Kredit, borc yükü...

İnsanı intihar kəndirinə doğru aparır



"Bank of Baku”nun Nərimanov filialında çalışmış paytaxt sakini Rauf Abdullayevin intiharının səbəbləri hələ də bilinmir. Faciə baş verəndən sonra yayılan məlumatlarda bank işçisinin heç kəsə borclu olmadığı, təminatlı yaşayışa malik olması açıqlanırdı. Mərhumun üzərindən tapılmış məktubda da yazılmışdı ki, "heç kimdən narazılığım yoxdur. Heç kimi mənim ölümümdə günahlandırmayın”. Bəs necə olur ki, maddi sıxıntısı, işdə, evdə problemi olmayan bir insan intihara əl atır, həyatla vidalaşır? Əlbəttə, bu suallara cavab tapmaq istintaqın vəzifəsidir. Amma təminatlı həyat sürən bank işçisinin səbəbsiz yerə canına qəsd etməsi də heç cür inandırıcı görünmür.

O baxımdan ki, son vaxtlar intihara əl atanların böyük hissəsinin külli miqdarda borcları olması, ailələrini keçindirə bilmədikləri aydınlaşırdı. Kreditlərin, bank faizlərinin bir çox ailələrin faciəsinə gətirib çıxardığı da məlumdur.

Kreditlər, bank faizləri Azərbaycan insanının qorxulu röyasına çevrilib. Araşdırılsa, məlum olar ki, bəlkə də əhalinin hər iki nəfərindən biri banka faiz ödəyir. Mənzil, avtomobil, hətta ev əşyaları da əksər vaxtlarda kreditə alınır. Krediti ödəməyin vaxtı çatanda isə kimisi əmək haqqını, kimisi aldığı zəhmət haqqını səbirsizliklə gözləyir ki, dərhal boynundakı bank borcunu ödəsin. Hələ borc içində itib-batanları demirik.

Bəzən də borc yükü altında əzilən insan çarəni başını götürüb o dünyaya getməkdə görür və bu hərəkəti ilə ailəsini daha da çətin vəziyyətə salır. Kredit, borc yükü insanı intihar kəndirinə doğru apara bilərmi?

İqtisadçı Vüqar Bayramov "Şərq”ə açıqlamasında bildirdi ki, banklardan kredit götürənlərin sonra bu faizi ödəyə bilməməsi bəzən faciələrə səbəb olur. Burada da əsas səbəb insanların düzgün seçim etməməsi, gəlirlərini düzgün hesablamamasıdır:

- Azərbaycanda son illər istehlak kreditlərinin sayı artıb. Banklardan alınan kreditlərin 38 faizini istehlak kreditləri təşkil edir. Son bir ildə isə istehlak kreditlərində 27 faiz artım var. Bu da vətəndaşların banka borclanması deməkdir. Mərkəzi Bankın məlumatına görə, hazırda 1 milyon 600 min nəfərin banklara kredit borcu var.

Bankdan kredit almaq vətəndaşın asılılığını artırır. Banka borcun qaytarılmasında da problem yaranır. Bir bankın borcunu ödəmək üçün bəzən vətəndaşlar digər banklardan kredit götürür. Piramida sistemi ilə hərəkət edirlər. Lakin bu, çox vaxt problemi həll etmək əvəzinə daha da ağırlaşdırır. Vətəndaş artıq bir banka deyil, iki və daha artıq sayda banka borclanır ki, bu da onun maddi vəziyyətini dözülməz hala çatdırır.

Bankların da üzərinə məsuliyyət düşür. Çünki banklar vətəndaşın ödəmə qabiliyyətini öyrənmədən kredit verir, sonra da faizi almaqda çətinlik çəkirlər. Beləcə vətəndaşa basqılar, təzyiqlər başlayır. Bir çox hallarda daşınmaz əmlakını girov qoymuş şəxs ondan imtina etmək məcburiyyətində qalır. Və ya bank girov əmlaka "əl qoyur”. Belə halda vətəndaşın ağır yükdən "xilas” yolunu intiharda, bəzən qaçıb gizlənməkdə görməsi də istisna edilmir.

