Prezident seçkisinin başa çatmasına, xarici ölkələrin dövlət başçılarının təbriklərinin alınmasına baxmayaraq, müxalifət hələ də beynəlxalq çevrələrdə şikayətçi kimi iştirak edir, özünü həmin dairələrdən Azərbaycandakı siyasi prosesləri ciddi nəzarətə götürməsinə umacaqlı aparır. Qərbə səfərini başa vuran Milli Şuranın namizədi Cəmil Həsənlinin görüşləri vəziyyəti dəyişəcək səviyyədə fövqəladə xarakter daşımır.
Amerikadakı azərbaycanlı auditoriyasının müxalifətə verə biləcəyi dəstək quruca bəyanat səviyyəsindən irəli getmək perspektivinə malik deyil. Müxalifətin prezidentliyə namizədi o yerlərdə o konqresmenlər qarşısında xitabət kürsüsünə qalxıb ki, onların heç nəyə əhəmiyyətli təsir qüvvəsi yoxdur. Onlar enerji maraqları demokratiya maraqlarından öndə gələn dövlətləri təmsil edirlər. Onlar hər seçkidə müxalifəti aldadıb, Azərbaycanın demokratik gələcəyini hər dəfə iqtidar- müxalifət-xalq üçbucağının ixtiyarına buraxıblar.
Çox maraqlıdır ki, hakimiyyət hər zaman seçkilərdə əsasən daxili faktorlarla işləyir, bütün resurslarını prosesin daxildə həllinə yönəldir, müxalifətsə, siyasi mübarizənin nəticələrini daha çox Azərbaycan hüdudlarından kənarda çözməyə can atır. Hətta seçki başa çatsa da belə. Cəmil Həsənlinin xarici siyasi mətbəxlərdə axtarışları dibi bomboş olan neft quyusunda mənasız kəşfiyyat fəaliyyətinə bənzəyir.
Seçki kampaniyası zamanı Milli Şuranın ilk namizədi Rüstəm İbrahimbəyov da, müxalifəti idarə edən Eldar Namazov da öz siyasətlərini xalq kütlələrinin içərisinə qədər aparmaq əvəzinə, mütəmadi xaricdə təmaslar qururdu. Nəticə nə oldu? Nəticə budur ki, nə beynəlxalq dəstək güclü oldu, nə də xalqın hakimiyyətə iddia edən qüvvələrə etimadı görünməmiş həddə çatdı. Beynəlxalq aləmi tanıya-tanıya, onun qapısını təkrar-təkrar döymək müxalifətin zəif duruma düşməsi rəyini dağıtmaq, Milli Şuradakı intriqaları beynəlxalq səfərlərin fonunda görünməz etmək cəhdindən başqa bir şey deyil.
Başqa tərəfdən, Cəmil Həsənlinin vaxt sərf etdiyi xarici səfərlər müxalifətin daxilində qalaqlanan problemlərin yanında son dərəcə lüzumsuz görünür. Çünki daxildəki problemlərini həll etmədən, nüfuzdan düşmüş, reytinqinin qaldırılması üçün heç bir səy göstərilməyən, quruca adı olan Milli Şuranı islahata uğramış, işlək bir təsisata çevirmədən müxalifəti xaricdə təmsil etmək heç bir ciddi dəstək vəd edə bilməz.
Cəmil Həsənli xarici tribunalarda müxalifət adından söz deməyə tam səlahiyyətli şəxsdirsə, daxildə onun seçkinin başa çatmasından sonra artıq məhdud səlahiyyətləri var. Əgər onun xarici səfərlər kontekstində bütün siyasi təşəbbüslərinin son məqsədi özünün Milli Şuradakı yeni statusunu əldə etmək marağıdırsa, xarici səfərlərin səviyyəsi, yükü bu fakta təkan verəcək qədər keçərli deyil. Milli Şurada intriqalar o qədər dərinləşib ki, nə Həsənlinin burada hakimiyyəti öz əlinə alması mümkündür, nə də ağsaqqal missiyasına keçib siyasi partiyalar, ziyalılar arasındakı münasibətləri rəvanlaşdırmaqda pozitiv rol oynaya bilər. İç problemləri aradan qalxmayan zəif bir qurumun adından beynəlxalq aləmdə söz demək son dərəcə paradoksaldır.
Cəmil Həsənli Milli Şurada idarəetməni gücləndirmək üçün səylər etsə də, irəli gedən nəticələrə müvəffəq olmaq çətindir. Çünki seçkidən sonra Milli Şurada komandanlığı ələ almaq çabaları ciddi xarakterə keçə bilmədi; Həsənli Rəsul Quliyevin məsələsini çözməyə, qurumun strukturları ilə bağlı bütün qərarların sürətli yoluna qoyulmasına qədər müstəqil addım atmağa səlahiyyətli olmadı.
Xarici görüşlərdə onunla bir tandem olaraq iştirak etməyən Rüstəm İbrahimbəyov Milli Şuranın gələcək fəaliyyətində Cəmil Həsənliyə geniş meydan verməyə maraqlı görünmür. Qurum içərisində ciddi qruplaşma, fəaliyyətsizlik faktoru Həsənlinin xaricdə hansı qüvvələrin təmsilçiliyini aparmasına izahat istəyir. Maraqlıdır, Cəmil müəllimə görüşlərində müxalifətin qovğalarından suallar verildimi və verilibsə, onun cavabı hansı məzmunda olub (yəqin ki, Cəmil müəllim bu günkü mətbuat konfransında bu suala cavab verər-müəl.)?!.
Əlbəttə ki, heç kəs heç yerdə öz paxırlarını açmır, əgər açsaydı, C.Həsənli Milli Şuradakı konfliktli situasiyanı Qərbdəki bəyanatlarında müxalifətin güc mərkəzinə çevrilməsi fikriylə pərdələməyə çalışmazdı.