“Çıxılmaz vəziyyət”dən çıxış yolu




Nəhayət, dünya ictimaiyyəti rahat nəfəs aldı. İsveçrənin Cenevrə şəhərində dünyanın 6 böyük dövləti ilə İran nüvə proqramı ilə bağlı ilkin razılığa gəldilər. Bir çox ekspert bunu böyük müharibənin qarşısının alınması kimi qiymətləndirib. Eyni zamanda, bu hadisənin geosiyasi aspekti çoxlu sayda faktoru nəzərə almağı tələb edir. Hələlik ortada müəyyən ziddiyyətli məqamlar da mövcuddur. 6 aydan sonra nələr olacaq?

Uzunmüddətli ixtilafın sonu?

İranla Qərb arasında bir neçə il davam edən gərginlik, deyəsən, başa çatmaq üzrədir. İxtilafın iki əsas tərəfi Tehranla Vaşinqton idi. Onlar uzun müddət idi ki, bir-birinə barışmaz düşmən münasibəti göstərirdilər. İndi isə vəziyyət kəskin surətdə dəyişib. Maraqlıdır ki, dünyada gedən prosesləri tənzimləyən Qərb bu işi əvvəlki uğursuz addımların (İraq, Əfqanıstan, Misir, Suriya, Liviya və s.) taleyi fonunda görüb. Görünür, okeanın o tayında qlobal geosiyasətə düzəlişlər etmək zərurəti yaranır.

Bununla yanaşı, təəssüf hissi ilə qeyd etməliyik ki, bütün proseslərin əsas qayəsini xalqların və ölkələrin inkişafı və təhlükəsizliyinin təşkil etdiyinə inanmaq xeyli çətindir. Təcrübə göstərir ki, burada daha çox geosiyasi ambisiyalar özünü büruzə verir. İranla olan problemlərin həll edilməsində ciddi addımın atılmasına həmin müstəvidə qiymət verəndə, düşündürücü məqamlara rast gəlinir.

Bu kontekstdə deyə bilərik ki, dünyanın İranla üz-üzə qalması paradoksal görünürdü. Ancaq Tehranın arxasında müxtəlif ölkələr və proseslərin olması da sirr deyil. Məsələn, İraq, Əfqanıstan, Misir, Suriya, Liviya İranın arxasında idi. Bunlarla yanaşı, bu cəbhədə açıq görünməyən Rusiya və Çin var idi. Rəsmi Tehran onlardan hər zaman ciddi dəstək aldı. İran məsələsində dünyanın 6 güclü dövlətinin ortaq mövqeyə gəlməsində bu kimi faktorların hansı rolu oynadığının geosiyasi təhlilə ehtiyacı olduğunu düşünürük. Həmin aspektdə gerçəkliklə geosiyasi ambisiyaların sərhədlərinin harada kəsişdiyi də maraq doğurur.

Hər bir halda, 2013-cü il noyabrın 24-ü dünya tarixinin mühüm günləri sırasına keçə bilər. Cenevrədə həmin təqvimdə İranın nüvə proqramı ilə bağlı ABŞ, Fransa, İngiltərə, Çin, Almaniya və Rusiya Tehranla ümumi razılığa gəldilər. Hərçənd, hələlik problemin həllinin ilkin mərhələsindən danışmaq mümkündür. Həm də yayılan informasiyalara görə, bəzi aspektlər üzrə fikir ayrılığı qalmaqdadır. Bu səbəbdən İran rəsmilərinin "məsələ 98 faiz həllini tapıb”, deməsi təsadüfi deyil.

Əldə edilən razılaşmaya əsasən, İran 6 ay müddətində nüvə proqramını dayandırır. "Reuters” informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, Barak Obama Tehranın bu müddətdə verdiyi sözlərə əməl etmədiyi təqdirdə ABŞ-ın "təzyiqləri gücləndirəcəyi”ni bəyan edib (bax: Parisa Hafezi, Justyna Pawlak. Six powers clinch breakthrough deal curbing Iran’s nuclear activity / "reuters.com”, 24 noyabr 2013).