V.Bayramov qeyd etdi ki, banklarla bağlı problem kifayət qədər ciddidir. İstehlak kreditlərinin alınmasındakı say artımına baxmayaraq geri ödəmələrlə bağlı da ciddi problemlər var:

- Kommersiya bankları tərəfindən verilmiş 13.5 milyard manatlıq kreditin 8 milyonunun geri qaytarılması faktiki mümkün deyil. Bu, artıq "ölmüş kredit” sayılır. İnsanların kredit borclarını ödəyə bilməməsinin əsas səbəbi bankların yüksək faiz təyin etməsidir. Hazırda bank faizlərinin orta göstəricisi 26-dır. Bu faiz göstəricisi ilə Azərbaycan ən yüksək bank faizinə görə MDB məkanında Ukrayna və Belarusdan sonra üçüncü yerdədir. Kredit faizləri yüksək olduğuna görə insanlar onu ödəməkdə çətinliklə üzləşirlər və borcları da getdikcə artır. Amma burada insanların ödəmə qabiliyyətini düzgün hesablamaması da böyük əhəmiyyət daşıyır. Bir sıra hallarda vətəndaşlar mövcud imkanlarını düzgün qiymətləndirmir. Əməkhaqqı aşağı olduğu halda yüksək faizlə bankdan kredit götürür. İş yerinin sığortalanmadığını da düşünmür. Ertəsi gün iş yeri bağlananda, ya da hansısa bir səbəbdən iş yerini itirəndə çətin duruma düşür. Bank faizini ödəyə bilmir, borc içində qalır. Banklardan kredit alınmasını sosial vəziyyətin ağırlığı ilə izah etmək düzgün olmaz. İstehlak kreditlərinə bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə də tələbat var. Sıravi vətəndaşlardan tutmuş, iş adamlarınadək bir çox insan biznesini kredit götürmələr hesabına qurmağa çalışır. Adi vətəndaşlarsa aylıq gəlirlərini, ailəyə daxil olacaq vəsaiti hesablayıb müəyyən bir iş üçün kredit götürürlər. Bu mexanizm sabit gəlir olan yerlərdə müsbət nəticə verir. Amma o yerdə ki, gəlirlər sabit deyil, əməkhaqqı almamaq təhlükəsi qalır, bir tərəfdən də kölgə iqtisadiyyatı, müəyyən sahələrdə monopoliyalar var, əlbəttə, orada bankdan yüksək kredit götürüb irihəcmli layihələrə yatırmaq risklidir. Bu gün insanlar var ki, bank faizini ödəyə bilmədikləri üçün evlərini, mənzillərini satıblar, kirayədə yaşayırlar. Bu bir tərəfdən insanların perspektivi düzgün qiymətləndirməməsi ilə əlaqəli ola bilərsə, digər tərəfdən sağlam rəqabət mühitinin olmaması ilə bağlıdır.

V.Bayramov bank işçilərinin sənədlərə imza atarkən məsuliyyətli olmağı tövsiyə etdi:

- Bəzən belə məlumatlar gəzir ki, hansısa bankda işçiləri müxtəlif sənədlərə imza atmağa razı salırlar. Bütün hallarda bu tip məlumatlar varsa, istintaq orqanları onları araşdırmalıdır. İstənilən halda dövlət qulluqçusu hər hansı sənədə imza atırsa, onun məsuliyyətini də düşünməlidir. Bu gün müdir deyirsə ki, sən bu sənədi imzala, gerisi ilə işin yoxdur, o şəxs bilməlidir ki, çox çətin duruma düşə bilər. Cavabdeh sənədi imzalayandır, buna təhrik edən deyil. Bunları nəzərə alaraq vətəndaşlarımız həm kredit alanda, həm də hər hansı sənədə imza atanda diqqətli olmalıdırlar, bilmədikləri, ehtiyat etdikləri məsələlərdə mütəxəssislərlə məsləhətləşməlidirlər. Və lazım gələrsə, hüquq-mühafizə orqanlarına, vergi orqanlarına xəbər verməlidirlər.