“Rusiyanın təzyiqləri hələ bir müddət çəkəcək”

Vahid Əhmədov: “Biz heç vaxt SSRİ-nin yenidən bərpasına imza ata bilmərik”

Rusiyada baş verən olaylar, vətəndaşlarımızın sıxışdırılması, Azərbaycana müxtəlif vasitələrlə təzyiq edilməsi hələ də aktualdı və getdikcə bu gərginlik daha geniş vüsət alır. Federasiya artıq əməkçi miqrantlara qarşı sanki faşizm rəftarı göstərir. Moskva polisinin növbəti hədəfi isə "Moskva” ticarət mərkəzi olub. "OMON” çox sayda azərbaycanlıların çalışdığı ticarət mərkəzində reyd keçirib və 700 nəfər saxlanılıb. Onların sənədləri və əvvəl hansısa cinayətlərdə iştirak edib-etməmələri araşdırılıb. Bütün bunların siyasi oyunun tərkib hissəsi olduğunu deyən millət vəkili Vahid Əhmədov isə hesab edir ki, miqrantlara qarşı bu basqılar Azərbaycanı Gömrük İttifaqına qoşmaq üçün Rusiyanın həyata keçirdiyi siyasətdir:

- Rusiyada azərbaycanlıların sıxışdırılması elə-belə yox, çox ciddi məsələdir. Bu proses siyasi məsələ olduğu üçün öz həllini tapması xeyli vaxt aparacaq. Son vaxtlar bölgədə baş verən situasiyalara nəzər yetirsək, aydın olur ki, bütün bunların arxasında Rusiya rəhbərliyi dayanıb. Onların da məqsədi Azərbaycanı digər MDB ölkələri kimi Avrasiya Birliyi və Gömrük İttifaqına üzvlüyünü təmin etməkdir. Bu isə birmənalı Azərbaycanın dövlət və milli maraqlarına zidd olduğu üçün ölkə başçısı onlara istədiyini vermir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılması ilə bağlı Prezidentin mövqeyi birmənalı və dəyişməzdir. O, dövlət müstəqilliyini sonuna qədər qoruyacağına andiçmə mərasimindən sonra da söz verib. Ölkə başçısı birmənalı şəkildə deyib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu tutub və bu yolla da sonuna qədər davam edəcək.

- Miqrantların Rusiyadan qovulmasının arxasında nə dayanır?

- Azərbaycanı küncə sıxışdırmaq və ölkəmizin hər iki ittifaqa üzvlük məsələsi.

Azərbaycanın apardığı müstəqil siyasət onları qane etmədiyi üçün bu cür ucuz oyunlardan istifadə edirlər. Fikir verirsiniz, Ukrayna ətrafında hansı hadisələr baş verir. Ölkəni kütləvi aksiyalar bürüyüb. Azərbaycan isə onlardan fərqlidir. Azərbaycanın öz nefti, qazı var. Heç bir dövlətdən enerji asılılığı yoxdur. Rusiyada miqrantların sıxışdırılması prosesi hələ bir müddət gedəcək. Deputatların Moskva səfərindən sonra da təzyiqlərin davam etməsi göstərir ki, məsələ yuxarı eşalonda öz həllini tapmalıdır. Soydaşlarımızın Rusiyada sıxışdırılması bizim üçün hər nə qədər ağır olsa da, əlimizdən bir şey gəlmir. Siyasi məsələ olduğu üçün bir müddət çəkəcək. O vaxta qədər ki, iki ölkə arasındakı siyasi ziddiyyətlər öz həllini tapacaq. Hələ ki, Gömrük İttifaqı məsələsində tərəflər razılaşa bilmədiyi üçün Rusiya təzyiq vasitəsi kimi miqrantlardan istifadə edəcək. Çox təəssüf ki, bu da ölkəmiz və miqrantlarımız üçün yaxşı heç nə vəd eləmir. Bu təzyiqlərdən dolayı insanlar orada min bir əziyyətlə qurduqları ev-eşiklərini, mülklərini atıb gəlmək məcburiyyətində qalır.

