Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların heç bir nəticə verməməsi, Azərbaycan tərəfinin isə səbrinin tükənməsi müharibə ehtimalının yüksəldiyi qənaətini yaradır. Bir çox ekspertlər bildirirlər ki, konfliktlə bağlı danışıqlar nəticə vermirsə, problemin yeganə həlli variantı hərbi əməliyyatların bərpa olunmasıdır.
Azərbaycanın müharibəyə başlayıb, onu uğurlu sonluqla bitirəcəyini söyləyənlər də kifayət qədərdir. Çünki Azərbaycanın güclü ordusu və iqtisadi göstəriciləri var. Belə güclü dövlətin qarşısında isə işğalçı Ermənistanın tab gətirə bilməyəcəyi aydındır.
Müşahidəçilər isə bildirirlər ki, torpaqlarının işğalı ilə barışmayan Azərbaycan hər an müharibəyə başlaya bilər. Bunun hətta 2014-cü ilin başlanğıcında baş verə biləcəyi də ehtimallar sırasındadır.
Qeyd edək ki, bir neçə ay öncə əksər rusiyalı politoloqlar da iddia etmişdilər ki, 2014-cü ilin əvvəllərində Azərbaycan Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, son günlər qoşunların təmas xəttində atəşkəs rejiminin tez-tez pozulması haqqında məlumatlar gəlir. Bu halların isə başlanğıc olduğunu iddia edənlər var. Amma bir sıra politoloqlar da var ki, hazırkı mərhələdə müharibənin Azərbaycan üçün yaxşı nəticə verməyəcəyini bildirirlər. Əsas da o gətirilir ki, münaqişənin sülhlə həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu ölkələri hərbi əməliyyatların başlamasını arzulamırlar. Onların bəyanatlarında isə biz "problemin sülh yolu ilə həllinə alternativ yoxdur” ifadələrinə rast gəlirik. Xüsusən də Qarabağ konfliktinin yaranmasında önəmli rol oynamış Rusiyanın mövqeyi aydındır. Moskva Qarabağ probleminin donmuş vəziyyətdə saxlanmasında, danışıqların davam etdirilməsində maraqlı olduğunu göstərir. Elə Qərb dairələri də regiondakı maraqları baxımından müharibə variantına razı deyillər. Digər həmsədrlər də Rusiya kimi danışıqların davamının tərəfdarıdırlar. Amma məsələ ondadır ki, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən münaqişənin sülhlə həllinə nail olmaq mümkün görünmür.
Politoloq Qabil Hüseynli hesab edir ki, bu, qlobal bir problem olduğundan, məsələyə bir qədər geniş rakursdan baxmaq lazımdır. Onun sözlərinə görə, müharibənin başlaması ilə bağlı konkret vaxt deməkdən öncə problemin ətrafında olan geosiyasi vəziyyəti dəyişməyə çalışmaq lazımdır: "Həmin şərtlər bizim xeyrimizə dəyişməsə, müharibəyə başlamağa dəyməz. Rusiya bugünkü kimi Ermənistanın arxasında dayanacaqsa, Dağlıq Qarabağa ediləcək hücumu Ermənistana qarşı təcavüz kimi qəbul edəcəksə, demək, o zaman müharibənin başlanması üçün əlverişli siyasi mühit yoxdur. Biz ilk əvvəl Rusiyanın proseslərə müdaxiləsinin qarşısını alan tədbirlər görməliyik. Məsələn, Qərblə daha da yaxınlaşma siyasətini həyata keçirə bilərik, NATO-ya üzv olmaq üçün müraciət etmək olar. Bir sözlə, Rusiyanı neytrallaşdıracaq addımlar atmaq lazımdır”.
Rusiyanın proseslərə müdaxiləsinin azaldılmasına nail olmağın təmkinlə mümkünlüyünü bildirən politoloqun qənaətincə, belə işlər sistemli şəkildə həyata keçməlidir: "İlk əvvəl Rusiyaya başa salınmalıdır ki, Dağlıq Qarabağın ətrafında olan rayonların işğaldan azad edilməsi əməliyyatına başlamağa Azərbaycanın həm mənəvi, həm də hüquqi haqqı çatır. Məsələ burasındadır ki, ermənilər yalnız Dağlıq Qarabağla kifayətlənmir. Onlar Dağlıq Qarabağın ətrafında olan rayonların da işğaldan azad edilməsində şərtlə danışır. Gedən danışıqlarda ermənilər heç həmin rayonlardan ikisinin qaytarılmasına razı olmadı. Bu səbəbdən də problem kənardan göründüyü qədər də asan deyil. Bəzi ekspertlər deyir ki, müharibəni başlayıb 15 günə hər şeyi həll etmək olar. Bu, qüvvələr nisbətini düzgün qiymətləndirmədən verilən proqnozlardır. Siyasi situasiyanı dəyişmədən biz müharibəyə başlasaq, Rusiya birmənalı şəkildə Ermənistanı müdafiə edəcək. Onda da biz uduza bilərik. Dediyim məsələlər öz həllini tapsa, istənilən vaxt hərbi əməliyyatlara başlamaq olar”.