Cərimələrin 10 dəfə artırılması korrupsiyaya səbəb ola bilər

Siqnallar biravazlı - ya “bip”, ya da “bap” formasında olmalıdır

İnzibati Xətalar Məcəlləsinə sürücülər üçün sarsıdıcı olan daha bir dəyişiklik də ediləcək. Avtomobillərin səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırıla bilər.

Belə ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 manatdan 800 manatadək cərimə tətbiq ediləcək.

Qeyd edək ki, indiyə qədər bu cəzalar 80 manatdan 100 manata qədər olub.

Cərimələrin artırılmasını dəyərləndirən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə bu cür dəyişikliklərə lüzum görülmədiyini bildirib: "Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsində də yazılır ki, sayrışan işıq və avazdəyişən səs siqnalları ancaq operativ nəqliyyat vasitələrinə polis, təcili tibbi yardım, yanğınsöndürən, xüsusi mühafizə xidmətlərinin avtomobillərinə qoyula bilər. Olardan başqa hər hansı bir avtomaşına yerləşdirilə bilməz”.

Ekspertin qənaətinə görə, bu sahədə Azərbaycan qanunvericiliyində müəyyən boşluqlar mövcuddur: "Dünyanın hər yerində avtomobillərin bütün detalları standart olur. Avtomobillərin səs siqnalı üçün bir qayda var. Qanuna görə, siqnallar biravazlı - ya "bip” ya da "bap” formasında olmalıdı. İkisi bir arada olarsa, həmin siqnal məqbul sayılmır. İndiki halda Azərbaycanda canavar, insan və şəlalə səsi çıxaran siqnallardan istifadə olunur. Bütün bunlar qadağan olunmalıdır. Yalnız "bip” və ya "bap” səsi çıxaran siqnallardan istifadə olunmalıdır. Bu baxımdan hesab edirəm ki, qanunvericilikdə bununla bağlı müəyyən boşluqlar var”.

Ə.Hüseynov qeyd edib ki, cərimələrin dəyərinin 10 dəfə qaldırılması korrupsiya və rüşvətxorluq hallarının daha da artmasına gətirib çıxaracaq: "Əvvəlki qanun istisnasız olaraq hamıya tətbiq edilsə idi, cərimə üçün 50 manat da yetərli olardı. Üstəlik, müsadirə məsələsi də var. Qanun hamı üçün keçərli olsa idi, dəyişikliyə ehtiyac duyulmazdı”.

Ekspert onu da əlavə edib ki, cəzaların artırılması mövcud problemin aradan qaldırılmasına heç bir təkan verməyəcək: "Bu dəyişikliklər 5-10 nəfəri - əhalinin kasıb təbəqəsini qorxutmaq üçündür. Bunu inkar etmək olmaz. Bir daha qeyd edirəm ki, bu, korrupsiyaya zəmin yaradacaq. Cərimələrin artmasını düzgün saymıram. İlk növbədə məsuliyyətin labüdlüyünü insanların təfəkkürünə oturtmaq lazımdır ki, bunu etmək olmaz. Elə siqnallar var ki, 2 min manatdır. Sürücü bilsə ki, həmin siqnal qanunauyğun olaraq müsadirə olunacaq, həmin siqnalı qətiyyən maşınına qoymaz. Deməli, sürücü arxayındı ki, onun siqnalını müsadirə etməyəcəklər. Qanun tək kasıbın deyil, imkanlı şəxslərin də başı üstündə qılınca çevrilməlidir”.

Ə.Hüseynovun qənaətincə, çoxavazlı siqnallardan istifadə edənlərin əksəriyyəti polis işçiləridir: "Hər hansı bir polis idarəsinin qabağına getmək kifayət edər ki, bunun şahidi olasınız. Polislərin çoxunun şəxsi maşınında çoxavazlı siqnallar var. Ola bilsin ki, bəzilərində olmasın. Amma qanun tələb edir ki, avtomobillərə xüsusi səs siqnalı və xüsusi sayrışan işıq siqnallarının qoyulması yalnız Daxili İşlər Nazirliyinin müəyyən etdiyi siyahı üzrə aparılmalıdır. Onlar da xidməti avtomaşınlar ola bilər. Şəxsi avtomobillərə belə cihazların qoyulması qanun pozuntusudur”.