Zaqatalada atışma: 3 nəfər ölüb

Hadisənin motivi, hadisəni kimlərin törətməsi haqqında məlumat verilmir

Noyabrın 24-də Zaqatala rayonu ərazisində Yuxarı Tala kəndi yaxınlığında bir maşınından digərinə avtomat silahla atəş açılıb. Maşında olan 4 nəfərdən 3-ü güllə yarasından ölüb. Dördüncü adam isə yaralanıb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120,2.7 (iki və daha çox şəxsin qəsdən öldürülməsi), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Sonra isə iş rayon prokurorluğundan alınıb. Xüsusi ilə ağır cinayət olduğu üçün cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi aparır. Bu haqda AzadlıqRadiosuna Zaqatala rayon prokuroru İlham Həsənəlizadə məlumat verib. Hadisənin motivi, hadisəni kimlərin törətməsi haqqında məlumat verilmir. Daxili İşlər Nazirliyi baş vermiş silahlı insidentlıə bağlı məlumat yayıb. Kənd ərazisində "VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. Polis və prokurorluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır. APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə törədən şəxslər ağ rəngli "VAZ-2107” markalı avtomobildə olublar. Hadisədən sonra onlar ərazidən uzaqlaşıblar. Atəşə tutulan avtomobildən 1 ədəd "Marakov” tipli tapança və narkotik tapılıb. Hadisəni törədənlərdən saxlanılan yoxdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Zaqatalanın giriş-çıxışında postlar qurulub, maşınlar yoxlanılır.