incə siyasi texnologiyaların işə salınması belə ehtimallara əsas verir”.

Politoloq Elşən Manafov Özbəkistanda bu tipli hadisələrin baş verməsinin təəssüf doğurduğunu bildirib: "Çünki Özbəkistan MDB-nin yeganə üzvüdür ki, Qarabağ münaqişəsinə görə indiyə qədər separatçı Ermənistanla diplomatik münasibətləri yoxdur”. Özbəkistandakı hazırkı siyasi hakimiyyətin fəaliyyətinə gəldikdə isə ekspert orada avtoritar rejimin hökmranlıq etdiyini vurğulayıb: "İ.Kərimov Sovet İttifaqı dağıldıqdan sonra bu ölkəyə rəhbərlik etməklə illər boyu həyata keçirilən prezident seçkilərinin nəticələri kobud şəkildə saxtalaşdırıb. Bu da Özbəkistanda demokratiyanın və insan haqlarının Azərbaycanla müqayisədə yetərincə aşağı səviyyədə olmasından xəbər verir. Özbəkistanda siyasi hakimiyyət problemləri Azərbaycandan fərqli olaraq demokratik müstəvidə həyata keçirilmir. Özbəkistandakı rejimin mahiyyəti hamıya məlumdur. Bir vaxtlar Özbəkistan da GUAM təşkilatının üzvü idi. Onlar Azərbaycan iqtidarı kimi kifayət qədər müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığından Rusiyanın təzyiqi ilə sözügedən təşkilatdan kənarlaşdırıldı. Nəticə etibarı ilə ABŞ-ın Mərkəzi Asiyada olan geopolitik mövqelərinə ciddi ziyan dəydi. Üstəgəl, gələn il Qırğızıstandakı Manas bazasından Amerika qoşunlarının çıxarılması nəzərdə tutulur. Qırğızıstan hökuməti rəsmi Moskvanın təzyiqi ilə icarə haqlarını elə bir səviyyəyə qaldırdı ki, amerikalılar çıxmaq məcburiyyətində qaldılar. Həm də mesaj belədir ki, Amerika çıxmalıdır”.

G.Kərimovanın Özbəkistanda hakimiyyəti ələ keçirəcəyi ilə bağlı fikirlərə gəldikdə isə siyasi təhlilçi deyib ki, bu düşüncə İ.Kərimovun məsələdən xəbər tutduqdan sonra yüksək çinli məmurlarla münasibətlərində yaranan problemlərdən irəli gəlir: "Qazaxıstanda da belə bir hadisələr yaşanıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni ölkədən çıxdıqdan sonra dövlət başçısının ünvanına kəskin ittihamlar irəli sürmüşdü. Nazarbayevi MDB formatında Rusiyaya dəstək verən diktator rejim kimi qələmə vermişdi. Bunlar Mərkəzi Asiya ölkələrində bütün sahələrdə inkişafın aşağı səviyyədə olmasına görə baş verir. Onların XX əsrdə keçirdikləri tarixi siyasi inkişaf yolu Azərbaycanla müqayisə edilməyəcək səviyyədədir. Azərbaycan Şərq aləmində ilk demokratik respublikanı qurub. Azərbaycan bu respublikanı quranda və Avropa yönümlü dövlət olacağını bəyan edəndə Orta Asiya ölkələri özünün iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsinə görə geridə qalan ölkələr idilər. Hətta XX əsrin əvvəllərinə qədər həmin ölkələrdə patriarx münasibətlər meydan sulayırdı. Maarifçilik, təhsil, demokratik inkişaf göstəriciləri və insan haqları ilə əlaqədar məsələlər bəsit səviyyədə idi. Buna görə də orada bu tipli hadisələrin baş verməsi gözlənilən idi”.

E.Manafovun qənaətinə görə, Putin iqtidarı ilə yaşanan olaylar, Orta Asiyanın Avropaya inteqrasiyasına kifayət qədər əngəl törədib: "Həm də nəzərə almaq lazımdı ki, həmin ölkələr coğrafi anlamda da Avropa ölkələri deyil. Onlar Asiya ölkələridir. Onların inkişaf imkanları da Asiya ölkələri səviyyəsində aparılır. Buna görə də güman etmirəm ki, G.Kərimva gerçəkdən Özbəkistanda siyasi rejimin mahiyyətini dəyişdirmək fikrindədir. Bu, sadəcə olaraq zümrə hakimiyyətinə qarşı bir olaydır”.