Əsəb dispanserindən qaçanlar...

Deyəsən onlar ağıllı adamlara oxşayır



Ruhi Əsəb Xəstəlikləri Dispanserindən 4 nəfərin qaçması bir müddət ictimaiyyəti "tətikdə” saxladı. Zarafat deyil. Xəstəxanada qalmalı olan 4 nəfər ruhi xəstə, həm də müxtəlif cinayət əməllərinə görə təqsirli bilinmiş şəxslərin əhali arasında sərbəst dolaşması təhlükəsiz sayıla bilməz. Verilən məlumatlara görə, qaçaqlar artıq tutulub və zərərsizləşdirilib. Lakin hadisə hələ də müzakirə predmetidir. Suallar da çoxdur.

Necə olur ki, güclü mühafizəsi olan (və ya güclü mühafizəsi gərəkən - red) bir xəstəxanadan 4 xəstə, həm də cinayətkar xəstələr qaçış təşkil edir və buna nail olurlar? Digər bir düşündürücü məqam isə cinayətkarların həm də ruhi xəstə kimi dispanserə salınmasıdır. Bu da sovetdənqalma "ənənə”dir. Bizlərdə əsgərlikdən və cinayət məsuliyyətindən yayınmaq istəyənlərin ruhi xəstəyə "çevrilməsi” görünməmiş hadisə deyil. Əli Əmirlinin "Bala başa bəla” tamaşasını yada salmaq kifayətdir.

Xəstəxanadan qaçanların çox ilginc cinayət tarixçələri var; Oğurluq, dələduzluq, quldurluq. Ruhi Əsəb Xəstəlikləri Dispanserindən qaçmış 4 nəfər - Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov müxtəlif vaxtlarda bu tip cinayətlər törədiblər və AR CM-nin 177, 178, 181 və 310-cu maddələri ilə məsuliyyətə cəlb olunublar. Xəstəxanadan qaçanların cinayət əməllərinə nəzər salanda heç də "dəli” təəssüratı yaranmır. "Dəlilər”in "ağıllı” hərəkətlərinin xronikası belədir:

- 2012-ci ilin avqustun 16-da Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Emil Həbibova qarşı quldurluq edən Şərur rayon sakini Baba Cəlilov və Bakı şəhər sakini Tural Abbasov tutulub.

2011-ci il iyunun 11-i və 22-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakinləri Cavad Babayevə məxsus "VAZ-21074” markalı, Səyyaf Davudova məxsus "Ford Tranzit” markalı avtomaşınların şüşələrini sındırmaq yolu ilə maqnitofonları və yaddaş kartı, Vahid Əsgərova məxsus avtomobil təmiri sexindən, Şakir Qurbanova, Əliağa Qasımova məxsus həyətlərdən 3 ədəd qaynaq aparatı və mis naqillər oğurlanıb. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ötərxan İsmayılov və Elvin Nəsrullayev saxlanılıblar.

2010-cu il oktyabrın 7-də Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il dekabrın 7-də Teymur Abduləzizovu tapança ilə hədələyərək əl-qolunu bağlayıb, evdən 7.000 manat, 4.000 dollar pul və qızıl əşyaları aparmaqda şübhəli bilindiyinə görə Sabunçu RPİ tərəfindən axtarılan Xırdalan şəhər sakini Razim Hacıyev Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində saxlanılıb.

5 iyun 2012-ci ildə Naxçıvan Muxtar Respublikası DİN, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Qala qəsəbə sakini İsmət Quliyevin evinə girib onu və arvadı Pərini bıçaqla hədələyərək əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb, oradan 500 manat, eləcə də qızıl əşyalarını aparmaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Ramin Quluzadə Bakı şəhərində, Şahbuz rayon sakini, əvvəllər məhkum olunmuş Yusif Məhərrəmov isə Naxçıvan şəhərində tutulub.

"Dəlilər” pul əldə etmək üçün bu cür cinayətlər həyata keçiriblər. Deməli, ağılları var. Üstəlik, xəstəxanadan qaçış təşkil etməyə də ağılları çatır. Bu hadisə onların dəlilik kağızına yenidən baxılması zərurəti yaradırmı?

