Borçalı nəfəs alacaq

Gürcüstanda Türkiyəyə quru yol açılır



Bu günlərdə təməlqoyma mərasimi keçirilən sərhəd məntəqəsi Azərbaycanı Türkiyəyə bir az daha yaxınlaşdıracaq. Belə ki, Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsi artıq ictimaiyyətə təqdim olunub.

10 aydan sonra istifadəyə veriləcək bu sərhəd məntəqəsi Gürcüstan və Azərbaycana alternativ yol olmaqla yanaşı, Ərdahan vilayətinin sosial-iqtisadi inkişafına da təkan verəcək. Qeyd edək ki, 2014-cü ilin avqust ayında istifadəyə veriləcək Çıldır-Aktaş sərhəd məntəqəsindən Gürcüstana keçməklə Azərbaycana avtomobillə 2 saata gəlmək mümkün olacaq.

Çıldır-Aktaş sərhəd məntəqəsinin açılmasının təqdirəlayiq hadisə olduğunu vurğulayan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu layihənin ürəkaçan olduğunu deyib: "Adətən Borçalı türklərinin yaşadığı ərazilərə məhəllə kimi baxırıq. Halbuki həmin zona regionun təhlükəsizliyi üçün nəfəslik rolunu oynayır. Həmin zona bizim üçün mənəvi bir dünyadır. Təsadüfi deyil ki, bütün iri boru xətləri də məhz həmin ərazilərdən keçir. Borçalı həm də Türkiyəyə keçmək üçün ən əlverişli quru yoludur. Bu mənada Çıldır-Aktaş sərhəd məntəqəsinin açılmasını çox müsbət layihə hesab edirəm. Bildiyim qədər həmin yol Dumanis rayonuna gəlməlidir. Bu yol vasitəsilə də soydaşlarımızın birbaşa Türkiyəyə gediş imkanları asanlaşır. Yəni, Batumidən yox, artıq bu yoldan Türkiyə ilə rahat gediş-gəliş imkanları olacaq. Bu isə birmənalı həmin ərazidə yaşayan insanların sosial rifahının yaxşılaşması, yeni infrastrukturların yaranması deməkdir. Alternativ yol iqtisadi cəhətdən nəqliyyat işçilərinə də xeyli sərfəlidir. Ən əsası isə Azərbaycanla Türkiyəni birləşdirən zəngin və strateji mahiyyət daşıyan bir körpü rolunu oynayacaq. Sözsüz ki, bu yol Gürcüstanı da gücləndirəcək”.

Alternativ yolun Türkiyənin hansı ərazisindən keçəcəyinə gəldikdə isə Z. Məmmədli hələ ki, layihə açıqlanmadığı üçün bu barədə dəqiq məlumatlı olmadığını deyib: "Əvvəllər həmin ərazidə ipək yolu olub. Bu yol isə Ərdahanla Baş keçidin həm Qəmərli, həm də Armudluya düşən hissələrini birləşdirib, oradan karvanlar keçib. Vaxtı ilə biz ideya irəli sürmüşdük ki, bu yol müasir tələblərə cavab verən ötürücü yola çevrilməlidir ki, insanlar rahat şəkildə istifadə edə bilsinlər. Hətta bu yolun çəkilməsi ilə bağlı bəyanat yayaraq dövlətlərdən dəstək də istəmişdik. Alternativ yol tam hansı xəttlə çəkiləcək deyə bilmərəm, yəqin ki, yaxın zamanlarda layihənin təqdimatı keçiriləcək. Ancaq bütün hallarda əhəmiyyətli bir yoldur”.