Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər planı İrəvanda sarkazmla qarşılanıb. Belə ki, "facebook” sosial şəbəkəsində ermənilər tərəfindən yaradılan "İnqilab” adlı səhifədə ölkə vətəndaşlarını Rusiya dövlət başçısının rəsmi səfərinə etiraz etməyə çağırıblar. Artıq həmin səhifənin 1350 nəfər tərəfindən bəyənildiyi bildirilir. Səhifənin yaradıcıları Putinin gəlişinə etiraz etmək üçün barabanlardan, səs-küylü alətlərdən istifadə edəcəklər. Aksiya iştirakçıları Rusiya bayrağını da yandırmağı planlaşdırırlar.
Erməni vətəndaşlarının etirazlarını şərh edən politoloq Elşən Manafov isə "Şərq”ə açıqlamasında qeyd edib ki, buna səbəb Ermənistan əhalisinin əksəriyyətinin işsiz olmasıdır. Separatçı ölkədə sosial problemlər ermənilərin ölkəni tərk etmələrinin başlıca səbəblərindəndir: "Rəsmi statistikaya müraciət etsək, indiki halda işğalçı ölkədə 1 milyondan bir qədər artıq insan ola, ya olmaya. Ermənistanın özündə yaşanan sosial problemlər və mövcud problemlərin həlli istiqamətində Rusiya iqtidarının təcavüzkar ölkəyə maliyyə dəstəyi verməməsi Ermənistan vətəndaşlarını narahat edir. Digər tərəfdən Ermənistan sadəcə olaraq Rusiyanın forpostudur. Şimal qonşumuzun siyasi alətidir. Putin iqtidarı işğalçı rejimlə şəraitə uyğun olaraq davranır”.
Ekspertin qənaətinə görə, işğalçı ölkə yalnız hərbi deyil, iqtisadi baxımdan da Rusiyanın müvafiq şirkətlərindən asılıdır: "Qazprom istəyəndə, Ermənistana satdığı qazın qiymətini qaldırır. Bununla da destruktiv rejimə mesaj verir ki, əslində onlara da qazı Avropa Birliyinə daxil olan dövlətlərə satdığı qiymətlərə ixrac edə bilər. Hazırda Ermənistan enerji problemlərini özü həll etmək iqtidarında deyil. İqtisadiyyatına süpürgə çəkilmiş bir ölkədir. Üstəlik, Ermənistan ərazisində Rusiyanın 102 saylı hərbi bazası var. Putin bu günlərdə bəyan etdi ki, Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsi üçün Rusiya əlindən gələni əsirgəməyəcək. Hərbi hava qüvvələrinin imkanlarını gücləndirəcək. Amma Rusiyanın işğalçı rejimi silahlandırması sosial problemlər məngənəsində çapalayan erməni gəncliyinə və dövlətçiliyinə müsbət heç nə vəd etmir”.
E.Manafov bildirib ki, erməni prezidenti Serj Sarkisyanın "Gömrük İttifaqı” ətrafındakı məsələlərə siyasi iradə nümayiş etdirməsi və ya Ermənistanın Putin iqtidarının hazırladığı ittifaqa daxil olması işğalçı ölkə iqtidarının özünün korporativ maraqlarından irəli gəlir: "Ermənistan Qarabağ məsələsi üzərində hakimiyyətə gələn bir siyasi elitadır. Üstəgəl, Sarkisyan hakimiyyəti Putin iqtidarı ilə sıx bağlı olan bir iqtidardır. Baxın, zamanında Ermənistan tərəfinin Qarabağ münaqişəsinin tənzimlənməsi yönündə Azərbaycanla danışıqlara getmə ehtimalı və danışıqlarda münaqişənin həll ediləcəyi barədə perspektivlər yaranmışdı. Buna görə də Rusiya tərəfi separatçı ölkə parlamentini güllələdi. Məsələlərə "başına gələn başmaqçı olar” kontekstindən yanaşan Sarkisyan dərk edir ki, Rusiyaya qarşı addım atsa, çox amansız aqibət gözləyir. Bu baxımdan Ermənistan vətəndaşlarının addımları anlaşılandır”.
Ekspert onu da vurğulayıb ki, Putinin səfərinə etiraz olaraq İrəvanda geçiriləcək aksiyalar Kiyevin Maydan meydanında yaşanan çıxışlar kimi 100 minlərlə insanın etiraz mitinqinə çevrilməyəcək: "Ermənistan Ukrayna deyil. Ukrayna kimi nəhəng bir dövlət Putinin təzyiqlərinə duruş gətirə bilməyib AB Assosiativ üzvlüyündən imtina etdisə, deməli, Ermənistan Rusiya qarşısında dizi çökülü vəziyyətdədir. Rusiyanın bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq. Medvedyevin zamanında belə bir razılıq əldə edilib. Bu faktlar göstərir ki, yaxın 30-40 il ərzində Qərb tərəfdən ciddi dəstək olmayacağı halda Ermənistan iqtidarı Rusiya ilə münasibətlərə yenidən baxmaq fikrində olmayacaq. Nə qədər ki, Sarkisyan hakimiyyəti iqtidardadır, Rusiya ilə münasibətlər gərginləşməyəcək. Çünki Sarkisyan hakimiyyəti Ermənistanda siyasi olimpin zirvəzinə məhz rəsmi Moskvanın dəstəyi ilə qalxıb. Ona görə də rəsmi Moskva nə buyuracaqsa, təcavüzkar rejim də həmin sifarişləri yerinə yetirəcək. Ermənistan vətəndaşlarının pərakəndə hərəkatı isə heç nəyi həll etməyəcək”.