Sərhəddə pendir davası...

Zəlimxan Məmmədli: “Məntəqədə Borçalıdan gələnin məhsulunun yarısını kəsib atmaq məntiqsiz və lazımsz hərəkətlərdir”



Noyabrın 23-də Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü” buraxılış-keçid məntəqəsində avtomobil və piyadaların hərəkəti üçün problem yaranıb. Belə ki, Gürcüstan sərhədini keçərək Azərbaycana gəlmək istəyən 80-yə yaxın TIR, 100-dən çox minik avtomobili sərhəddə qalıb. Bu barədə məlumat verən sürücülər acınacaqlı vəziyyətin uzun müddətdir davam etdiyini söyləyiblər. Sürücülərin sözlərinə görə, problem Azərbaycan gömrüyü tərəfindən yaradılıb. Piyada keçid məntəqəsində də uzun növbələr yaranıb. Gürcüstan sərhəddini rahatlıqla keçən piyadalar bu tərəfdə uzun-uzadı yoxlamadan şikayət ediblər. Şikayətçilərin sözlərinə görə, buraxılış bərpa olunmazsa, sərhəddəki tıxac Rustaviyə qədər gedib çatacaq.

Sərhəddə yaranan gərginliyi "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli də təsdiq edib. Belə vəziyyətin ilk olmadığını deyən cəmiyyət sədrinin sözlərinə görə, gömrük məntəqələri "özünəməxsus” qaydalarla idarə olunur: "Biz sərhəddi keçəndə görürük ki, Gürcüstan tərəfdə üç maşın, bizim tərəfdə isə otuz maşın var. Halbuki prosedur eynidir. Sadəcə insanlarımızı mənasız bürokratik üsullarla çəkçevir etdiklərinə, müəyyən vasitələrlə onlardan pul qopartmağa çalışdıqlarına görə, Azərbaycan sərhəd məntəqələrində bu cür problemlər yaranır. Ancaq Gürcüstanda belə şeylər olmadığı üçün onların sərhəd-keçid məntəqələrində uzun-uzadı növbələr olmur, uzağı, 5 dəqiqəlik yoxlamadan sonra adamlar rahat şəkildə keçə bilirlər”. Z.Məmmədli deyir ki, sərhəd dövlətin siması və tanınma nişanıdır. Ona görə də məntəqələrdə belə qanunsuzluqlara yol vermək olmaz: "Təəssüflər olsun ki, sərhəd-keçid məntəqələrimiz bu baxımdan çox bərbad vəziyyətdədir. Əgər biz Gürcüstana sərbəst girib-çıxa biliriksə, öz vətənimizə, Azərbaycana niyə məhdudiyyətlərlə girməliyik? Bunu necə başa düşək? İndi kimsə evinə bir-iki kilo pendir gətirirsə, bunun kimə, nə ziyanı var? Məntəqədə məhsulun yarısını kəsib atmaq məntiqsiz və lazımsız hərəkətlərdir. Başqa dövlətin vətəndaşları üçün bunu edə bilərlər. Məsələn, tranzit gedənlər üçün də müəyyən qadağalar, məhdudiyyətlər qoyula bilər. Amma Gürcüstan vətəndaşı olan soydaşlarımızın Azərbaycana müəyyən sovqatlar gətirməsinə qadağa qoymaq qəti surətdə aradan qaldırılmalıdır. Prosedur maksimum sadələşdirilməlidir ki, insanlar əlləri ilə götürə biləcəyi ölçüdə yük apara bilsinlər”.