Ötən gün Ağır Cinayətlər Məhkəməsində həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə sabiq deputatın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək bildirib ki, G.Əhmədovaya Cinayət Məcəlləsinin 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə irəli sürülən ittiham əsassızdır.
Vəkil deyib ki, həmin maddəyə əsasən, G.Əhmədovanın Səlcuq Ağlayanla cinayət əlaqəsinə girərək, Sevinc Babayevanı Türkiyədə gizlətməsi ittihamı irəli sürülüb: "Amma Türkiyə məhkəməsi tərəfindən Səlcuq Ağlayan bəraət alıb. Bunun üçün də həmin maddə əsassız hesab olunmalıdır”. Hakim Ə.Osmanov isə vurğulayıb ki, qeyd olunan məsələyə hökm çıxarılarkən hüquqi qiymət veriləcək.
"Sizi bilmirəm, mən rüşvətin verilməsi mexanizmindən xəbərsizəm”
Bundan sonra Ə.Talıbov müdafiə çıxışı edib. O deyib ki, G.Əhmədovaya qarşı irəli sürülən ittihamlar əsassızdır: "Videolar montaj olunub, bir formatdan digər formata köçürülüb. Ona görə də bu ittihamlar əsassız sayılır”. Vəkilin müdafiə çıxışı zamanı məhkəmənin hakimi ilə arasında "rüşvət” dialoqu da olub. Ə.Talıbov deyib ki, elə ittihamlar var ki, onlar şişirdilib: "Burda həddindən artıq qondarma və şişirdilmiş ittihamlar var. Cənab hakim, siz də, biz də yaxşı bilirik ki, rüşvətin verilməsi mexanizmi necə olur”. Vəkilin sözlərinə isə hakim Ə.Osmanov etiraz edib: "Sizi bilmirəm, mən rüşvətin verilməsi mexanizmindən xəbərsizəm”. Vəkil cinayətdə adı hallanan Sevinc Babayeva ilə bağlı da danışıb: "Prokurorluq işçilərinin S.Babayevanı ölənə qədər dindirməməsi şübhəlidir. Niyə S.Babayevanın ölümünə qədər onun ifadəsi alınmayıb? Öləndən sonra onun adının hallanmasının nə əhəmiyyəti var?”.
Ə.Talıbov bildirib ki, Gülər Əhmədovanın əməlində cinayət tərkibi yoxdur. Vəkil xahiş edib ki, cinayət işinə xitam verilsin və G.Əhmədova barəsində bəraət hökmü çıxarılsın.
"Məhkəmə prosesləri tez-tez təyin olunur”
Bundan sonra məhkəmə keçmiş deputata son söz verib. Amma G.Əhmədova çıxışa hazır olmadığını söyləyib: "Məhkəmə prosesləri tez-tez təyin olunur. Mən özümü yaxşı hiss etmirəm. Təcridxanada isə yaxşı həkim yoxdur. Prosesə gələndə dərman içib, gəlirəm. Xahiş edirəm ki, yaxşı bir həkimin məni müayinə etməsinə köməklik göstərəsiniz. Həmçinin prosesdə vəkilimin yanında oturmağıma icazə vermənizi xahiş edirəm. Bu, iztirablardan bir qədər azad olmağıma kömək edər”. Keçmiş millət vəkili səhhəti ilə bağlı həkim nəzarətinə götürülməyini xahiş etsə də, onun bu xahişi hakim tərəfindən qəbul edilməyib. Məhkəmə heyəti bildirib ki, onların belə bir səlahiyyəti yoxdur. Bu qərarı yalnız Baş Prokurorluq verə bilər. G.Əhmədova isə qeyd edib ki, onunla eyni maddə üzrə ittiham olunan məhbəs yoldaşının bu cür vəsatətləri təmin edilib: "Hətta ona dəmir barmaqlıq arxasında deyil, vəkilin yanında prosesdə iştirak etməyə icazə verilib. O qadına deyiblər ki, sən qatil deyilsən, ona görə vəkilin yanında dayanıb, prosesdə iştirak edə bilərsən. Bəs, mən kimi öldürmüşəm? Niyə mənə qarşı ayrı-seçkilik edirsiniz?
Məhkəmə G.Əhmədovaya çıxış üçün vaxt verib. Proses dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra deputat G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.