Noyabrın 24-də "Jurnalistlərin dostu” mükafatı ilə təltif edilən Prezident İlham Əliyevin təqdimetmə mərasimini media nümayəndələri ilə dialoqa çevirməsi və jurnalistlərin problemlərini dinləməsi ölkə gündəmində müzakirə edilən əsas məsələyə çevrilib. Görüşlə bağlı təəssüratlarını mətbuata danışan media nümayəndələri ölkə başçısının baş redaktorlarla səmimi görüşünü prezidentin jurnalistlərin dostu olmasının əyani sübutu kimi dəyərləndiriblər.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yaxın günlərdə görüşün müsbət nəticələrini görəcəyimizi deyib: "Cənab prezident çıxışında bildirdi ki, mətbuatın bəzi problemləri məmurların efirdən onu dinləməsi ilə qısa müddətdə öz həllini tapacaq. Digər problemlər isə daha sonra şəxsən prezidentin tapşırığı və göstərişi əsasında həll ediləcək. Biz artıq müsbət nəticələrin şahidi oluruq. Mən bəzi köşklərə baş çəkdim. Gündəlik qəzetlərin önə çıxarılmasında kifayət qədər yeniliklər var”. M.Ələsgərli görüşün effektini təkcə qəzet yayımı və digər problemlərin həlli istiqamətində aparılan işlərlə bağlamır və bildirir ki, görüşün keçirilməsinin özü kifayət qədər müsbət nəticədir: "Görüş istər cəmiyyətə, istərsə də məmur aparatına verilən bir mesaj idi. Dövlət rəhbəri əyani şəkildə göstərdi ki, daim media işçilərinin yanındadır. Prezident cəmiyyətin bütün qütblərinə mesaj verməklə azad medianın tərəfində olduğunu isbatladı. Ölkə başçısı vurğuladı ki, Azərbaycanın gələcək perspektivini medianın inkişafı olmadan təsəvvür etmək çətindir”.
MŞ-nin İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev də görüşün çox önəmli olduğunu deyib. Ü.Mirzəyevin sözlərinə görə, mətbuatımızın daha yaxşı inkişafı üçün görüşün çox ciddi təsiri olacaq: "Həmkarlarım çıxışlarında medianın problemləri ilə yanaşı, indiyə qədər cənab prezident sayəsində əldə etdiyimiz uğurlardan da danışdılar və öz təkliflərini verdilər. "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yayım problemlərindən söz açdı. Prezident görüşdə çıxış edən hər kəsi çox diqqətlə dinlədi və qeydlərini apardı. Daha sonra çıxış edən ölkə rəhbəri mətbuatdakı problemlərlə bağlı öz tövsiyələrini və fikirlərini bildirdi. Prezidentin səmimi çıxışı medianın bütün problemlərinə işıq tuta biləcək tərzdə idi”.
Ü.Mirzəyev hesab edir ki, görüş təkcə Azərbaycan jurnalistikasının nümayəndələrinə deyil, bütün cəmiyyətə ünvanlanmışdı: "Prezidentin çıxışındakı əsas mesajlardan biri o idi ki, media cameəsi xaricdən dövlətimizə ünvanlanan qarayaxma kampaniyasına qarşı birləşməli, həmrəy olmalıdır. Biz də mətbuat işçisi olaraq bu həmrəyliyi dəstəkləyirik. Mən və həmkarlarım bir daha əmin olduq ki, ölkə rəhbəri mətbuatın qoruyucusudur. Prezidentin mükafat mərasimini öz iqamətgahında keçirməsi və görüşü qarşılıqlı dialoqa çevirməsi mətbuatımıza olan xüsusi diqqət və qayğının təzahürü idi. Bu mənada cənab prezidentə öz təşəkkürümü bildirirəm”.
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də deyib ki, ölkə prezidenti ilə keçirilən görüş çoxməzmunlu və təəssüratlı görüş oldu: "Görüşə bir dəfə olub-bitmiş kimi baxmaq düzgün deyil. Orda səsləndirilən fikirlər həm mediada, həm də ictimaiyyət arasında geniş müzakirə olunacaq. İstər prezidentin çıxışı, istərsə də digər çıxışçıların verdiyi təkliflərlə bağlı uzun müddət iş gedəcək”.
A.Quliyevin sözlərinə görə, Prezident çıxışında ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq aləmə də çox maraqlı mesajlar verdi: "Görüşdə medianın bugünkü peşəkarlıq vəziyyəti, jurnalistlərin sosial vəziyyəti ilə bağlı çox maraqlı mesajlar verildi. Hələ də mətbuatımızda rast gəlinən siyasiləşmiş, partiyalaşmış məsələyə toxunuldu. Prezident çox düzgün buyurdu ki, partiyalaşma və siyasiləşmə mətbuat üçün bir buxovdur və medianın inkişafına maneçilik törədir”.