Kozlariçin proqnozları özünü doğrultmayacaq

Əgər İranla-Qərbin razılaşması yaşam qazanarsa, bu vəziyyətdən Azərbaycanın da öz uduşları olacaq


"Qərb İranla barışarsa, Azərbaycan çətin duruma düşəcək”. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Qərblə İran arasında əldə olunan razılaşmanın Azərbaycanın mövqeyinə təsiri barəsində danışarkən deyib. Kozlariçin sözlərinə görə, hazırda Qərbin iqtisadi sanksiyaları qaldırmaq qarşılığında İranın nüvə proqramını məhdudlaşdırmaqda nə qədər ciddi olduğunu söyləmək çətindir.

Amma iranlılar dediklərinə əməl etsələr, onda Azərbaycan Xəzər regionunda çox dramatik çətinliklərlə üzləşəcək və Avropa, Türkiyə bazarlarına qaz çıxaracaq rəqib ixracatçı ilə üzbəüz qalacaq. Kozlariçin "uzaqgörənliyini” şərh edən ekspertlər keçmiş səfirin proqnozlarını düzgün hesab etmirlər.

"Orta Doğu” Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan qeyd edir ki, əgər "altılıq” ölkələrlə İran arasındakı razılaşma uğurla davam edərsə, dünyanın neft-qaz bazarına yeni oyunçu gələcək. Amma bunun Azərbaycana ciddi təsir edəcəyini söyləmək düzgün deyil: "Ümumi götürəndə Rusiya və ya Səudiyyə Ərəbistanla müqayisədə Azərbaycan dünya bazarına nəzərəçarpacaq dərəcədə neft və qaz çıxartmır. Onsuz da indiyə qədər İran dünya bazarına öz məhsullarını çıxarırdı. Sadəcə burda məsələ ondan ibarətdir ki, artıq dünyada neft və qaz kəmərlərinin təkxətliliyi məsələsi unudulub. Bu, Böyük Britaniyanın baş naziri Çörçilin layihəsi idi. İdeyaya əsasən neft-qaz kəmərləri diversifikasiya edilir, yəni şəbəkələşirdi. Elə Azərbaycandan gedən enerji xətləri də bu şəbəkəyə daxil olan neft-qaz kəmərlərindəndir. Yəni istənilən dəyişikliyin olmasına baxmayaraq, İran və Azərbaycan neft-qazının hərəsinin öz alıcısı var. Belə baxsaq, Rusiya və Ərəbistan da neft-qaz bazarında Azərbaycanın rəqibidir. Amma indiyə kimi heç bir ölkə digərini sıxışdırmayıb”.

"Bundan sonrakı perspektivdə nə baş verə bilər” - sualına isə politoloqun cavabı belə olub: "Əgər karbohidrogen daşıyıcısı olan bütün dövlətlər mallarını ucuz satmağa məcbur olarsa, bu halda dünya bazarında neft və qazın qiyməti də ucuzlaşar. Amma Böyük və Yaxın Şərq planı hələ qurtarmayıb. Bunun ardınca Ərəbistanda və neft emal edən digər ölkələrdə yeniləşmə məsələsi də ortalığa çıxacaq. Yəni nə olursa olsun, Azərbaycan neft və qazının alıcısı davamlı olacaq və ölkəmiz ciddi itkilər verməyəcək. Çünki dünya bazarında rəqibin olması o anlama gəlmir ki, kimsə gəlib sənin dükanın yanında mağaza tikirsə, deməli sən "bankrot” olacaqsan. Bazarın öz qayda-qanunları var. Alış-verişlər beynəlxalq müqavilələrə əsasən həyata keçirilir. Burda əsas məsələlərdən biri qiymətin müəyyən edilməsidir ki, o da bazarın tələb və təklifləri üzərində qurulur və tənzimlənir”. S.Soltan əldə edilən razılaşmanın müsbət tərəflərindən də danışıb: "Prosesin 6 aydan sonra hansı nəticə ilə bitəcəyini dəqiq demək mümkün deyil. Ancaq bir şeyi qeyd etmək olar ki, razılaşma İrandakı milyard sahibləri üçün əlverişli və sevindirici haldır. İranla qərb arasındakı razılaşmanın bizim üçün müsbət tərəfi isə odur ki, əhalisinin yarıdan çoxu Azərbaycan türkü olan qonşu dövlət dağılıb məhv olmayacaq. Çünki regionda istənilən hərbi əməliyyatlar bölgədəki digər dövlətlər üçün də ciddi təhdid ünsürüdür. Bu baxımdan Azərbaycan da qərblə İran arasındakı problemlərin dinc və danışıq yolu ilə həll edilməsinin tərəfdarıdır və bundan qətiyyən narahatlıq duymur”.