ABŞ-İran arasında buzlar əriyir

Ekspertlər hesab edir ki, bu, Rusiyanın regiondakı ağalığına son qoya bilər

Cenevrədə "altılıq” ölkələrlə İran arasında əldə edilmiş tarixi razılıq dünya gündəmindən düşmür. Beynəlxalq medianın unikal addım adlandırdığı razılaşmaya əsəsən İran uranı beş faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə beş faizlik həddən aşağı salmağa razılıq verib. Əgər İran nəzərdə tutulanları həyata keçirərsə, təxminən yeddi milyard dollar qazanc əldə edəcək.

Ancaq gözlənildiyi kimi problemli tərəflər arasında əldə edilən ilkin razılıq bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. İsrailin Baş naziri Benyamin Netanyahu dünya nəhənglərinin İranla nüvə razılaşmasını pisləsə də, ABŞ dövlət katibi Con Kerri İranla əldə olunmuş razılaşmanı alqışlayıb. Kerrinin fikrincə, razılaşma İranın nüvə silahı hazırlamasını çətinləşdirəcək və İsrail üçün təhlükəsizliyi təmin edəcək. Əslində uzun müddətdir İranın nüvə proqramı ilə bağlı gərginlik davam etdiyinə görə, zaman-zaman fars dövlətinin vurulacağı ehtimalı da ciddi şəkildə gündəmə gəlirdi. Bu da təbii olaraq, qonşu İranla yanaşı, region ölkələrini də narahat edirdi. Onu da qeyd edək ki, razılıq əldə edildiyi gündən İran camaatı bunu bayram kimi qeyd etməyə başlayıblar. Azərbaycanlı ekspertlər də bu razılaşmanı həm İran, həm də bölgə ölkələri üçün ümumilikdə müsbət addım hesab edirlər. Lakin politoloqlar bu razılaşmanın uzunömürlü olmayacağı qənaətindədirlər. Xəzər regionu üzrə Siyasi Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə hesab edir ki, bu razılıq Obama siyasətinin böyük uğurudur və ən azı Obama hakimiyyətdə qalana qədər davam edəcək: "ABŞ hakim dairələri Obamaya qarşı münasibəti dəyişmək istəyirlər. Çünki ABŞ-ın hakim elitası qara dərililəri sevmir. Digər tərəfdən, Obama öz islahatları ilə kasıblara xidmət etmək istəyir. Varlı elita isə buna qarşıdı. Suriya məsələsində də Obama sülhə üstünlük verdi. İranla əldə olunan razılıq ABŞ-ın maraqlarına uyğundur. Çünki Yaxın Şərqdə müharibənin olması ABŞ üçün xeyirli deyil. Belə bir müharibə olarsa, Rusiya, İsrail, Livan və digər ölkələr də bu müharibəyə qoşula bilər”. Politoloq qeyd edir ki, hazırda İranla əldə edilmiş razılıq İsraili qane etmir və İsrail ABŞ-dakı lobbiləri vasitəsilə bu razılığa xələl gətirmək istəyir: "Çünki İran faktoru qaldıqca, İsrail regionun həlledici güc mərkəzinə çevrilə bilməyəcək. Rusiyaya gəlincə, hesab edirəm ki, Rusiya regionda sülhə razı olmalıdır. Çünki Rusiya artıq super-dövlət yox, regional dövlətdir”. V.Quluzadənin fikrincə, hələ danışıqlar getdiyi üçün prosesin nəticəsindən konkret danışmaq mümkün deyil: "Hansısa mərhələdə proses qırıla bilər. Amma indiki nəticələr ümid verir ki, bizim region darmadağın olunmayacaq”.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirli bildirib ki, razılaşmanın əldə olunmasında İranın beynəlxalq sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyətinin pisləşməsi əsas amil kimi göstərilə bilər: "Əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olan İranda işsizlik problemi təhlükəli həddə yaxınlaşır. Belə olan halda rəsmi Tehran İranın nüvə proqramı məsələsində qərblə qarşıdurma mühitinin aradan qaldırılmasını yaxınlaşmaqda olan iqtisadi fəlakətdən xilasın əsas yolu kimi qəbul etmək məcburiyyətində idi”. Analitikin sözlərinə görə, belə bir sənədin imzalanması ABŞ üçün də hava-su kimi vacibdir: "Məsələ ondadır ki, Yaxın Şərqdə vəziyyət dramatik olaraq qalmaqdadır. İranla qarşıdurma siyasəti rəsmi Vaşinqtonun region siyasətinin uğurunun təminatına ciddi əngəllər yaradır. Belə razılaşmanın əldə edilməsi Suriyaya ABŞ-ın təsir imkanlarını artıra bilər. Eyni zamanda, Rusiyanın regionda enerji ağalığına ciddi zərbə endirilmiş olar. Bütün bunlardan savayı, Obama administrasiyasının xarici siyasətdə möhtəşəm bir uğura imza atdığı reallığını siyasi opponentləri də etiraf etmək məcburiyyətində qalacaq. Bu isə öz növbəsində həm Konqresə aralıq seçkilərdə, həm də 2016-cı il prezident seçkilərində hakim Demokratlar Partiyasının qalib gəlmək şansını maksimum dərəcədə artırmış olacaq”.