Noyabrın 26-sı Qafqazın ilk müstəqil telekanalı ANS TV-nin 22 yaşı tamam oldu. Bu kanal yarandığı ilk gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə də buna sadiq qalmağa çalışıb. Əslində kanalın yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin ab-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə, 1991-ci ildə üç nəfər gənc jurnalist - Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan televiziya xalqa qərəzsiz və vicdanlı informasiya verməyi qarşılarına məqsəd qoydular. Bununla da xalqın nüfuzunu qazandılar. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verən yaradıcı insanlardı.
Onların ən böyük arzusu isə televiziyanın və radionun daxil olacağı müstəqil media qrupu yaratmaq idi. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. Elə bu səbəbdən kanalın adı gələn zaman yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Məhz o kadrlar sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir. 1994-cü ildə televiziyanın yayımı dayandırılsa da, cəmi bir neçə saatdan sonra ümummilli lider Heydər Əliyevin müdaxiləsi ilə ANS-in təkrar yayımı bərpa edildi. O zaman çoxlarının ANS-in dəqiq, qərəzsiz və vicdanlı xəbərlərindən narahat olduğu bir vaxtda Heydər Əliyev ANS-ə dəstək oldu. Təsadüfi deyil ki, o, çıxışlarından birində daim ANS xəbərlərini izlədiyini bildirmiş və xəbərləri izlədikdən sonra bir sıra dövlət məmurlarına və rəsmilərinə tapşırıqlar verdiyini bildirmişdi. Vaxtilə yalnız "Xəbərçi” verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir Mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı, Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS PRESS Nəşriyyat Evi və "BakıFilm” Kinostudiyası da daxildir. Televiziya efirindəki bir çox boşluqları dolduran ANS cəmiyyətə pafosdan uzaq xəbər vermək mədəniyyətini gətirdi.
ANS TV-nin xüsusi müxbiri, teleaparıcı Ləman Əliəşrəfqızı öz ailəsi hesab etdiyi telekanalın 22-ci yaş günündə bunları deyib: "ANS haqda danışmaq öz ailən haqqında danışmaq qədər asan və çətindir. Bu asan və çətin işi görmək üçünsə, yəqin azı mənim qədər çalışmaq lazımdır. Düz 10 ildir ki, mən ANS-dəyəm. ANS isə 22 ildir ki, Azərbaycan xalqının xidmətindədir. Bəli, mən bunu əsl xidmət sayıram. O zaman üçün də bu belə idi, bu gün də belədir. ANS yaranana qədər Azərbaycan tamaşaçısı sözün əsl mənasında teatr tamaşaçısıydı. İstənilən tamaşaya oturub həvəslə baxar, sonra növbəti həftənin proqramını tamaşa və ya konsert tapmaq ümidiylə ələk-vələk edərdi. Bu proqramda xəbərlərin də yeri vardı təbii. Amma tamaşaçı üçün bu çox da maraqlı deyildi. Yəni tamaşaçı əsl xəbərdən xəbərsiz idi. Verilən xəbərlər isə monoton, boz, tamaşaçının zövqünü oxşamayan xəbərlərdi”. Teleaparıcı qeyd edir ki, hər gün efirdə səslənən "Allah amanında” kəlməsi 70 il ərzində elmi ateizmi öyrənən tamaşaçı üçün bir yenilik idi: "Meydanda üçrəngli bayrağımızın dalğalandığı bir vaxtda mağazalarda Sovet Azərbaycanının bayrağına kəsilən qiymət, qıtlıqdan əziyyət çəkən azərbaycanlını ət və ət məhsullarının qiymətindən az maraqlandırmırdı. Amma daha maraqlısı Dağlıq Qarabağ ətrafında baş verənlər idi. Hansı ki, hər evdən azı bir nəfər elan olunmamış müharibəyə cəlb olunurdu. Kim istəməzdi ki, öz əzizinin üzünü televizorda görsün, doğmasından xəbər tutsun? Xəbər çatdırmaq missiyasını üzərinə götürən ANS-çilər bunu vicdanla həyata keçirirdilər. Əslində o zaman "bunu efirə vermək olarmı?” sualı bu gündən fərqli olaraq bizi çox düşündürürdü. Amma ANS-in 22 illik fəaliyyəti sübut etdi ki, millət üçün xeyirli olan hər şey efirə verilə bilər. Bu işi bacaranlara "sağ ol” deyirik. ANS-ə sağ ol deyirik. Nə yaxşı ki, var və nə yaxşı biz onun sıralarındayıq”.
