QHT-lərin qeydiyyatının sadələşdirilməsi problem yaratmayacaq

Əliməmməd Nuriyev: “Qeydiyyatdan keçmiş QHT-lər bütün hesabatları və vergiləri verir. Qeydiyyatdan keçməyənlər isə əldə etdikləri qrand barədə lazımi qaydada hesabat vermirlər”



Qeyri-Hökumət Təşkilatlarının (QHT) qeydiyyatdan keçmə prosedurasının sadələşdirlməsi məsələsi Milli Məclisin ötən həftəki iclasında müzakirəyə çıxarılıb. Belə ki, millət vəkili Azay Quliyev QHT-lərin qeydiyyatının yüngülləşdirilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Deputat bildirib ki, artıq QHT-lərin qeydiyyatının Bakıda keçirilməsinə də lüzum görülmür: "Ona görə ki, Ədliyyə Nazirliyinin regional şöbələrində QHT-lərin qeydiyyatı haqqında işlər həyata keçirilə bilər”.

Qeydiyyat qaydalarının sadələşdirilməsini təqdir edən Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bunun vacib olduğunu qeyd edib. Mərkəz rəhbərinin sözlərinə görə, bu yolla ölkədə idarəetmə elementlərini gücləndirmək mümkündür: "Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurası (ARPYDDŞ) QHT-lərin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən təkliflər səsləndirirlər. Hətta ARPYDDŞ QHT-lər üçün əlverişli hüquqi mühitin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planı da hazırlayıb. Həmin proqramdakı istiqamətlərdən biri də qeydiyyat prosesinin sadələşdirilməsidir. Bu günlərdə ölkə başçısı İlham Əliyev QHT -lərin qeydiyyata alınması barədə sərəncam imzaladı. Sərəncam çox əhəmiyyətli idi. Sənəddə QHT-lərin elektron qaydada xidmət göstərməsi ilə bağlı məsələlər özünə yer alıb. Şübhəsiz ki, bunlar hamısı Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətinə daha müsbət təsir göstərəcək”.

Mərkəz rəhbərinin qənaətinə görə, qeydiyyat prosesinin sadələşdirilməsi istiqamətində müvafiq dəyişikliklər baş vərəcək: "İndiki halda hüquqi şəxslərin qeydiyyatı iki istiqamətdə aparılır. Komissiya hüquqi şəxslərin qeydiyyatını daha sadələşmiş və daha tez zamanda həyata keçirir. Bir çox hallarda elektron variantdan da istifadə olunur. Dövlət başçısının sərəncamı QHT-lərin elektron qeydiyyatı məsələsini də gündəmə gətirəcək. Digər tərəfdən isə proseslərin sadələşməsi kommersiya təşkilatlarının daha qısa müddətdə qeydiyyatdan keçməsinə zəmin yaradacaq. Eyni prosesi qeyri-kommersiya təşkilatlarına da şamil etmək mümkündür. Bu istiqamətdə Ədliyyə Nazirliyinin qeydiyyat baş idarəsi də müəyyən təkliflər hazırlayır. Zənn edirəm ki, hüquqi mühitin təkmilləşdirilməsi baxımından parlamentdə səslənən fikirlər belə təkliflərin çox yaxın perspektivdə qəbul olunmasına gətirib çıxardacaq”.

Ə.Nuriyev QHT-lərin qeydiyyat prosesinin sadələşdirilməsinin müəyyən problemlərə yol açmayacağını söyləyib: "Qaydaların yüngülləşdirilməsinin hər hansı bir fəsadlara gətirib çıxaracağını düşünmürəm. Əslində, hazırda başqa bir məsələ gündəmdədir. Yəni bəzi QHT-lər bilərəkdən qeydiyyatdan keçmirlər. Onlarla qeydiyyatdan keçmiş QHT-lər arasında disbalans yaranır. Qeydiyyatdan keçmiş QHT-lər bütün hesabatları və vergiləri verir. Qeydiyyatdan keçməyənlər isə əldə etdikləri qrand barədə lazımi qaydada hesabat vermirlər. Vergiləri ödəmirlər. Belə olan halda isə qeyri-bərabər durum yaranır”.

Mərkəz sədri bildirib ki, Azərbaycan qanunvericiliyi QHT-lərin qeydiyyatdan keçmələrini tanıyır: "Qeydiyyatdan keçməyən QHT-lər müəyyən layihələrə görə qrant alırlarsa, qeydiyyatdan da keçməlidirlər. Digərləri ilə bərabər imkanlara malik olmalıdırlar. Əks halda, onlar üçün əlavə üstünlüklər yaranır. Çünki onlar vergiləri və hesabatları verməkdən boyun qaçırırlar. Hesab edirəm ki, qeydiyyat məsələsinin sadələşdirilməsi həm də QHT-lər üçün bərabər şəraitin yaranmasına gətirib çıxaracaq. Onların qeydiyyatdan keçməməklə bağlı bəhanələri olmayacaq. QHT-lərin qeydiyyatdan keçməsi vacib məsələdir.”.

Ə.Nuriyevin fikrincə, bəzi QHT-lərin qeydiyyatdan keçməməsi onlara hansısa siyasi qüvvənin monopoliyasına keçməsinə imkanlar açır: "Həmin siyasi qüvvələr də QHT-lər vasitəsi ilə fəaliyyətlərini həyata keçirirlər. QHT-lərin fəaliyyətini öz mövqelərinə uyğun istiqamətləndirirlər. Ona görə də düşünürəm ki, QHT-lərin qeydiyyatındakı çətinliklərin aradan qaldırılması bu kimi arzuolunmaz proseslərin həll olunmasına dəstək verə bilər. QHT-lərin qeydiyyatı müəyyən fəsadlara yol açacaq kimi düşüncələri düzgün saymıram”.

Mərkəz rəhbəri onu da əlavə edib ki, qeydiyyatdan keçməyən QHT-lərə nəzarət etmək mümkünsüzdür: "Bu da müəyyən hüquqi problemlərin yaranmasına səbəb olur”.

Ə.Nuriyev vurğulayıb ki, QHT-lərin qeydiyyatdan keçməsi bu sahədəki spekulyasiyaların da qarşısını ala bilər: "Hesabatların yanlış istiqamətə yönəlməsini adayandırar. Bəzi beynəlxalq təşkilatlar da hesabatlarında ölkəmizdə qeydiyyat prosesinin mürəkkəb olduğunu bildirirlər. Qeydiyyatın sadələşdirilməsi bu kimi iddiaların da qarşısını alar. Eyni zamanda dövlət orqanlarının yükünün azalmasına və fəaliyyətlərinin daha da asanlaşmasına gətirib çıxara bilər”.