"Selektiv abortlarda ananın mövqeyi öyrənilmir" - Ər, qaynana...




"Qanunsuz abortlar dedikdə ana bətnində 3 aydan böyük dölün abort etdirilməsi nəzərdə tutulur”.

Bu barədə Sherg.az-a qanunsuz abortlara qarşı cərimələrin artırılmasına münasibət bildirərkən "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Zeynalova deyib. 

O bildirib ki, bu, birbaşa cinayət məsuliyyəti kimi nəzərdə tutulur:

"Tibb məntəqəsindən kənarda abortların həyata keçirilməsi də qanunsuzdur. Düşünürəm ki, bu zaman müxtəlif cərimələr həyata keçirilməlidir. Elə formada həyata keçirilən abortlarda infeksiyaların yayılması, bir sıra xəstəliklərin, hepatitin ötürülməsi, eyni zamanda qadın orqanlarının, uşaqlığın pozulmasına gətirib çıxara bilər. Bu zaman cərimə edilməsi azdır. Cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələnin aradan qaldırılması üçün ailə quran insanların, xüsusilə gənclərin "ailə planlaşdırılması” haqqında məlumatlı olmasıdır. Çünki bəzi hallarda qadınlar hər il doğur və ya hər il abort etdirir. 

Qoruyuculardan istifadə etmir və bunu da öz həyat yoldaşlarına qəbul etdirə bilmirlər. Əksərən kişilər buna çox pis baxır və zorakılıqlar yaranır. Zorakılıqları dayandırmaq lazımdır ki, qadının öz ailəsində haqqını müdafiə edə bilməsi, fikrini deyə bilməsi imkanı yaradılsın. Əksər hallarda uşaqların dünyaya gəlməsində, abortlarda qadınların sözləri rol oynamır. Xüsusilə, selektiv abortlarda, qız uşaqlarının ana bətnində məhv edilməsində qadınların mövqeyi öyrənilmir. Daha çox ər, qaynana və qaynatanın fikri önəmli sayılır.Problemin həlli üçün paralel, kompleks tədbirlər həyata keçirilməlidir. Qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi vəziyyətinin gücləndirilməsi, qadının reprudiktiv sağlamlıqla bağlı məlumatlı olması, abortlarda qadının qərarının nəzərə alınması və 3 aylıqdan yuxarı olan dölün abort etdirilməsinin aradan qaldırılması bu məsələlərin həllinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin məbləği artırılır.

Aysel Aslan