Rəsulzadənin qarşıdan gələn yubileyi nikbinlik yaradıb

Rəis Rəsulzadə: “Ev muzeyinin yaradılması, mədəni irsinin çap olunması ilə bağlı da prezidentə müraciət edəcəyəm”
Nəsiman Yaqublu: “Rəsulzadənin yaşadığı mənzil ev muzeyinə çevrilməli və yaxud ailəsinə bağışlanmalıdır”




Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb və ölkə başçısının bu addımı cəmiyyətdə təqdirlə qarşılanıb. Sərəncamı yüksək dəyərləndirən ekspertlər və ictimai-siyasi qurumların təmsilçiləri yubiley ilində Cümhuriyyət qurucusu ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə və məsələlərin kağız üzərində qalmayacağına ümid edirlər.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə də ölkə başçısının bu addımını yüksək dəyərləndirib. Rəsulzadənin nəvəsi prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını müsbət qiymətləndirdiyini və bunun azərbaycançılıq ideologiyasına bir töhfə olduğunu söyləyib. "Bu xəbəri eşidəndə bir çoxları kimi mən də sevindim. Babamın yubileyinə hələ 3 ay var. Sevindirici haldır ki, ona dəyər verirlər. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sonra ara qarışdı, bəzilərini elədilər, bəzi şeyləri etmədilər. Yenidən belə bir sərəncam imzalanması çox sevindiricidir. Milli dəyərlərimizə töhfə verən bir sərəncam oldu. Hamı buna sevindi. Çünki Məhəmməd Əmin bəy tariximiz, mədəniyyətimiz və mənəviyyatımızın bir parçasıdır. Azərbaycanın dövlət-millət kimi formalaşması üçün düzgün ideologiya olmalıdır. Məhəmməd Əmin Rəsulzadə də azərbaycançılıq ideoloqu idi”. R.Rəsulzadə yubileydən sonra M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması, mədəni irsinin çap olunması ilə bağlı da prezidentə müraciət edəcəyini söyləyib: "Məhəmməd Əminlə bağlı çoxlu məsələlər var. Təbii ki, prezident məni qəbul edərsə, onunla görüşüb bu fikirlərimi deyəcəyəm. Ona müraciət etmək niyyətim var. Görək necə alınır”.

Rəsulzadə Mərkəzinin rəhbəri Nəsiman Yaqublu isə bildirib ki, fərmanın verilməsi təqdirolunası haldır: "Ancaq Məhəmməd Əmin Rəsulzadənin yubiley tədbirinin keçirilməsi sadəcə yubiley tədbiri olaraq qapadılmamalıdır. Rəsulzadənin irsi ciddi şəkildə araşdırılmalı və onun kitabları nəşr edilməli, Bakı şəhərində ev muzeyi yaradılmalıdır. Rəsulzadənin yaşadığı mənzil ev muzeyinə çevrilməli və yaxud ailəsinə bağışlanmalıdır. Yaxud ailəsinə başqa mənzil verilməli, həmin mənzil isə ev muzeyinə çevrilməlidir”. N.Yaqublu Rəsulzadə irsinin tədqiqatçılarına dövlət dəstəyinin olmasının zəruriliyindən də danışdı: "Mən də o irsin tədqiqatçılarından biri olaraq Rəsulzadə haqqında bir kitab yazıb sponsor axtarışına çıxırıq. Nəhayət, dövlət bu işlərə qarşılıq göstərməlidir ki, biz bu işləri görək. Həmçinin Rəsulzadə azadlıq uğrunda mübarizəsini müxtəlif ölkələrdə aparıb. Bu mənada Türkiyə, Fransa, Polşaya gedilməli, o ölkələrin arxivlərində çalışılmalı, Rəsulzadənin qoyub-getdiyi zəngin irs Azərbaycana gətirilməlidir”. Araşdırmaçı dedi ki, Rəsulzadə ilə bağlı yaradılan yeganə qurum Rəsulzadə Mərkəzidir: "Güman edirəm ki, nəhayət, bu quruma ciddi dövlət dəstəyi veriləcək. Necə ki, Atatürk Mərkəzinə, Heydər Əliyev Mərkəzinə dəstək verilirsə, Rəsulzadə Mərkəzinə də ciddi dəstək verilməlidir”.