Qərb İrana qarşı sanksiyaları zəiflətməyi və ona 7 milyard ABŞ dolları həcmində yardım göstərməyi vəd edib. Bununla bərabər, Tehranın neft məhsullarına Avropa bazarları açılır, qızıl və avtomobil sənayesi sahəsində əməkdaşlıq bərpa edilir (bax: Iran nuclear deal complete after days of talks, ministers confirm / "The Guardian”, 24 noyabr 2013).

"Reuters”-in məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun danışıqların yekunundan razılığını bildirib. B.Obama "İranın atom silahına aparan yolunun kəsildiyini” bəyan edib. Müzakirə iştirakçılarının sevinc hissləri ifadə etməsi bir çox telekanalın brifinqdən verdikləri canlı yayımdan görünüb. Diplomatlar qucaqlaşıb öpüşərək bir-birilərini təbrik ediblər. Ancaq bir məqam diqqətlərdən yayınmayıb.

Almaniyanın xarici işlər naziri Gido Vestervellenin yalnız əlini sıxıblar, lakin qucaqlaşıb öpüşməyiblər. Diqqətcil və hər şeylə maraqlanan jurnalistlər bunu nazirin xüsusi oriyentasiyaya mənsub olması ilə əlaqələndiriblər. Görünür, danışıq iştirakçıları özlərinin "dərnək” üzvləri kimi görünmələrindən çəkiniblər. Jurnalistlərin bu zarafatından kənarda qlobal geosiyasət üçün ciddi işin görüldüyünü demək olar.

Bu oyunda kim uduzdu, kim uddu?

Onu vurğulamaq lazımdır ki, əksər dövlətlər əldə edilən razılaşmaya müsbət münasibət ifadə ediblər. Ancaq İsrailin baş naziri onu "pis müqavilə”, "tarixi səhv” adlandırıb. Rəsmi Təl-Əviv hesab edir ki, İran özünə qarşı sanksiyaları zəiflətməklə, nüvə proqramını inkişaf etdirmək şansını saxlayır. Belə ki, 6 aydan sonra "altılıq” ölkələri Tehrana həmin istiqamətdə işlərini qəbul edilən çərçivələr daxilində davam etdirmək imkanı verə bilərlər. Bunların fonunda Almaniyanın "Spigelonline” elektron nəşrinin "Obama İrana sınaq müddəti verdi” fikrini qabartması diqqəti çox çəkir (bax: Sebastian Fischer. Durchbruch im Atomstreit: Obama gewahrt Iran Probezeit / "spigel.de”, 24 noyabr 2013).

Bir sıra ekspertlərin fikrinə görə, Rusiya bu prosesdə ən çox qazanan tərəfdir. "Die Welt” Putinin Yaxın Şərq böhranından faydalandığını açıq yazıb (bax: Lord Weidenfeld. Putin profitiert von den Krisen im Nahen Osten / "welt.de”, 19 noyabr 2013). Xarici işlər naziri S.Lavrov da brifinqdə özünü saxlaya bilməyərək "Putinin planı yerinə yetirilir” ifadəsini işlədib. Bütövlükdə isə Moskvanın özünü təmkinli aparması müşahidə edilir.

Burada bir neçə vacib detalı vurğulamaq lazımdır. Hər şeydən əvvəl, İranla bağlı yaranmış ziddiyyətli vəziyyətdən çıxış yolunun tapılmasının aşağıdakı səbəblərinin olduğunu demək mümkündür.

Birincisi, ABŞ Əfqanıstan, İraq, Liviya, Misir, Suriya və digər ölkələrdən sonra İrana hərbi müdaxilə edə bilməzdi. Müasir beynəlxalq vəziyyət bunu mümkün etmir. Belə bir addımın atılması ABŞ-ın mövqeyinə güclü zərbə vurar və Vaşinqtonun beynəlxalq aləmdə mövqelərinin itirilməsinə səbəb olardı. İkincisi, Avropa İttifaqı ABŞ-ın bütün addımlarına dəstək verməklə yanaşı, əvvəldən İrana müdaxilə ideyasının uğursuz olacağına əmin idi. Ona görə də bir bəhanə axtarırdı ki, İrandan bazar kimi həm özünün, həm də ABŞ-ın istifadə etmək imkanı meydana gəlsin. Yəni Aİ İrandan enerji daşıyıcıları almaqda və öz istehsal etdiyi məhsullarını orada satmaqda maraqlıdır. Üçüncüsü, İran özü də iqtisadi cəhətdən böhran içərisində idi. Bu proses və sanksiyalar davam etsə idi, onun vəziyyəti kəskin surətdə pisləşə bilərdi. Üstəlik, İsraillə olan ixtilaflar dərinləşərək, hərbi toqquşmaya gətirib çıxarardı. Tehran faktiki olaraq regional miqyasda təcrid olunardı. Bütün bunlara görə, tərəflər bu razılaşmanı tarixi qələbə kimi təqdim edirlər.

