Prezidentlə görüşün nəticəsi olacaq

Media kapitanları belə təmasların vacibliyini vurğulayırlar



Noyabrın 24-də prezident İlham Əliyevə "Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyətinin üzvləri, ölkənin aparıcı KİV rəhbərləri iştirak ediblər. Görüşdə qəzetlərin problemləri, medianın durumu, qəzet yayımında ortaya çıxan maneələr və digər məsələlər müzakirə mövzusu olub. Cənab prezident çıxışında ölkədə görülən işlərdən, aparılan islahatlardan danışıb. Ölkə başçısı Azərbaycanda demokratik dəyərlərin, azad söz və medianın mövcud olduğunu qeyd edib.

O, medianın siyasi qütbləşmədən və xarici dəstəkdən asılı olmaması üçün dövlətin addımlar atmağa hazır olduğunu da bildirib: "Azərbaycanda azad media var. Biz onun daha da inkişaf etməsində maraqlıyıq”. Prezident İ.Əliyev medianın inkişafı üçün dövlətin bundan sonra da daim diqqət göstərəcəyini vurğulayıb. Mətbuatla bağlı çıxışlarda səsləndirilmiş problemlərə münasibət bildirən ölkə başçısı Azərbaycanda mediaya qarşı siyasi ayrı-seçkiliyin olmadığını deyib. Qeyd edək ki, tədbirdə Mətbuat Şurasının üzvləri, media rəhbərləri, qocaman jurnalistlər iştirak ediblər. Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov, millət vəkili Aqil Abbas, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, qocaman jurnalist Yusif Kərimov, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışlarında Azərbaycan prezidentini təbrik edib, medianın inkişafı ilə bağlı fikirlərini söyləyiblər.

Görüşlə bağlı təəssüratlarını "Şərq”ə danışan millət vəkili Aqil Abbas prezidentlə media nümayəndələrinin çox səmimi söhbət etdiklərini qeyd edib: "Əslində, bu, prezidentlə ilk görüşümüz deyildi. Bundan əvvəl də media nümayəndələri və Mətbuat Şurasının üzvləri ölkə rəhbəri arasında görüş keçirilib. İndiki görüş də əvvəlki kimi çox səmimi keçdi. Ölkə başçısı redaktorlar, televiziya rəhbərləri və müxtəlif media adamları ilə təxminən bir saata yaxın ünsiyyətdə oldu, onların dərdlərini və problemlərini dinlədi. Tədbirdə heç kimə qadağa qoyulmamışdı. İştirakçıların sərbəst şəkildə mətbuatın problemlərindən danışmaq imkanları var idi. Əvvəlcə Şirməmməd müəllim danışdı, sonra ağsaqqal jurnalistlərin adından Yusif Kərimova söz verildi. Daha sonra mən, Rəşad Məcid və Rauf Arifoğlu çıxış etdik. Hər birimiz çıxışımızda mətbuatın müəyyən problemlərini prezidentin diqqətinə çatdırdıq”. A.Abbasın sözlərinə görə, media sahəsindəki problemləri dinləyən prezident öz qeydlərini aparıb və problemlərin həll edilməsi üçün dərhal göstərişlər verib: "Ölkə rəhbəri bildirdi ki, heç bir mətbu orqana fərqli gözlə baxılmır və bütün media prezidentin maddi və mənəvi himayəsi altındadır. Əslində ölkə başçısı çıxışında çox ciddi nüanslara toxundu. Hətta mətbuatın elə problemlərindən danışdı ki, heç biz media adamı ola-ola həmin problemlərdən xəbərsizik. Ona görə də hesab edirəm ki, ölkə mətbuatına göstərdiyi diqqət və qayğıya görə "Jurnalistlərin dostu” mükafatı haqlı olaraq ikinci dəfə cənab İ.Əliyevə verildi. Onun rəhbərliyi altında mətbuatda azad sözün və demokratiyanın inkişafı göz önündədir”.

Tədbirdə iştirak edən "Qafqazinfo” portalının baş redaktoru Elbrus Ərud da görüşü yüksək qiymətləndirib: "İştirakçısı olduğum görüş barədə təəssüratlarım çox yüksəkdir. Hesab edirəm, belə bir görüşün təşkili və jurnalistlərin öz problemlərini ölkə başçısına çatdırması medianın qarşısında yeni imkanlar açacaq. Əgər dövlət başçısı ilə jurnalistlər arasındakı görüşün əleyhinə kimlərsə danışırsa və deyirlərsə ki, "nəticəsi olmayacaq, jurnalistlər bu görüşə getməməli idilər”, onların fikri obyektiv deyil və yanlış təfəkkürdür. Biz bu ölkənin vətəndaşları, jurnalistləri və media sahibiyik. Cənab İ.Əliyev də ölkənin dövlət başçısıdır. Necə ola bilər ki, öz dövlət başçımızla görüşdən imtina edək?”. Prezidentlə görüşün hər bir jurnalistin arzusu olduğunu deyən baş redaktor onu da əlavə edib ki, əgər görüşün nəticəsi müsbətdirsə və bu görüş Azərbaycan jurnalistikasının inkişafına xidmət edirsə, qəzetlərin problemləri yerindəcə həll olunursa, bunun nəyi pisdir? "Əslində buna sevinmək lazımdır. Dövlət tərəfindən jurnalistlərə evlər veriləndə deyirdilər ki, ev alan jurnalistlər hakimiyyətə satılıblar. Axırı necə oldu? Ev alan bütün jurnalistlər hamısı öz əvvəlki mövqelərindədir”.

"Modern.az” portalının baş redaktoru Elşad Eyvazlı görüşü yüksək qiymətləndirib: "Çox önəmli və dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlıqda yeni mərhələ sayıla biləcək bir hadisədir”.