"ANS-in eksklüziv keyfiyyəti budur ki, o, müharibədən yaranıb. Onun əsas fəaliyyəti bir teleagentlik kimi dünyanın əsas informasiya qurumlarını Azərbaycanda gedən proseslərlə bağlı məlumatlarla təmin etmək idi. Çətinliklərin öhdəsindən isə yəqin ona görə gələ bildik ki, bunu ilk növbədə Allah istədi. Yoxsa Azərbaycan kimi mürəkkəb ölkədə çoxdan tarixin bir ucqarına atılmışdıq...”
Bu sözlər isə ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Əməkdar jurnalist Mirşahin Ağayevə aiddir. M.Ağayev qeyd edir ki, televiziya yaratmaq ideyasını Vahid Mustafayev irəli sürəndə onun həyata keçəcəyinə çətinliklə inanırdı. Çünki kooperativ təşkilatlar və müstəqil qəzetlər görən cəmiyyət müstəqil televiziya barədə hər hansı təəssürata sahib deyildi: "Qarmaqarışıqlıq müəyyən mənada işimizə yaradı. Azadlıq hərəkatının yaratdığı fon bizə işlədi. ANS 1992-ci il, martın 9-da qeydiyyatdan keçəndə artıq prezident hakimiyyətdən kənarlaşdırılmışdı, onu əvəz edən qüvvələr isə kimisə təslim etməkdə, kimisə təhvil verməkdə idilər. O basabasda kimin ağlına gələrdi ki, televiziya, özü də müstəqil televiziya yarana bilər?” Telejurnalist vurğulayıb ki, ANS-dən yox, efirdə görünən hadisələrdən öyrənmək lazımdır: "ANS özü də hər gün öyrənir. Əlbəttə, jurnalistikamızın səviyyəsi məni qane etmir. Amma mən buna görə kimisə günahlandırmıram. Bu jurnalistikanın yaranmasında mən də iştirak etmişəm və edirəm. Deməli, mənim öz fəaliyyətim də hansısa məqamda məni qane etmir. İşləmək lazımdır, gərgin işləmək”.
ANS ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya kimi hər zaman xalq arasında geniş nüfuza malik olub. Ölkənin ictimai xadimləri və sadə vətəndaşları üçün ANS telekanalının özünəməxsus yeri var. Görəsən, 22-ci yaş günündə tanınmış və ya tanınmamış insanlar ANS-ə nə arzulayırlar?
Millət vəkili, akademik Nizami Cəfərov: "ANS ölkənin ilk müstəqil kanalıdır. Çox mürəkkəb tarixi şəraitdə yaranıb. Burada çalışan jurnalistlər hər işi ləyaqətlə görüblər. Müəyyən dövrlərdə qalmaqallı hadisələrin müşahidəçisi olub. Polemikalarda iştirak edib. Ölkə mətbuatına yeniliklər gətirib. Yeni elementlər gətirib. ANS-in apardığı eksperimentlər mətbuatın inkişafına səbəb olub. Mən ANS-in ad gününü təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan dövlətçiliyinin, dilinin və ədəbiyyatının mövqeyində dayansınlar”.
Xalq şairi Vaqif Səmədoğlu: "ANS mənim üçün doğma kanaldır. Hər gün baxdığım televiziyadır. ANS-in bir çox verilişlərini izləyirəm. Uğurlarını davam etdirsinlər. Çətinliklərdən, problemlərdən, uğursuzluqlardan qorxmasınlar. ANS kanalı Azərbaycan tarixinin ən parlaq, ən gərəkli səhifələrini yazıb. ANS-in əməkdaşları cəbhədə yeri gələndə silah da götürüblər. Özləri müstəqil işləyiblər. Heç bir partiyanın tərkibində olmayıblar. Vətənpərvərliklə daim seçiliblər. Təbrik edirəm və uğurlar arzulayıram”.