- Rusiyanın istəyi, Azərbaycanın isə mövqeyi bəllidir. Bəs, məsələ necə tənzimlənəcək?

- Sözsüz ki, təzyiqlər, müəyyən provakasiyalar olacaq. Biz bunu bilirik. Ancaq bir məsələ var ki, hər nə qədər bizə qarşı təzyiqlər olsa da, biz heç vaxt SSRİ-nin yenidən bərpasına imza ata bilmərik. Artıq bizim yolumuz başqadır. Rusiyanın təzyiqlərinə sinə gərmək üçün Azərbaycan xalqı bir olmalıdır. Daxildə sabitlik olarsa, biz bütün təxribatlardan sığortalana bilərik. Fikir verirsiniz, son günlər İran da bizə qarşı təzyiqlərə başlayıb. Sərhəddə müəyyən problemlər var ki, hələ də açıq qalıb. Təbii ki, qonşu dövlətlərin basqısı altında dövlət müstəqilliyini qoruyub saxlamaq o qədər asan məsələ deyil.

- Rusiyada yalnız qeyri-leqal yolla yerləşənlər təxliyyə olunurlar, yoxsa qanuni yaşayanlara da təzyiqlər var?

- Gah belə deyirlər, gah da elə deyirlər. Əgər Rusiya Azərbaycanı küncə sıxışdırmağı qarşısına məqsəd qoyubsa, onun üçün fərqi yoxdur. Daimi yaşayanlar üçün də, müvəqqəti miqrantlar üçün də problem yaradacaqlar. Bu onların Azərbaycana qarşı yeridilən daxili siyasətidir və çox əfsuslar ki, qarşısını almaq da bizim üçün çox çətindir.

- Deportasiyalar daha ciddi xarakter alarsa, bu, ölkəmizə nə vəd edər?

- Təbii ki, miqrantların kütləvi şəkildə şimaldan axını ölkəmiz üçün yaxşı heç nə vəd etmir. Ancaq biz çalışıb, bu problemi həll etməyin rahat yolunu tapmalıyıq. Təbii ki, bu qədər miqrantın geri qayıtması sahibkarlığın inkişafına da mənfi təsir edəcək. Bunun üçün də miqrantların Azərbaycana qayıdışı ilə bağlı yaranacaq problemi həll etmək üçün xüsusi proqram hazırlanmalıdır . Biz ölkəmizə qayıdan miqrantları bölgələrdə yerləşdirməli və işlə təmin etməliyik.

- Təxminən nə qədər miqrantın geri qayıtması gözləniləndir.

- Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək. Amma nə qədər ağır olsa da, vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə, ərzaqla da təmin etməliyik. Bu bizim borcumuzdur. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir.

- Bəs Azərbaycan nə qədər vətəndaşını problemsiz qəbul etmək imkanındadır?

- Rusiyadan nə qədər Azərbaycan vətəndaşı geri qayıdacaq, Azərbaycan onların hər birini problemsiz qəbul edəcək. Bu istiqamətdə müəyyən çətinliklər yaşansa da, ciddi problemimiz olmayacaq. Lakin biz müstəqilliyimizi qoruyub saxlamaq üçün hər çətinliyə dözməyə hazırıq.

- Miqrantların Azərbaycana gəlişindən ölkəmizdə maraqları olan beynəlxalq qüvvələr öz məqsədləri üçün istifadə edə bilərmi?

- Azərbaycan üçün belə bir təhlükə real deyil. Çünki ölkə daxilində stabillik var. Bizi istəməyən dövlətlər olsa da, bizi müdafiə edən dövlətlər də kifayət qədərdir. Çünki Azərbaycanın yeritdiyi siyasət beynəlxalq aləmdə qəbul olunandır.