Bunlardan başqa, İran və Rusiya rəsmiləri Cenevrə danışıqlarının mühüm nəticələrindən biri kimi Tehranın nüvə enerjisindən sülh məqsədləri üçün istifadə haqqının etiraf olunmasını təqdim edirlər (bax: İran i "şesterka” dostiqli istoriçeskoqo soqlaşeniə / "rbc.ru”, 24 noyabr 2013). Qərb diplomatik dairələri isə daha çox İranın nüvə proqramını 6 ay müddətinə dayandırması üzərində dayanırlar. Yalnız həmin müddətin sonunda problemin nə dərəcədə həll edildiyi bilinəcək. Belə təəssürat yaranır ki, tərəflər hələlik mümkün ziddiyyətin meydana çıxma ehtimalının mövcudluğunun üstündən sükutla keçirlər. Zamanı gələndə isə belə hərəkət etmək imkanı qalmayacaq.

Digər tərəfdən, hiss olunur ki, İran özünü, qaçılmaz iqtisadi böhrandan uzaqlaşdığını düşünərək, qalib kimi hiss edir. Bunun fonunda B.Obama isə həm ABŞ daxilində, həm də xaricdə həll etmək istədiyi, lakin həll edə bilmədiyi məsələlərin gələcəyinə ehtiyatlı münasibət nümayiş etdirməkdən başqa çıxış yolu tapa bilməyən tərəf kimi görünür. S.Lavrovun bu prosesdə Putinin konsepsiyasının qəbul olunduğunu deyərək mesaj göndərməsi Moskvanın fərqli hisslər keçirdiyindən vəbər verir. Danışıqlardan sonra Fransanın xarici işlər naziri L.Fabius ilə İranın xarici işlər naziri C.Zərifin qucaqlaşıb bir-birini təbrik etməsi nəzərdən yayınmayıb. Bütün bunlar nəyi ifadə edir?

Görünür, siyasət və geosiyasət yeni mərhələyə qədəm qoyur. Amma, deyəsən, elə hər əsrin əvvəlində olduğu kimi, dünyanın çoxluq təşkil edən ölkələri təhlükəsizlik və davamlı inkişaf intizarında qalmaqda davam edəcəklər. Çünki əsas məqsəd reallıqları nəzərə alaraq qlobal təhlükəsizlik sistemi formalaşdırmaq yox, geosiyasi maraqları təmin etmək istiqamətində çalışmaqdan ibarətdir.

Bütün bunlarla bərabər, rəsmi Təl-Əvivin sazişi "İrana yeni il hədiyyəsi” kimi qiymətləndirməsini unutmaq olmaz (bax: Iran nuclear deal complete after days of talks, ministers confirm / "The Guardian”, 24 noyabr 2013). Səudiyyə Ərəbistanın da hansı mövqeyi tutacağı maraqla gözlənilir. Bu kimi məqamlar Yaxın Şərqdə yeni ziddiyyətlərin meydana gəlməsinə səbəb ola bilərmi? İran 6 aydan sonra nüvə proqramını inkişaf etdirmək istəyini ifadə etsə, nələr baş verəcək? Bu kimi sualların cavabı hələ məlum deyil.

Belə görünür ki, Cenevrədə yalnız birinci addım atılıb. Əslində, tərəflərdə lap ilk vaxtlardan müəyyən geosiyasi iddiaların əvəzinə xoş məram olsaydı, onlar xeyli əvvəl asanlıqla razılığa gələ bilərdilər. Təəssüf ki, belə olmadı. Görünür, siyasi müdrikliyə və ədalətə hələ ehtiyac çoxdur. (newtimes.az)