Politoloq Rasim Ağayev: "ANS mənim üçün doğma bir məkandır. Çünki 1990-cı illərdə ötən əsrin bütün ağırlıqlarını öz üzərində daşıyıb. Azərbaycan müstəqillik dövrünə qədəm qoyanda sövet dövrünün hakim partiyaları, orqanlar faktiki olaraq dağıldı. Onların yerinə xarici qüvvələrin orqanları yarandı. Bir siyasi qüvvənin yerinə digər siyasi qüvvə gəldi. O dövrdə müstəqil kütləvi informasiya vasitələrinə ciddi ehtiyac yarandı. Həmin vaxt mən rəhmətlik Çingiz Mustafayevlə tanış oldum. İndiyə qədər də Çingiz Mustafayevin reportajları sayəsində Azərbaycanın başına gətirilən oyunlar dünya ictimaiyyətinə çatdırılır. Onunla birgə Rauf Talışınski və digər şəxsləri də tanımağa başladıq. O dövrlərdə aparıcı-jurnalistlər Vahid Mustafayev və Mirşahin Ağayev hadisələrin ən qaynar nöqtələrindən məlumat verirdilər. Yavaş-yavaş Azərbaycanda müstəqil xəbər orqanları formalaşmağa başladı. Bu mətbu orqanların bayraqdarı ANS kanalı oldu. Son 30 il ərzində keçdiyimiz ən çətin dövrdə ANS bizim üçün ən düzgün və qərəzsiz mənbə olub. ANS-in müxbirləri, redaktorları, rəhbərləri çətin vəziyyətlərdə onlara olunan təzyiqlərə baxmayaraq, obyektivliyi, qərəzsizliyi qoruyublar. Onlar öz təşkilatlarını genişləndiriblər. Bu dəqiqə Azərbaycanda da, xaricdə də ANS ən düzgün və dəqiq informasiya mənbəyi kimi qəbul olunur, izlənir. ANS-in bütün kollektivini təbrik edirəm və uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə də obyektiv və operativ kanal kimi addımlayacaq”.
Yazıçı Çingiz Abdullayev: "O vaxt düşünürdük ki, görəsən, ANS nə qədər öz səviyyəsini saxlaya biləcək? Doğrudan da keçən illərdə ANS öz səviyyəsini saxladı. Yadımdadır, hamı necə həyəcanla Çingiz Mustafayevin çəkdiyi kadrları izləyirdi. Biz hamımız onların reportajlarını izləmişik. Bu, kanalın yaradıcı kollektivinin çox böyük uğurudur. Arzu edirəm, ANS daim bu səviyyədə qalsın. Bundan sonra daha böyük uğurlar qazansın”.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Həsən İsrafilov: "Müstəqil Azərbaycan tarixində ANS kanalının böyük rolu var. Təsadüfi deyil ki, ümummilli liderimiz H.Əliyev də çıxışlarının birində vurğulayıb: "Mən ən qaynar xəbərlərə ANS televiziyasında baxıram”. Məncə, ANS-ə bundan böyük qiymət vermək olmaz. Düşünürəm ki, bu, kanalın əməkdaşlarının peşəkarlığından xəbər verir. ANS-ə həmişə birinci olmağı arzulayıram”.
Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı Səbuhi Xəyalov: "ANS kanalı mənim üçün azadlığa yaxın olan bir kanaldır. İstəyirik ki, kanal daha çox azadlıq ruhunda olan verilişlərini davam etdirsin. Daim olduğu kimi döyüşkən olsun. Vətənpərvər verilişlərinin sayını artırsın”.
Zərgər Bayram Nuriyev: "ANS Azərbaycanda yeganə düz informasiya verən kanaldır. Kanala yaxşı güzəran arzulayıram”.
Təqaüdçü Yaqut Kərimova: "Həmişə işlərimi bitirib, televiziyaya baxmağa oturanda, birinci növbədə ANS kanalını açırıq və xəbərlərə baxırıq. Ölkədə baş verənlər haqqında yalnız ANS-dən öyrənirik. Çünki ancaq ona inanırıq”.
Dərzi Ülviyyə Kərimova: "Bütün günü işdə olduğum üçün xəbərlər haqqında yalnız axşamlar məlumat almalı oluram. Xəbərləri yalnız ANS-dən izləyirəm. Bundan başqa, maraqlı verilişlərini də izləyirəm. Kanalın ad gününü təbrik edirəm. Bütün əməkdaşlarına uğurlar arzulayıram”.