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Alta "Şərq”ə açıqlamasında bildirdi ki, əvvəla, cinayət əməlində təqsirli bilinən şəxslər xüsusi nəzarət altında olmalıdırlar:

- Ruhi Əsəb Dispanseri xüsusi bir yerdir. Orada ciddi mühafizə olmalıdır, xəstələr ciddi nəzarət altında olmalıdırlar. Deyirlər ki, qaçmaq istəyənlər oradakı mühafizəçiyə müqavimət göstərib, dəmir alətlə zərər yetiriblər. Deməli, bu, əvvəlcədən planlaşdırılmış bir qaçışdır. Ümumiyyətlə, cinayət törətmiş şəxs eyni zamanda ruhi xəstədirsə, bu tip insanlar üçün xəstəxanada ayrıca saxlanma yeri olmalıdır. Onlar digər xəstələrlə bir yerdə saxlanmamalıdır. Cinayət mənşəli xəstələr xüsusi ayrılmış otaqlarda qalmalıdırlar. Bu, ona görə vacibdir ki, onların qaçış ehtimalı sıfır olsun. Xəstəxanadan qaçıb cəmiyyət üçün təhlükə yaratmasınlar, təkrar cinayət törətməsinlər. Belə hadisələr olur. Məsələn, Rusiyada ruhi dispanserdən qaçmış bir xəstə Norveçdə tapılmışdı.

Əgər həmin 4 nəfər qaçış təşkil edib və buna nail olublarsa, onların nə dərəcədə ruhi xəstə olmasını yenidən təftiş etməyə ehtiyac var. Deməli, onlar müəyyən ağıl sahibidirlər ki, qaçış təşkil edirlər, sonra da qaçıb gizlənirlər. Məncə, burada yenidən tibbi və məhkəmə-tibbi ekspertizaya aparılmalıdır. Yoxlanılmalıdır ki, onlara nə dərəcədə düzgün diaqnoz qoyulub. Təbii ki, burada söhbət tam obyektiv aparılacaq yoxlamadan gedə bilər. Yoxsa ki, rüşvətlə, tapşırılma yolu ilə diaqnoz veriləcəksə, bunun heç bir xeyri olmayacaq. Təəssüf ki, bəzən biz cinayət törətmiş şəxslərin müxtəlif vasitələrlə məsuliyyətdən yayındırıldığını, yaxud da məsuliyyətlərinin yüngülləşdirildiyinin şahidi oluruq. Bunu da adətən "ruhi sarsıntı”, "ruhi xəstə”, "psixikası zədəli” adı altında edirlər. "Ruhi xəstə” diaqnozu qoyub, müəyyən rüşvət müqabilində cinayətin cəzasını yüngülləşdirməyə, müəyyən müddət keçdikcə, yavaş-yavaş hadisəni unutdurmağa nail olurlar, sonra da adam xəstəxanadan çıxıb yaşayışını davam etdirir. Demək istəyirəm ki, bəzən cinayətkarların xəstəxanalarda xəstə adı ilə gizlənməsi hallarına rast gəlinir.

Hələ sovet vaxtı, mən istintaq orqanlarında çalışdığım vaxtlarda Azərbaycanda oxşar hadisə olmuşdu. Ruhi xəstə kimi xəstəxanaya salınan bir cinayətkar oradan qaçmışdı və 5 uşağını qətlə yetirmişdi. Sonra məlum oldu ki, bunu qısqanclıq zəminində edib. Yəni, bu cür insanlar cəmiyyət üçün həmişə təhlükə mənbəyidir.

Qeyd edək ki, "Dəlixanadan qaçış” əməliyyatında bir intihar hadisəsi də yer alıb. Noyabrın 15-də, Neapol prospekti, 43 ünvanında meyiti tapılan, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovun 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan gün orada xidmətdə olduğu bildirilir. R.Həsənovun intihar etdiyi deyilir. Hazırda istintaq R.Həsənovun özünə qəsd etməsi ilə xəstəxanadan qaçış əməliyyatı arasında hər hansı bağlantının olub-olmadığını araşdırır.

İ.Altay isə bu tip hadisələrdə peşəkar yanaşma tələb olunduğunu dedi:

- Bu iki hadisə arasında bağlantı ola da bilər, olmaya da bilər. Bəlkə də meyiti tapılmış şəxs qaçanlar tərəfindən qətlə yetirilib, amma belə görüntü yaradılıb ki, bu, intihardır. Bəlkə də bu qətlin və ya intiharın həmin 4 nəfərlə heç bir əlaqəsi yoxdur. İstintaq orqanları hər bir detalı incələməlidir. Və həqiqəti üzə çıxarmalıdır.